Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı. Beynəlxalq Jest Dilləri Günündə Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tətbiqində istifadəyə verildi.

Bu yenilik 3 milyondan çox istifadəçisi olan platformanın eşitmə və nitq məhdudiyyətli müştəriləri üçün mövcud olan ən fundamental baryerlərdən birini aradan qaldırması deməkdir. Birbank bu təşəbbüslə bank xidmətini hər kəs üçün əlçatan etməklə yanaşı, həm də maliyyə azadlığını fundamental bir haqqa çevirməklə öz liderliyini və sosial məsuliyyətini təsdiqləyir. Artıq on minlərlə vətəndaş üçün bankçılıq əməliyyatları üçüncü tərəfin köməyindən asılı, mürəkkəb bir proses olmaqdan çıxaraq, öz ana dilində qurduğu sərbəst və birbaşa ünsiyyətə çevrilir.

Bunun üçün eşitmə və nitq məhdudiyyətli müştərilər Birbank mobil tətbiqindəki xüsusi bölməyə daxil olmaqla, tam məxfi və təhlükəsiz videozəng vasitəsilə bank filialına getmədən və ya yazılı ünsiyyətin yaratdığı məhdudiyyətlərlə üzləşmədən sürətli və effektiv xidmət alacaqlar. Birbaşa və maneəsiz ünsiyyət kanalı vasitəsilə müştərilər  həftəiçi hər gün saat 09:00-18:00 aralığında bank xidmətləri haqqında məlumat ala, təklif və  narahatlıqlarını bölüşə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu xidməti göstərən əməkdaşlar müştərilərlə peşəkar və sərbəst ünsiyyət qurmaq məqsədilə 3 ay davam edən intensiv işarət dili təlimlərindən keçiblər. Bu müddətdə bankın işarət dilini könüllü olaraq öyrənmək istəyən əməkdaşlarına peşəkar mütəxəssislər tərəfindən 72 saat təlim keçirilib.

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu mühüm hadisə ilə bağlı öz sosial media hesabından fikirlərini bölüşüb: “Bu gün biz texnologiyanın gücünü insan amili ilə birləşdirərək eşitmə və nitq məhdudiyyətli müştərilərimiz üçün mövcud olan ən böyük maneələrdən birini aradan qaldırdıq. Azərbaycanda ilk dəfə “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tədbiqi vasitəsilə istifadəyə verildi. Biz bu təşəbbüslə təkcə bank sektorunda deyil, bütün ölkədə inklüziv xidmət mədəniyyətinin inkişafına təkan verəcəyimizə və digər qurumları bu yolda bizə qoşulmağa ruhlandıracağımıza ümid edirik”.

Videonu izləmək üçün link: www.b-b.az/bbss

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Qeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?

Mədəniyyət sahəsində hansı vergi güzəştləri tətbiq olunur?

posted in: Xəbər | 0

Mövzunu “Business Service Center” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Nihad Cavadov şərh edir. 

İyulun 1-dən etibarən teatr, kino, muzey və simfonik orkestr fəaliyyətinin inkişafı məqsədilə yeni vergi güzəştləri tətbiq edilib. Yeni güzəştlər mədəniyyət sahəsində göstərilən xidmətlərin maya dəyərinin azalmasına və nəticə etibarilə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Əlavə olaraq, dəyişikliklərin məqsədi bu sahəyə daha çox sərmayə cəlb etmək və mədəniyyət xidmətlərinin inkişafını stimullaşdırmaqdır.

Yeniliklərdən biri də mədəniyyət xidmətləri üzrə “ƏDV cashback” mexanizminin tətbiqidir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, bu sahədə göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi fiziki şəxslərə geri qaytarılır. Müəssisə və prodüserlər isə 5 il müddətinə mənfəət və gəlir vergisinin 90 faizindən azad edilib. Qeyd edək ki, əvvəllər bu güzəşt 75 faiz idi.

