İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları

posted in: Xəbər | 0

İşsizlikdən sığortanın məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. 

Bəs həmin sığorta ödənişini kimlər, hansı qaydada ala bilər?

İşsizlikdən sığorta ödənişi necə hesablanır? Suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

İşsizlikdən sığorta “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. İşsizlikdan sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Qanuna əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

• sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Sığorta stajının hesablanması aşağıdakı şəkildə həyata keçirilir.

“İşsizlikdən sığorta haqqında” Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Ondan əvvəl işsizlik müavinəti “Məşğulluq haqqında” Qanunla tənzimlənirdi. Yeni qanunvericiliyə görə, sığorta stajı aşağıdakı kimi hesablanır:

– “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət;
– Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət.

“İşsizlikdən sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən, sığorta ödənişinin aşağıdakı 3 növü müəyyən edilib:

1. Əsas sığorta ödənişi;
2. Sığorta ödənişinə əlavə;
3. Minimum sığorta ödənişi.

“İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinə görə, əmək müqaviləsinə aşağıdakı əsaslarla xitam verilən və eyni zamanda işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər:

• dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə (maddə 70 a);
• işçilərin və ya dövlət qulluqçularının sayı, yaxud ştatları ixtisar edildikdə (maddə 70 b);
• ǝmək müqaviləsinin müddəti qurtardıqda (maddə 68.2 b).

Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı şəkildə həyata keçirilir:

– Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “a” vǝ 70 “b” maddələri ilə xitam verildiyi hallarda, sığorta hadisəsinin baş verdiyi tarixdən ǝvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Misal 1

Bankda 01.01.2024-cü il tarixdən mütəxəssis vəzifəsində çalışan işçinin əmək müqaviləsinə bankın fəaliyyətindəki kiçilmədən dolayı Əmək Məcəlləsinin 70 ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ştatları ixtisar edildikdə) 18.02.2025-ci il tarixdə xitam verilib. Mütəxəssisin maaşı 1.000 manat olub. 01.01.2024-cü il tarixdən öncə iş təcrübəsi yoxdur.

Mütəxəssisin stajı işsiziliyin başlamasından əvvəlki 24 təqvim ayı 12 təqvim ayından çox (13.5 ay) olduğundan o, “Məşğulluq haqqında” Qanunun tələb etdiyi formada işsiz kimi qeydiyyata alındıqdan sonra ona itirilmiş əməkhaqqının 50 faizi məbləğində, yəni 500 manat sığorta ödənişi olunacaq:

1.000 x 50% = 500 manat.

– Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “a” və 70 “b” maddələri ilə xitam verildiyi hallarda, sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi edilir.

Misal 2

“A” Bankı devalivasiya nəticəsində fəaliyyətini davam etdirə bilməyəcək. Hüquqi şəxsin ləğv edilməsi səbəbindən 01.01.2014-cü il tarixdən mütəxəssis vəzifəsində çalışan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (hüquqi şəxs ləğv edildikdə) 01.08.2014 ci il tarixdə xitam verilib. Mütəxəssisin maaşı 1.590 manat olub. 01.01.2014-cü il tarixdən öncə 6 ay müddətinə başqa yerdə iş təcrübəsi vardır.

Göründüyü kimi, mütəxəssisin işsizliyin başlamasından öncəki 24 ay ərzində 8 ay cari iş yerində, ümumilikdə isə 1 il 2 ay sığorta stajı vardır. Ona görə də ona minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi ediləcək.

Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “a” və 70 “b” maddələri ilə xitam verildiyi hallarda, nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə əlavə almaq hüququ vardır. Əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin müəyyən olunmuş əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.

Misal 3

Birinci misalda qeyd olunmuş şəxsin 18 yaşına çatmamış 2 uşağı vardır. Bu halda ona sığorta ödənişi aşağıdakı şəkildə olacaq:

Əsas: 1.000 x 50% = 500 manat;
Əlavǝ: 500 x 10 % (5% x 2) = 50 manat;
Cəmi sığorta ödənişi: 500 + 50 = 550 manat.

