» » » Yaradıcılıq məzuniyyətinin hesablanma qaydası

Yaradıcılıq məzuniyyətinin hesablanma qaydası

posted in: Xəbər | 0

Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova şərh edir. 

Məzuniyyət növlərindən biri də yaradıcılıq məzuniyyətidir. Əmək Məcəlləsinin 122-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlərinverilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı 5 gün qalmış verilir və Əmək Məcəlləsinin 140.5-ci maddəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Əmək Məcəlləsinin 122-ci maddəsinə əsaslanaraq yaradıcılıq məzuniyyətləri və onların müddətləri aşağıdakı kimi müəyyən edilir:

Biznes hesabi
  • Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq, ona verilən arayış əsasında istifadə edir.
  • İşləməklə yanaşı, doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.
  • Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Əmək Məcəlləsinin 122-ci maddəsinin 5-ci bəndinə görə, müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.

Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əməkhaqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.

Misal 1

İşçi Azərbaycan Tibb Universitetində doktoranturada təhsil alır. Əmək Məcəlləsinə əsasən, ona hər tədris ilində 30 təqvim günü ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. İşçinin aldığı əməkhaqqı 1.800 manatdır. İşçi iyun ayında yaradıcılıq məzuniyyəti götürmək istəyir. Bu zaman işçiyə yaradıcılıq məzuniyyəti haqqı onun aldığı aylıq əməkhaqqının məzuniyyətdə olduğu ayın təqvim günlərinin sayına vurulmaqla hesablanacaq:

1.800 : 30 (iyun ayında gün sayı) = 60 manat;
60 x 30 (təqvim günü) = 1.800 manat.

Misal 2

Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Vəzifə maaşı 1.800 manat olan işçi həmin hüququndan istifadə edib. Bu halda onun ödənişinin hesablanması aşağıdakı kimi olacaq:

1.800 x 3 = 5.400 manat.

Mənbə: vergiler.az

Vergi Məcəlləsində hansı dəyişikliklər olacaq?