» » » Dünyanı yeni maliyyə böhranı gözləyir

Dünyanı yeni maliyyə böhranı gözləyir

posted in: Maliyyə, Xəbər | 0

Dünya iqtisadiyyatında sabitlik ilk baxışda təmin olunmuş kimi görünsə də, qlobal maliyyə böhranının baş verməsi üçün bütün zəruri şərtlər yaradılıb.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, qlobal maliyyə bazarlarında anormal əməliyyatların davam etməsi böhrana səbəb ola bilər.

Belə ki, dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Yaponiyada son istiqraz hərracında yerləşdirilən 4 mlrd. dollarlıq 2 illik istiqrazların faiz dərəcəsi -0,149% (mənfi) olsa da, tələbat təklifi 5 dəfə üstələyib. Mənfi faiz dərəcəsi onu göstərir ki, investorlar Mərkəzi Bankdan monetar stimullaşdırmanın bitməsini gözləmirlər. Nəticədə, aktivlərin qiyməti şişməyə davam edir.

Xatırladaq ki, hazırda dünyada mənfi faiz dərəcəsinə sahib olan istiqrazların həcmi 9 trln. dollar təşkil edir. Dövlət istiqrazlarının 85%-nin gəlirliliyi isə qlobal inflyasiya həddindən aşağıdır, yəni real olaraq mənfi gəlirliliyə sahibdir.

Ən çətin vəziyyətlə isə pensiya fondları üzləşib. Onlar, öz öhdəliklərini yerinə yetirmək üçün illik 7-8% mənfəət əldə etməlidir. Lakin 0% və ya mənfi faizli istiqrazlar onların maliyyə balansının kəsirini artırır. ABŞ-ın “Milliman” araşdırma şirkətinin məlumatına görə, 2012-2016-cı illərdə ABŞ-dakı pensiya fondlarının orta illik gəlirliliyi 1,31% təşkil edib. Kəsirin qarşısını almaq üçün fondlar daha riskli aktivlərə investisiya qoymağa məcbur olub. Məhz bu dövr ərzində pensiya fondlarının səhmlərə investisiyaları 19%-dən 24%-ə yüksəlib.

Digər problem isə mərkəzi bankların balanslarında olan yüksək həcmdə istiqrazlarla bağlıdır. İqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə alınan istiqrazların həcmi FED, ECB və BoJ-da hazırda 13,8 trln. dollar təşkil edir. Bu istiqrazların müddətinin bitmə dövrü yaxınlaşdıqca maliyyə riski daha da artır. FED-in istiqrazlarının əksər hissəsinin müddətinin 2020-2022-ci ildə bitməsi gözlənilir. Əgər FED yenidən maliyyələşdirmə əməliyyatı aparmasa, dünya üzrə aktivlərin qiymətinin ucuzlaşması qaçılmaz olacaq.

Mənbə: Report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published.