2027-ci il yanvarın 1-dən yeni texnopark rezidentləri gəlir, mənfəət, dividend, əmlak və torpaq vergilərindən 20 il azad olacaq, işçilərin əmək haqqı 20 il 0% gəlir vergisi ilə vergiyə cəlb ediləcək. Qanun startaplara və investorlara da yeni güzəştlər müəyyən edir.
Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunu 2027-ci il yanvarın 1-dən qüvvəyə minir. Prezident İlham Əliyev 2026-cı il oktyabrın 22-də bu Qanunun tətbiqini təmin edən “476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.
Tətbiq ediləcək yeni vergi güzəştləri (20 illik rejim) 2027-ci il yanvarın 1-dən texnopark rezidenti şəhadətnaməsi alan və qeyri-dövlət sektoruna aid rezidentlərə tətbiq edilir. Səhm və ya payının 51%-i və daha çoxu dövlətə məxsus olan şirkətlər buraya daxil deyil. Bu Vergi Məcəlləsinə əlavə ediləcək yeni 67-1.6 saylı maddədə öz əksini tapacaq.
Dəyişikliklər aşağıdakı istiqamətləri əhatə edir.
Texnopark rezidentləri (20 il)
- Rezidentdə çalışan işçilərin muzdlu işdən aylıq gəlirinə 0% gəlir vergisi (VM 101.7).
- Gəlir və mənfəət vergisindən azadolma, şəhadətnamə tarixindən (VM 102.1.21, 106.1.13). Sənaye parkı rezidentləri üçün müddət 10 ildir.
- Ödənilən dividendlərə güzəşt (VM 102.1.21-1, 106.1.13-1).
- Əmlak və torpaq vergisi azadolması (VM 199.7, 207.3).
- Sosial sığorta üzrə güzəşt (Sosial sığorta haqqında Qanun, m. 14.8).
İri sahibkarlıq subyektləri üçün ümumi gəlirdə ixrac gəlirinin xüsusi çəkisi müəyyən ediləcək minimum həddən az olmamalıdır və ixrac gəlirləri Azərbaycandakı bank hesablarına köçürülməlidir. Həddi Nazirlər Kabineti təsdiq edəcək.
Xarici xidmətlər (20 il)
Startap və ya texnopark şəhadətnaməsi olan şəxslərin öz fəaliyyəti üçün daimi nümayəndəliyi olmayan qeyri-rezidentlərdən aldığı bulud, infrastruktur, platforma, proqram təminatı və API xidmətləri üzrə ödənişlər vergidən, həmin xidmətlər isə ƏDV-dən azad olunur (VM 102.1.47, 106.1.39, 164.1.65). Xidmət başqalarına təkrar təqdim edilərsə, azadolma tətbiq olunmur.
Startaplar, investorlar və tədqiqat (10 il)
- Yuxarıda qeyd edilən 476-VIIQD nömrəli Qanunda startap üçün gəlir və mənfəət vergisi azadolması 3 ildən 7 ilə artırılır (VM 102.1.31, 106.1.23). Bu güzəştdən texnoparkın üzvləri də istifadə edə biləcək.
- Kraudfandinq investorlarının qiymətli kağızlardan gəliri, vençur fondlarının iştirakçılarına dividendlər və işçilərin pay (səhm) iştirakı planı üzrə gəlir 10 il azad olunur. Sonuncu üçün işçi şirkətdə azı bir il işləməlidir (VM 102.1.45, 102.1.46, 102.1.50, 106.1.37, 106.1.38, 106.1.41).
- Akkreditə olunmuş investorun yatırımı vergi tutulan gəlirdən (hüquqi şəxslərdə mənfəətdən) çıxıla bilər (VM 102.10, 106.11). Çıxılan məbləğ 50%-i keçə bilməz, pay isə azı 3 il saxlanılmalıdır.
- Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə nağdsız xərclər 2,5 əmsalla (VM 113.2), bu işlərdə istifadə edilən avadanlığın amortizasiyası isə 2 əmsalla gəlirdən çıxılır (VM 114.3-4).
Miqrasiya və satınalmalar
Miqrasiya Məcəlləsinə “rəqəmsal səyyah” və “işgüzar səfər” anlayışları daxil edilir.. Müvəqqəti yaşamaq icazəsi və ya işgüzar səfər vizası üçün namizəd son 6 ayda xaricdən minimum aylıq əməkhaqqının azı 13 misli orta aylıq sabit gəlirini sənədlərlə təsdiq etməlidir. Daimi yaşamaq icazəsi üçün bu hədd 26 mislidir.
Yüksəkixtisaslı miqrantların xaricdəki qeyri-rezidentlərlə müqavilə üzrə gəliri 20 il gəlir vergisindən azad edilir (VM 102.1.49).
Dövlət satınalmalarında 100 min manatadək innovasiya məhsulu üçün ayrıca qayda, 250 min manatadək satınalmalarda isə 20% güzəşt tətbiq olunacaq. Pilot tətbiq müqaviləsi 1 milyon manatdan və 12 aydan çox ola bilməz.
Mühasiblər üçün
2027-ci il yanvarın 1-dək şəhadətnamə almış rezidentlərə köhnə redaksiya tətbiq olunur. Onlar yeni güzəştlərdən istifadə üçün Əsasnaməyə uyğun yenidən müraciət edib yeni şəhadətnamə almalıdırlar. Güzəştli və digər fəaliyyət üzrə gəlir və xərclərin ayrıca uçotunu indidən qurmaq lazımdır.
