Daha çox8
Daha çox8

46 günlük məzuniyyət hüququ kimlərə şamil edilir?

posted in: Xəbər | 0

2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş Əmək Məcəlləsində dəyişikliklərin mühüm hissəsi işçilərin əmək məzuniyyəti hüququ və onun hesablanıb ödənilməsi ilə bağlı məqamları əhatə edir. Bunların sırasında müharibə iştirakçılarına verilən əmək məzuniyyətlərinin müddəti, ayrı-seçkiliyin aradan qaldırılması kimi məsələlər də yer alıb.

İnsan resursları üzrə ekspert Ramin Hacıyev dəyişikliyi şərh edir. 

Ümumi olaraq, Əmək Məcəlləsində dəyişikliklər aşağıdakı mövzuları əhatə edir:

– Əmək Məcəlləsinin mahiyyəti üzrə təkmilləşdirilməsi;

– Yeni anlayışların qanunvericiliyə gətirilməsi;

– Əmək müqaviləsinə xitam verilməsi halları üzrə yeniliklər;

– Sosial təminat və məzuniyyət hüquqları ilə bağlı dəyişikliklər.

İşçilərin məzuniyyət hüquqları ilə bağlı Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri də 120-ci maddəni əhatə edir. Həmin maddə Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətlərinin müddətlərindən bəhs edir. Əvvəlki redaksiyada bu kateqoriyadan olan işçilərin siyahısı aşağıdakı kimi idi:

– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilər;

– Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;

– Azərbaycanın Milli Qəhrəmanları;

– Sovet İttifaqı Qəhrəmanları;

– 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;

– “İstiqlal” ordeni ilə təltif olunmuş işçilər;

– Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər.

Qanunvericiliyin hazırkı tələbinə görə isə xüsusi xidməti olan, 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin siyahısı belədir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər;

– Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər;

– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilər;

– Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər;

– Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;

– Azərbaycanın Milli Qəhrəmanları;

– Sovet İttifaqı Qəhrəmanları;

– Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilər;

– “İstiqlal” ordeni ilə təltif olunmuş işçilər;

– Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər.

Dəyişiklikdən sonra 46 təqvim günü məzuniyyət hüququ olan işçilərin siyahısı genişləndirilib. Bundan sonra 120-ci maddənin əvvəlki redaksiyasından fərqli olaraq, aşağıda qeyd olunan xüsusi xidmətlər göstərmiş işçilərə də 46 təqvim günü əmək məzuniyyəti veriləcək:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan;

– 1990-cı ilin 20 Yanvar hadisələri ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan;

– Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış;

– Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş;

– Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilər.

Qeyd olunan maddə üzrə edilmiş dəyişiklik xüsusi xidmətləri olan işçilərin bütün kateqoriyalarını əhatə edir.

Mənbə: vergiler.az

Dövlət Dəniz və Liman Agentliyi auditor seçib

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması

posted in: Xəbər | 0

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən sonra işçilərdə maraq doğuran məsələlərdən biri də istifadə edilməmiş məzuniyyətə görə kompensasiyaların hesablanması zamanı Əmək Məcəlləsinin 140 və 111-ci maddələrində olan yeni tələblərin nəzərə alınıb-alınmaması ilə bağlıdır. İşçinin istifadə edilməmiş məzuniyyətə görə kompensasiyası hesablanan zaman Məcəllənin 111-ci maddəsində olan yeni tələblər nəzərə alınırmı? Kompensasiyanın hesablanması zamanı sonuncu əməkhaqqıdan az olmamaqla məbləğ ödənilməlidirmi?

Suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində göstərilib ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. Məcəllənin 140-cı maddəsinin 2-ci bəndinə əsasən, 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Maddənin 4-cü bəndində isə göstərilib ki, bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.

Son müddəadan aydın olur ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən bu maddədə olan əməkhaqqının hesablanması qaydası tətbiq edilir.

Əvvəla, bu hissədə də bir az qeyri-müəyyənlik var. Belə ki, Əmək Məcəlləsinin 111-ci maddəsinin tələblərinə görə, məzuniyyət zamanı işçinin orta əməkhaqqı saxlanılır. Həmçinin, Məcəllənin 140-cı maddəsinin 1-ci bəndində əmək məzuniyyəti zamanı orta əməkhaqqının hesablanması üçün ilkin mexanizm müəyyənləşdirilir. Belə olan halda iki maddə uzlaşır, yəni 111-ci maddəyə görə məzuniyyət zamanı saxlanılan orta əməkhaqqının hesablanmasının ilkin addımı 141-ci maddənin 1-ci bəndi ilə müəyyənləşir. Bu istinad düzgündür.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndində isə orta əməkhaqqı yox, “orta aylıq” ifadələri işlənir. Amma Məcəllədə digər bütün maddələrdə olan “orta aylıq” ifadəsi aradan qaldırılıb, yalnız həmin maddədə qalıb. Lakin 140-cı maddənin 1-ci və 2-ci bəndlərində orta əməkhaqqının hesablanmasının ilkin addımları əksini tapır. Sadəcə, 1-ci bənddə iş müddəti tam 12 ay olduqda, 2-ci bənddə isə 12 aydan az işlədikdə istifadə olunur.

