» » » Büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi

Büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi

posted in: Xəbər | 0
birbank biznes

ƏDV-nin əvəzləşdirilməsiVergi Məcəlləsinin 175.1-ci maddəsində göstərilir ki, başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:

Misal: ƏDV ödəyicisi olan müəssisə ƏDV ödəyicisi olan şəxsdən ƏDV də daxil olmaqla 11.800 manat məbləğində mal alıb, elektron qaimə-faktura əldə edib və bu məbləğ satıcıya nağdsız qaydada ödənilib (ƏDV depozit hesabına köçürülüb). Müəssisə həmin malı başqa bir şəxsə (ƏDV-siz) 15.000 manata satıb. Bu zaman müəssisə satışdan əldə etdiyi məbləğdən 2.700 manat ƏDV hesablamalı, malı alarkən ödədiyi 1.800 manat məbləğində ƏDV-ni bu məbləğdən çıxmalı və büdcəyə 900 manat ƏDV ödəməlidir.

Misal 2: “A” MMC 2020-ci ilin yanvar ayında “B” MMC-yə 30.000 manatlıq (ƏDV-siz) sənaye malları təqdim edib, “B” MMC isə aldığı malların əvəzində həmin ilin mart ayında “A” MMC-yə 30.000 manatlıq (ƏDV-siz) tikinti malları verib. 5.400 manat ƏDV məbləğini isə ƏDV-nin depozit hesabına köçürüb. “B” MMC mart ayında 32.000 manat (ƏDV-siz) dəyərində malı “C” MMC-yə təqdim edib və malların dəyəri həmin ay bank hesabına daxil olub. “B” MMC mart ayında barter əməliyyatı etdiyi üçün (“A” MMC-yə 30.000 (ƏDV-siz) manatlıq tikinti malları verib), bu, malların 30.000 manat (ƏDV-siz) dəyərinin “A” MMC-nin bank hesabına ödənilməsi sayılır.

Qeyd olunanlara əsasən, “B” MMC mart ayında təqdim etdiyi mallara görə 5.760 manat (32.000 x 18% = 5.760 manat) ƏDV hesablamalı, barter əməliyyatına görə 5.400 manat (30.000 x 18% = 5.400 manat) məbləğində ƏDV-ni 5.760 manatdan çıxmalı və 360 manat məbləğində ƏDV-ni büdcəyə ödəməlidir.

Daha bir məqam Vergi Məcəlləsinin 175.1.1-ci maddəsində əks olunub: “hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt…”

Misal 3: ƏDV ödəyicisi olan müəssisə 11.800 manat (o cümlədən 1.800 manat ƏDV) dəyərində mal alıb.

1-ci hal: Alınmış mala görə satıcı tərəf 2020-ci ilin yanvar ayının 10-da elektron qaimə-faktura təqdim edib, həmin gün də 11.800 manat müəssisə tərəfindən nağdsız qaydada, 1.800 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə ödənilib. Bu halda müəssisə yanvar ayında 1.800 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirə bilər.

2-ci hal: Alınmış mala görə satıcı tərəf 2020-ci ilin yanvar ayının 10-da elektron qaimə-faktura təqdim edib, malın tam dəyəri müəssisə tərəfindən fevral ayında nağdsız qaydada, 1.800 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə ödənilib. Bu halda, müəssisə fevral ayında 1.800 manat ƏDV məbləğini büdcə ilə əvəz-ləşdirə bilər.

3-cü hal: Alınmış malın tam dəyəri 2020-ci il yanvarın 10-da nağdsız qay-dada, 1.800 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə ödənilib, lakin satıcı tərəf elektron qaimə-fakturanı fevral ayında təqdim edib. Bu halda, müəssisə fevral ayında 1.800 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirə bilər.

4-cü hal: Alınmış malın tam dəyəri müəssisə tərəfindən avans olaraq 2020-ci ilin yanvar ayında nağdsız qaydada, 1.800 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə ödənilib, satıcı tərəf mal satılan gün, yəni fevralın 4-də elektron qaimə-faktura təqdim edib.
Bu halda, müəssisə fevral ayında 1.800 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirə bilər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun