Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb.
Teleqram kanalımıza üzv olun
“2019-cu ilin əvvəlindən vergi qanunvericiliyində edilmiş dəyişikliklər kiçik sahibkarlıq subyektlərinin vergi yükünü aşağı salmaqla yanaşı, onların hesabatlılığında da müəyyən sadələşdirmələrin aparılması ilə müşayiət olundu. Sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salındı, bu vergini tətbiq etmək hüququ məhdudlaşdırılmış və gəlir (mənfəət) vergisi rejiminə keçmiş vergi ödəyicilərinə isə güzəştlər tətbiq edildi.
Sadələşdirilmiş verginin əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirdi. Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxslər uçot sistemini qurduqları halda daha aşağı vergi yükünə nail ola bildilər”. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Açıqlamada deyilir ki, bəzən əvvəlki vergi rejimi ilə hazırkı vergi rejiminin müqayisəsi verilərkən yanlış şərhlərə yol verilir:
“Bu cür şərhlərin bəzilərinə aydınlıq gətirmək istərdik.
Bunlardan biri – sadələşdirilmiş verginin hazırkı dərəcəsi (2%) ilə gəlir vergisi üzrə dərəcələrin (20% və ya 5%) müqayisə edilməsidir və vergi yükünün artdığı iddia edilir. Bu, vergi rejiminin tətbiqi xüsusiyyətlərindən xəbərdar olmamağın nəticəsidir. 2019-cu ilin 1 yanvar tarixinə qədər sadələşdirilmiş vergi mükəlləfiyyətində olan vergi ödəyicisi heç bir xərc nəzərə alınmadan ümumi hasilatından (dövriyyəsindən) Bakı şəhərində 4% vergi ödəyirdi.
Dəyişiklikdən sonra gəlir vergisi mükəlləfiyyətini seçən sahibkar öz xərclərini rəsmiləşdirmək və onları gəlirindən çıxmaqla vergi yükünü aşağı salmaq imkanı əldə edib. Belə ki, sahibkarların böyük əksəriyyətini təşkil edən mikro sahibkarlıq subyektlərinə gəlir vergisindən 75 faiz güzəşt hüququ verilib. Üstəgəl qeyri-neft sektorunun özəl bölməsində sektor əməkhaqqı üzrə 8 000 manatadək gəlirlər vergidən tam azad edildiyinə görə, kiçik sahibkar vergi yükünü əhəmiyyətli şəkildə aşağı salmış olub.
Vergi yükünün necə dəyişməsinə kiçik bir misalda baxmaq olar: Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4işçisi olan sahibkarın illik gəliri 120 000 manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir”.
Dəyişiklikdən əvvəlki vergi hesablaması aşağıdakı qaydada idi:
Sadələşdirilmiş vergi: 120 min (illik gəlir) * 4% (sadələşdirilmiş vergi dərəcəsi) = 4 800 manat
Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500 – 173 (yaşayış minimumu))* 14% * 12 ay = 2 197,4 manat, Cəmi isə 4 800 + 2 197,4 = 6 997,4 manat edir.
Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:
Gəlir vergisi: (120 000 (illik gəlir) – 108 000 (illik xərc))*20%*25% (mikro sahibkarlara təqdim edilən 75%-lik güzəşt) = 600 manat
Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500 * 0% * 12 ay = 0 manat
Cəmi: 600 + 0 = 600 manat
Beləliklə, dəyişiklikdən əvvəl vergi yükü 6 997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600 manat olub ki, bu da nəticədə sahibkarın illik vergi yükünün 6 397,4 manat azalması deməkdir.
Diqqət çəkmək istədiyimiz digər bir məsələ vergi və sosial sığorta hesabatlarının təqdim edilməsi ilə bağlıdır. Bəzi hallarda hesabatların təqdim edilməsinin mürəkkəbləşdiyi bildirilir. Məlum olduğu kimi, 2019-cu ildən başlayaraq sosial vergi yığımlarının Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsi vergi hesabatlarının təqdim edilməsi prosesində də yeniliklərlə müşayiət olunub.
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın yeni formaları, onların tərtib olunması qaydaları təsdiq edilib.
2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub. Kağız hesabatlarla yanaşı, sosial sığorta üzrə hesabatların elektron şəkildə təqdim edilməsi imkanı yaradılıb. Bu zaman fiziki şəxslər üçün “Asan imza”ya malik olmaq məcburi deyil.
Vergi ödəyicisi bəyannamələri elektron şəkildə göndərdiyi kimi, sosial hesabatları da eyni qaydada təqdim edə bilər. Sosial hesabatların hazırlanması sadə elektron qutulardan istifadə qədər asan və rahatdır. İşçisi olmayan sahibkar cəmi 4-5 klikdən istifadə etməklə hesabatı tamamlayaraq təqdim edə bilir.
Digər sahibkarlar üçün də bu proses əvvəlkinə nisbətən xeyli asanlaşdırılıb. Vergi və sosial ödəmələr isə elektronlaşdırılıb ki, bu proses də sahibkarın cəmi bir neçə dəqiqəsini ala bilər. Bununla yanaşı, hesabatların optimallaşdırılması və daha da sadələşdirilməsi istiqamətində davamlı tədbirlər görülməkdədir.
Ümumiyyətlə, aparılan təhlillər göstərir ki, vergi orqanlarına təqdim olunan bəyannamələrin və hesabatların böyük əksəriyyəti elektron şəkildə göndərilir. ƏDV ödəyiciləri, o cümlədən orta sahibkarlıq subyektləri üzrə bu göstəricilər 95 faiz üzərindədir. Vergi hesabatlarının təqdim olunması üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə, əsasən, mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan ödəyicilər müraciət edirlər.
Təəssüf ki, bir çox hallarda ödəyicilər bəyannamə və hesabatları son günə qədər saxlayır və bu, bəyannamələrin təqdimetmə müddətinin sonunda xidmət mərkəzlərində sıxlığa gətirib çıxarır. Vergi bəyannamələrinin və hesabatlarının elektron təqdim edilməsi mürəkkəb proses deyil, Vergilər Nazirliyinin hazırladığı video-təlimatlara baxan hər kəs bunu asanlıqla mənimsəyə bilər. Buna görə də sahibkarlar bu mərkəzlərə getmədən də elektron qaydada hesabatlarını verə bilərlər.
Vergi qanunvericiliyi kiçik sahibkarlar üçün kifayət qədər aydın və rahat şərtlər müəyyən edib. 2019-cu ildən gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarların dividendləri vergilərdən azad edilib, onlara sürətli amortizasiya normaları tətbiq etmək imkanı yaradılıb. Mikro sahibkarlıq subyektləri əmlak vergisindən tam həcmdə azad olunub. Müəyyənləşdirilmiş güzəştlər sistemi kiçik sahibkara daha əlverişli mühitdə çalışmaq, öz gəlirlərini artırmaq və reinvestisiya etmək imkanları yaradıb.
Mənbə: report.az