Misal 1

“A Production” MMC film sektorunda fəaliyyət göstərir. 2025-ci ilin iyul ayında yeni filmin çəkilişləri üçün ümumilikdə 80.000 manat xərclənir. Sentyabr ayında ekranlara çıxarılan filmin gəlirləri 230.000 manat təşkil edir. MMC 1 iyul 2025-ci ilədək mənfəət vergisindən 75% güzəşt hüququ ilə 7.500 manat mənfəət vergisi ödəyəcəkdisə, bu tarixdən etibarən məbləğ 3.000 manat olacaq:

(230.000 – 80.000) x 20% = 30.000 manat;
30.000 – (30.000 x 75%) = 7.500 manat;
30.000 – (30.000 x 90%) = 3.000 manat.

2025-ci il yanvarın 1-dən fiziki şəxslərin dövriyyəsi 45.000 manat olan (xərclər nəzərə alınmadan) bir sıra fəaliyyət sahəsi üzrə əldə etdikləri gəlirlərin 75% hissəsi gəlir vergisindən azad olunub. Bu sahələrə mədəniyyət sahəsindəki fəaliyyətlər də aid edilib. Bundan əlavə, mədəniyyət obyektlərinin yerləşdiyi torpaqlar torpaq vergisindən, müəllif hüquqlarından əldə olunan royalti gəlirləri isə 5 il ərzində 14 faizlik vergi dərəcəsi ilə vergidən azad edilib.

Misal 2

Fərdi sahibkar səsyazma studiyasında bəstəkarlıq sahəsində fəaliyyət göstərir və bəstələnən musiqinin “YouTube” platformasında yayımlanması üçün “A Production” MMC-yə 10.000 manat qarşılığında müəllif hüquqlarını satır. Bu zaman göstərilən gəlir fərdi sahibkarın royalti gəliri hesab olunur, lakin Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 14% ödəmə mənbəyindən vergiyə cəlb edilmir.

Yeri gəlmişkən, güzəşt tətbiq edilən subyektlərin sayı da artırılıb – əvvəl 2 olan subyekt sayı 6-ya çatdırılıb. Siyahıya teatrlar, muzeylər, simfonik orkestr kollektivləri və film prodüserləri də daxil edilib. Analitik nöqteyi-nəzərdən, belə genişmiqyaslı vergi güzəştləri qeyri-neft sektorunda iqtisadi aktivliyi artırır, yeni iş yerlərinin yaranmasına və yaradıcı sinfin sosial statusunun möhkəmlənməsinə şərait yaradır. Bu yanaşma sektorun rəsmi dövriyyəsinin və iqtisadi çəkisinin artmasına, yaradıcı təşəbbüslər üçün rəqabət və innovasiya mühitinin formalaşmasına səbəb olur, Azərbaycanın mədəniyyət potensialının beynəlxalq platformalarda tanıdılması üçün institusional bazanı daha da möhkəmləndirir.

Mənbə: vergiler.az

MMX-da qeydiyyatdan keçən mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin sayı məlum olub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir

posted in: Xəbər | 0

Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir.

Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Bazarların mülkiyyətçiləri tərəfindən oktyabrın 1-dən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınması təmin edilməlidir.

Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq.

Mənbə: vergiler.az

Azərbaycanda son 7 ildə könüllü vergi daxilolmaları 2 dəfədən çox artıb

Qeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?

posted in: Xəbər | 0

MMC ilə qeyri-rezident şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq, MMC-nin sifarişi əsasında qeyri-rezident şəxs tərəfindən marketinq xidməti göstərilir. Bu halda qeyri-rezidentə edilən ödənişlər hansı qaydada vergiyə cəlb olunmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adıçəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb edilir.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, əvəzləşdirmək hüququna malik olur.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən sənəd elektron qaimə-fakturadır.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Buna əsasən, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.

Əlavə olaraq bildirilib ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etmək tövsiyə edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 169-cu, 175-ci maddələri

Mənbə: vergiler.az

Azərbaycanda gecikmə ilə təqdim edilən vergi bəyannamələrinin payı yüksəlib

1 121 122 123 124 125 126 127 2. 382