Misal 4

Misal 1-də qeyd olunan şəxsin 18 yaşına çatmamış 5 uşağı vardır. Bu halda onun sığorta ödənişinə 25 faiz deyil (5 x 5%), 20 faiz əlavə olunacaq. Çünki qanunla əlavə sığorta haqqının maksimum həddi 20 faizlə məhdudlaşıb.

Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti qurtardıqda) xitam verildiyi halda, sığorta hadisəsinin baş verdiyi əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi edilir.

24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu əsasən, “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilib. Dəyişiklik nəticəsində müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib, sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.

Misal 5

01.02.2017 cü il tarixdən bankda mütəxəssis vəzifəsində çalışan işçinin əmək müqaviləsinin müddəti 30.04.2021-ci il tarixində bitib və onun əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə ləğv edilib.

Göründüyü kimi, işsizliyin başlamasından əvvəlki ardıcıl 36 ay müddətində işçinin 30 aydan çox stajı vardır. Ona minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi ediləcək.

İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. “İşsozlikdən sığorta haqqında” Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.

Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işsiz şəxslər istisna olmaqla, ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ǝrzində münasib işlə təmin edilməyən şəxslərin təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işsiz şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.

Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.

Sığorta ödənişi almış şəxsə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və”b” bəndləri ilə xitam verildiyi halda, növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verildiyi halda isə 30 ay sığorta stajı tələb olunur. Xatırladaq ki, 24.12.2021-ci ilədək bu müddət 36 ay idi.

Onu da nəzərə çatdıraq ki, sığorta stajı dedikdə, 1 yanvar 2018-ci ilə qədər sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət, 1 yanvar 2018-ci ildən sonra isə sığorta haqqı ödənilən müddət nəzərdə tutulur.

Mənbə: vergiler.az

Sosial sığorta üzrə tutulmalarda dəyişiklik edilə bilər

Faktorinq xidmətləri göstərilən zaman ƏDV-nin hesablanması və əvəzləşdirilməsində yaranan fərqlər

posted in: Xəbər | 0

Mövzunu vergi eksperti Azər Qənbərov şərh edir.

Məlum olduğu kimi, hazırkı dövrdə biznesin artması, investisiya qoyuluşu və iqtisadiyyatın davamlı olaraq müsbət istiqamətdə inkişafı üçün sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitinə ehtiyacı yaranır. Belə ki, debitorların vaxtında ödənilməməsi vergi ödəyicisinin qarşısında kreditor borcların ödənilməsində də problemlər yaradır. Bu isə əlavə maliyyə itkilərinə, eləcə də biznesin davamlılığının azalmasına və vergi ödəyicisinin imicinin zəifləməsinə səbəb olur.

Bu səbəbdən, əksər sahibkarlar pul vəsaitlərinin likvidliyini saxlamaq üçün faktorinq xidmətlərindən istifadə edirlər. Belə olduğu təqdirdə, pul vəsaitinin faktor (tələb hüququ güzəşt edilən şəxs) tərəfindən satıcıya və alıcı tərəfindən faktora ödənildiyi zaman ƏDV-nin necə hesablanması və nə zaman əvəzləşdirilməsi məsələsi aktuallaşır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.14-cü maddəsinə əsasən, alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına keçirildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir. Həmin Məcəllənin 166.1.1-ci və 166.1.6-cı maddələrinə görə, ƏDV üçün vergi tutulan əməliyyatın vaxtı, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt, tələb hüququ güzəşt edildikdə isə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt hesab edilir.

Göründüyü kimi, ƏDV-nin hesablanması və əvəzləşdirilməsi müxtəlif vaxtlarda həyata keçirilməli olur. Qeyd edilən hallara nümunə üzərindən baxaq:

Misal 1

A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin yanvar ayında B MMC-yə 300.000 manat dəyərində mal satıb. 2025-ci ilin aprel ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcıya həmin məbləği ödəyir. Lakin B MMC həmin məbləği bağlanmış müqaviləyə əsasən 2 ay sonra, yəni iyun ayında komissiya haqqı ödəməklə faktora ödəyir və bu zaman da 54.000 manat ƏDV məbləği 1 iş günü müddətində B MMC tərəfindən satıcının depozit hesabına ödənilməlidir. Belə olduğu təqdirdə, A MMC 54.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni aprel ayında hesablayacaq. B MMC isə ƏDV-ni iyun ayında satıcının depozit hesabına, əsas məbləği isə faktora iyun ayında ödədiyindən əvəzləşməni də iyun ayında aparacaq.

