» » » Apellyasiya Şuraları (fəaliyyəti və müraciət qaydaları)

Apellyasiya Şuraları (fəaliyyəti və müraciət qaydaları)

posted in: Xəbər | 0
birbank biznes

Bu yazımızda Azərbaycan Respublikasında sahibkarlığa dövlət dəstəyini ehtiva edən və sahibkarların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığını göstərən Apellyasiya Şuraları barədə qeyd edəcəyik.

Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, ölkə başçısı tərəfindən verilmiş müvafiq fərmanlarla həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, həm də dövlətə məxsus olan (paylarının (səhmlərinin) 51% və daha çoxu birbaşa və ya dolayısı ilə dövlətə məxsus) hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması və həmin şuraların fəaliyyəti tənzimlənmişdir.

Apellyasiya Şurası kollegial orqan kimi (bir neçə şəxs tərəfindən təşkil olunan orqan) fiziki və hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq qurumların (həmçinin həmin qurumlara tabe idarə və müəssisələrin) qərarlarından, hərəkət və hərəkətsizliyindən edilmiş yazılı şikayətlərə baxmaqla ictimai əsaslarla fəaliyyət göstərir.

Müraciətlər bir qayda olaraq sahibkarlıq fəaliyyəti göstərən şəxsin bu fəaliyyəti ilə bağlı olmalıdır. Şura şikayətlərə baxarkən müəyyən edir ki, bu şikayətə ilkin olaraq baxılması hansı qaydada həyata keçirilib.

Şura tərəfindən aşağıdakı hallarda şikayətlərə baxılmır:

– Şikayətlər korrupsiya hüquq pozmaları barədə olduqda,

– əvvəllər Şura tərəfindən verilmiş qərarla bağlı olduqda,

– Şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda,

– Şikayət göstərilmiş mövzu ilə bağlı tələblərə cavab vermədikdə,

– İnzibati xətalar haqqında işlərlə bağlı şikayət olduqda,

– inzibati aktdan inzibati və məhkəmə qaydasında şikayət verilibsə, həmçinin işə artıq məhkəmə qaydasında baxılırsa,

– Şikayət “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş müddətdən sonra verildikdə.

Şurada şikayətlər hərtərəfli araşdırılır, zəruri hallarda şikayət verən şəxsin də iştirakı ilə şikayətə baxılır, baxılmış şikayətlə bağlı yazılı cavab verilir, həmçinin pozuntu aşkar edildikdə müvafiq şəxs və ya qurumlara göstərişlər verə bilir.

Şikayət ünvanlayarkən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər mütləq nəzərə almalıdır ki, şikayətdə apellyasiya şurasının adı, şikayət verən şəxslər barədə məlumatlar (ad, soyad, vöen, yaşayış yeri və s), bu şikayətlə bağlı əvvəl edilmiş müraciət barədə məlumat və qoşma sənədlər göstərilməlidir.

Yekunda isə qeyd edək ki, Apellyasiya Şuraları-nın qərarları “Elektron hökumət” Portalında da yerləşdirilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun