» » » Azərbaycanda turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

Azərbaycanda turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

posted in: Xəbər | 0

Bu gün Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (elektron qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçirilib.

Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılıb.

Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualları cavablandırıb, rəy və təklifləri dinlənilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovbildirib ki, Agentlik hər zaman turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və digər sənaye üzvlərinin daha çox təşkilatlanmasını dəstəkləyir. Bu baxımdan, ötən il yaradılmış Azərbaycan Hotel Assosiasiyasını və yaxın günlərdə yaradılcaq Azərbaycan Bələdçilər Assosiasiyasını nümunə göstərmək olar.

Biznes hesabi

Onun sözlərinə görə, dövlət qurumu olaraq Dövlət Turizm Agentliyi ictimai təşkilatların fəaliyyətinə birbaşa müdaxilə etməsə də, hər bir qurumun formalaşması və işinin düzgün təşkilinə dəstək göstərməyə hazırdır.

“Bu sahədə əsas məqam həmin qurumların təmsil etdikləri tərəflərin problemlərini və təkliflərini Agentliyə çatdırması və bu məsələlərin həlli ilə bağlı birgə əməkdaşlığın qurulmasıdır”, – Kənan Qasımov vurğulayıb.

Xatırladaq ki, Vergi Məcəlləsində son dəyişikliklərdən sonra e-qaimənin turizm şirkətləri tərəfindən təqdim edilməsi ilə bağlı problemler yaranmışdı. Belə ki, dəyişikliklərdən sonra səyahət agentlikləri və tur operatorlar müştərilərinə vasitəçi qismində iştirak etdikləri xidmətlərlə bağlı e-qaimə verə bilmirdi. Bununla əlaqədar Dövlət Turizm Agentliyi ilə Vergilər Nazirliyi arasında problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapıb.

Belə ki, artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə, bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər.

Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergi tutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.