Misal 2

A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin fevral ayında B MMC-yə 300.000 manat dəyərində mal satıb. 2025-ci ilin mart ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcı ilə məbləğin may ayında ödəniləcəyi ilə bağlı razılığa gəlir. Lakin B MMC həmin məbləği bağlanmış müqaviləyə əsasən 2 ay sonra, yəni iyul ayında komissiya haqqı ödəməklə faktora ödəyir. Bu zaman da 54.000 manat ƏDV məbləği 1 iş günü müddətində B MMC tərəfindən satıcının depozit hesabına ödənilməlidir. Belə olduğu təqdirdə A MMC 54.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni mart ayında hesablayacaq. B MMC isə ƏDV-ni iyul ayında satıcının depozit hesabına, əsas məbləği isə faktora iyul ayında ödədiyindən əvəzləşməni də iyul ayında aparacaq.

Misal 3:

A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin yanvar ayında B MMC-yə 400.000 manat dəyərində xidmət göstərib. 2025-ci ilin aprel ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcıya həmin məbləği ödəyir. B MMC isə 72.000 manat ƏDV-ni satıcının hesabına ödəyir. Lakin B MMC xidmətin dəyərini bağlanmış müqaviləyə əsasən 4 ay sonra, yəni avqust ayında komissiya haqqı ödəməklə faktora ödəyir. Belə olduğu təqdirdə A MMC 72.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni aprel ayında hesablayacaq. B MMC isə ƏDV-ni aprel ayında satıcının depozit hesabına ödəməsinə baxmayaraq əsas məbləği faktora avqust ayında ödədiyindən əvəzləşməni də avqust ayında aparacaq.

Qeyd edilən əməliyyatlar zamanı ƏDV tutulan əməliyyatların və əvəzləşmələrin vaxtının düzgün müəyyən edilməməsi vergi ödəyicisi üçün əlavə maliyyə sanksiyalarının hesablanmasına səbəb ola bilər. Bu səbəbdən də faktorinq əməliyyatları zamanı təqdim edilən mallara (işlərə, xidətlərə) görə ödənişlər aparılarkən qanunvericiliyin tələblərinə düzgün riayət olunmalıdır.

Mənbə: vergiler.az

Sosial sığorta üzrə tutulmalarda dəyişiklik edilə bilər

2026-cı ildə minimum əməkhaqqının nə qədər olacağı gözlənilir?

posted in: Xəbər | 0

Azərbaycanda gələn il minimum əməkhaqqının builki səviyyədə – 400 manat saxlanılması nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

“Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (işçilərlə bağlı ödənişlər nəzərə alınmadan fərdi sahibkarların özləri üçün ödənilən) məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2026-cı ildə minimum əməkhaqqının 400 manat həddində 103,5 milyon manat proqnozlaşdırılıb”, – deyə sənəddə qeyd olunub.

Mənbə: report.az

Azərbaycanda sadələşdirilmiş vergi limiti artırılacaq

Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır

posted in: Xəbər | 0

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə 4,8 manat aksiz dərəcəsi tətbiq olunur.

Layihəyə əsasən, bu məhsullar üçün aksiz dərəcəsi 5 manata qaldırılır.

Aksiz dərəcəsi energetik içkilərin hər litrinə 3,1 manatdan 3,3 manata, tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə 0,4 manat 0,5 manata yüksəldilir.

Aksiz dərəcəsi siqarillanın (nazik siqarlar), tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 45,5 manatdan 55 manata qaldırılır.

Mənbə: apa.az

Sosial sığorta üzrə tutulmalarda dəyişiklik edilə bilər

1 103 104 105 106 107 108 109 2. 382