Bundan əlavə, Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü bəndində artıq orta əməkhaqqı yox, məzuniyyət dövrünün əməkhaqqı ifadəsindən istifadə edilir. Odur ki, Məcəllənin 111-ci maddəsi ilə 140-cı maddəsində olan ifadələrin uzlaşmamasının şahidi oluruq. Yəni, 111-ci maddəyə əsasən, məzuniyyət dövründə ancaq orta əməkhaqqı saxlanılmalıdır və bu da işçinin son əməkhaqqından az olmamalıdır. Ancaq 140-cı maddənin 3-cü bəndində artıq orta əməkhaqqı yox, əməkhaqqı ifadəsi yazılıb. Bütün bunlara baxmayaraq, praktiki olaraq məzuniyyət zamanı hesablamalar aparanda orta əməkhaqqı kimi qəbul edilir.

İndi isə kompensasiyanın hesablanması məsələsinə aydınlıq gətirək. Bunun üçün Əmək Məcəlləsinin həm 111-ci, həm də 140-cı maddəsinin 4-cü bəndini açıqlayaq.

– 111-ci maddə işçinin məzuniyyət dövründə, məzuniyyət müddəti üçün tətbiq edilir.

– Bu maddədə orta əməkhaqqının saxlanılması işçinin məzuniyyətdə olduğu zamanı nəzərdə tutur.

– Həmçinin, 111-ci maddədə sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqının saxlanılması da işçinin məzuniyyətdə olduğu müddət üçün aktivdir.

– Məcəllənin 140-cı maddəsinin 4-cü bəndi istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması qaydasını müəyyənləşdirir.

– Həmçinin, bu maddə kompensasiyanın hesablanması qaydasını həmin maddənin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələbləri əsasında hesablanması tələbini qoyur.

– Yəni 111-ci maddə işçinin məzuniyyətdə olduğu zaman tətbiq edilir, 140-cı maddənin 4-cü bəndi isə məzuniyyətdə olduğu müddətdə yox, məzuniyyətdən istifadə edilməməsi zamanı tətbiq edilir.

Beləliklə, işçiyə əmək məzuniyyətinə görə kompensasiya ödənilən zaman əvvəlki illər kimi Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən hesablamalar və ödəmələr aparılacaq. Ancaq 111-ci maddədə olan kimi, sonuncu əməkhaqqıdan az olmayan məbləğ verilməyəcək.

Misal

“AA” MMC-nin işçisi 2026-cı ilin fevral ayında əmək məzuniyyətinə çıxıb və onun məzuniyyət dövrü üçün orta əməkhaqqı 1.120 manat olub. Ancaq fevral ayının əməkhaqqı 1.200 manat təşkil edib. Nəzərə alaq ki, işçiyə məzuniyyət dövrü üçün orta əməkhaqqı hesablayan zaman 1 günlük məbləğ 40 manat olub. İşçi məzuniyyətə çıxmamışdan əvvəl ərizə ilə müraciət edib ki, ona əvvəlki illərin istifadə edilməmiş 25 gün məzuniyyət dövrünün kompensasiyası verilsin.

Bu zaman işçiyə fevral ayı üçün məzuniyyət dövründə orta əməkhaqqı (1.120 manat) fevral ayının əməkhaqqından (1.200 manatdan) az olduğuna görə, sonuncu əməkhaqqı məbləğində, yəni 1.200 manat məzuniyyət pulu ödəniləcək.

Həmçinin, 25 gün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği 1.000 manat hesablanılır:

40 x 25 gün = 1.000 manat.

Burada da aydın olur ki, bu məbləğ sonuncu ayın əməkhaqqından azdır.

Lakin kompensasiyaya görə hesablanmış məbləğ fevral ayının əməkhaqqı məbləğindən az olmamasına baxmayaraq, ödəniş 1.000 manat həcmində ödəniləcək. Çünki kompensasiya zamanı Əmək Məcəlləsinin 111-ci maddəsinin tələbləri tətbiq edilmir.

Mənbə: vergiler.az

Vergi ödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verilib

Vergi ödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verilib

posted in: Xəbər | 0

Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində aparılan işlər çərçivəsində əməkhaqqı kalkulyatoru yenilənərək istifadəyə verilib. Yenilənmiş kalkulyator əməkhaqqının bruto və xalis məbləğinin, həmçinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi və sosial ödənişlərin avtomatik və dəqiq hesablanmasını təmin edir. Bu alət işəgötürənlər və mühasiblər üçün hesablamaların operativ və düzgün aparılmasına, eləcə də vaxt itkisinin minimuma endirilməsinə şərait yaradır.

Təqdim olunan xidmət əməkhaqqı ilə bağlı hesablamalarda şəffaflığın artırılmasına və istifadəçi rahatlığının təmin edilməsinə xidmət edir.

Kalkulyatordan istifadə etmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/emekhaqqindan-tutulmalarin-hesablanmasi

Mənbə: vergiler.az

Dövlət Dəniz və Liman Agentliyi auditor seçib

Dövlət Dəniz və Liman Agentliyi auditor seçib

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi katirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Financial Reporting Center” MMC-dir.

Qalib şirkətə 3,3 min manat ödəniləcək.

Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 9,8 min manat ödənilib.

Mənbə: report.az

Vergi ombudsmanı institutunun vergi ödəyiciləri ilə münasibətlərdə rolu

1 27 28 29 30 31 32 33 2. 391
error: Content is protected !!