» » » Xarici fiziki şəxslərə xidmət gəlirləri necə vergiyə cəlb olunur?

Xarici fiziki şəxslərə xidmət gəlirləri necə vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

Dizayn xidmətlərindən əldə olunan gəlirlərim xarici fiziki şəxslərdən daxil olduğu halda, sadələşdirilmiş verginin, yoxsa gəlir vergisi ödəyicisi kimi qeydiyyatdan keçməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Ödənişsiz həyata keçirilən uçota alınma ASAN xidmət mərkəzlərində, həmin mərkəzlərin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Biznes hesabi

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq, müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq. Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcəi ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla belə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcəsi ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Diqqətə çatdırırıq ki, 2025-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda, həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır.

Əlavə olaraq bildiririk ki, hər hansı əməliyyat üzrə yarana biləcək vergi öhdəliklərinin müəyyən edilməsi bilavasitə həmin əməliyyatlar üzrə ilkin sənədlərə, işin xarakterinə və vergi ödəyicisinin fəaliyyətinə bağlı olduğundan, vergitutma baxımından ətraflı məlumat üçün əməliyyatların xarakteri tam açıqlanmaqla, ilkin sənədlərlə və vergi ödəyicisinin fəaliyyəti haqqında ətraflı məlumat verilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33.4, 102.1.30, 102.1.30-1, 220-ci maddələri

Azərbaycanın daxili dövlət borcu azalıb

error: Content is protected !!