» » » Bu şəxslərə də kassa çeki verilməlidir

Bu şəxslərə də kassa çeki verilməlidir

posted in: Xəbər | 0
birbank biznes

Şəbəkə biznesi ilə məşğul olanlara da kassa çeki verilməlidir

Hazırda dünyada, eləcə də Azərbaycanda şirkətlərin şəbəkə üsulu ilə reklam və satışı həyata keçirməsi aktualdır. Adətən, həmin MMC-lər ƏDV ödəyicisi olan hüquqi şəxs olur. Onlar xaricdən idxal olunan hazır kosmetika və qida əlavələrinin, məişət əşyalarının satışı ilə məşğul olurlar. Alıcıları da əsasən fiziki şəxslərdir. Onlar özləri həmin malları almaqla yanaşı digər şəxsləri də cəmiyyətin məhsulları haqqında məlumatlandıraraq və reklam edərək şirkətdən mal alışına cəlb edir, bununla da cəmiyyətdən gəlir əldə edirlər. Bu gəliri MMC-dən əldə edən şəxslər vergi ödəyicisi kimi qeydiyyatda olmadıqda onların gəlirlərindən ödəmə mənbəyində müvafiq vergilər və sosial ödənişlər tutilaraq büdcəyə ödənilir. Gəlir əldə edən fiziki şəxslər vergi ödəyicisi olduqda isə onların gəlirləri tam şəkildə ödənilir, onlar vergi öhdəliklərini özləri yerinə yetirir. VÖEN-i olan bu şəxslərin əsas fəaliyyətləri reklamdır, vergi ödəyicisi kimi qeydiyyata alındıqları zaman reklam fəaliyyəti göstərən ödəyici kimi qeydiyyata alınıblar. Vergi ödəyicisi olan bu şəxslər eyni zamanda cəmiyyətin məhsullarını öz istifadələri üçün də alırlar. Bəs reklam fəaliyyəti göstərən, vergi ödəyicisi olan bu fiziki şəxslər həmin şirkətlərdən alıcı olaraq öz şəxsi istifadələri üçün məhsul əldə etdikdə onlara elektron qaimə faktura təqdim edilməlidirmi? 

Suala Vergilər Nazirliyindən aydınlıq gətirilib. Bildirilib ki, reklam fəaliyyəti göstərən şəxslərə istehlak məqsədilə malların təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur və həmin şəxslərə nəzarət-kassa aparatının çeki təqdim edilməlidir. Elektron qaimə faktura isə həmin şəxslərin sahibkarlıq məqsədləri üçün aldıqları məhsullara, işə və xidmətə görə təqdim edilməlidir.


Teleqram kanalımıza üzv olun


Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satış hesab edilir. Məcəllənin 13.2.63-cü maddəsində isə göstərilir ki, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti topdansatış sayılır.
Məcəllənin 16.1.8-cimadəsinin tələbinə əsasən, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Vergi Məcəlləsinin 16.1.11-ci maddəsində isə göstərilib ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə, bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilməlidir. Nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək lazımdır.

Məcəllənin 71-1-ci maddəsinə görə, qanunverciliklə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.