» » » Yoxlamaların dayandırılması müddəti artırılacaq?

Yoxlamaların dayandırılması müddəti artırılacaq?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan «Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında» Qanun layihəsinin parla­ment­də qəbul edilməsindən sonra 2015-ci il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırıldı. Qanunun müddəalarına əsasən, iki il ərzində yalnız vergi yoxla­ma­ları, insanların həyat və sağlamlığına, düvlətin təhlükəsiz­liyi­nə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılmalıdır. Həmin yoxlamalar isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki, bu qanun vergi yoxlamalarına şamil olunmasa da, Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq azaldılıb.  Burada kiçik və orta bizneslə məşğul olan sahibkarlar dedikdə, illik dövriyyəsi 200 min manatdan aşağı və sadələşdirilmiş vergi ödəyiciləri olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Həmin sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Operativ nəzarət tədbirləri zamanı isə  əmək müqavilələrinin bağlanmasına, vergi ödəyicilərinin dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə yoxlamaların keçirilməsi və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət istisna olmaqla, digər yoxlamaların keçirilməsi məhdudlaşdırılıb. Bu məhdudlaşdırmadan sonra vergi yoxlamaları təxminən iki dəfə azalıb.

Kiçik və orta sahibkarlıq subyektlərinin büdcə daxilolmalarında xüsusi çəkisi böyük olmadığı üçün yoxlamaların dayandırılmasının büdcə gəlirlərinə əhəmiyyətli təsiri olmayıb. Ölkəmizdə vergi siyasətinin əsas məqsədi vergi ödəyiciləri ilə münasibətlərin partnyorluq səviyyəsində olması, kiçik və orta biznesin inkişafı, onlarla nəzarətdən çox əməkdaşlıq münasibətlərinin yaradılmasıdır.

Bütün bu müsbət tendensiyalar nəzərə alınaraq, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin yenidən artırılması nəzərdə tutulur. «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunub ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib. Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində isə vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub…

Ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın vaxtlarda bu məsələ ilə bağlı yeni qərarların qəbul olunacağı gözlənilir.

© vergiler.az