» » » Vergilər mövzusunda olimpiada keçiriləcək (Qaydalar təsdiqləndi)

Vergilər mövzusunda olimpiada keçiriləcək (Qaydalar təsdiqləndi)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi

Q A Y D A L A R I 

1. Ümumi müddəalar

 

1.1. “Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə və digər aidiyyəti hüquqi aktların, eləcə də Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında “Vergilər” mövzusunda olimpiadanın (bundan sonra – olimpiada) keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində  təhsil alan tələbələr (bundan sonra – tələbələr) arasında vergitutma sahəsində biliklərin artırılması, onların vergi sahəsində bilik səviyyəsinin qiymətləndirilməsi, vergi mədəniyyətinin artırılması, eləcə də gələcəkdə nümunəvi vergi ödəyicilərinin və ya vergi sahəsində çalışacaq peşəkar mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

1.3. Bu Qaydalar tələbələr arasında olimpiadanın təşkilini, keçirilməsini, nəticələrinin rəsmiləşdirilməsini və bununla bağlı digər məsələləri müəyyən edir.

1.4. Olimpiadada ali təhsil müəssislərinin iqtisadiyyat və idarəetmə, hüquq və beynəlxalq münasibətlər istiqamətləri üzrə təhsil alan tələbələri iştirak edə bilərlər.

1.5. Olimpiadanın keçirilməsi və nəticələri barədə məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır.

2. Olimpiadanın təşkili

 

2.1. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti (bundan sonra – Departament) olimpiadanın keçirilməsinə məsul strukturdur.

2.2. Olimpiadanın təşkili və keçirilməsi üzrə Departament aşağıdakıları həyata keçirir:

2.2.1. olimpiadanın şəffaf, obyektiv və yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərinin aparılmasını və vaxtında başa çatdırılmasını təmin etmək;

2.2.2. hər il üzrə keçirilməsi nəzərdə tutulan olimpiadanın təşkilinə dair proqramı Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə razılaşdırmaqla hazırlamaq;

2.2.3. olimpiadada iştirak edəcək ali təhsil müəssisələrini və yekun mərhələdə iştirak edəcək tələbə sayını  müəyyənləşdirmək;

2.2.4. ali  təhsil müəssisələri ilə koordinasiyanı təmin etmək;

2.2.5. olimpiadanın yerini və vaxtını müəyyənləşdirmək və bu barədə ali təhsil müəssisələrinə məlumat vermək;

2.2.6. olimpiadanın keçirilməsi müddətində və nəticələrinin yoxlanılmasında iştirak etmək istəyən ali təhsil müəssisələrinin nümayəndələri üçün lazımi şərait yaratmaq;

2.2.7. olimpiadanın son nəticələrini ümumiləşdirərək təhlil etmək və Vergilər Nazirliyinin rəhbərliyinə təqdim edilməsi üçün yekun hesabatı hazırlamaq;

2.2.8. olimpiadanın bu Qaydalara uyğun həyata keçirilməsi üçün digər zəruri tədbirləri yerinə yetirmək.

2.3. Vergilər Nazirliyinin Tədris Mərkəzi olimpiadanın iştirakçıları üçün sual bazasının hazırlanmasını təmin edir, olimpiadanın seçmə mərhələsinin keçirilməsində və namizədlərin seçilməsi prosesində ali təhsil müəssisələrinə lazımi metodiki köməklik göstərir.

2.4. Olimpiadanın keçirilməsi zamanı sual bazasının ekspertizası və nəticələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən həyata keçirilir.

2.5. Münsiflər heyətinin tərkibi Vergilər Nazirliyi tərəfindən ali təhsil müəssisələri və Vergilər Nazirliyinin Tədris Mərkəzinin təmsilçilərinin də iştirak etdiyi minimum 3 nəfərdən ibarət olmaqla müəyyən edilir.

 

3. Olimpiadanın keçirilməsi

 

3.1. Olimpiada bir qayda olaraq hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir və may ayının 10-dək başa çatdırılır.

3.2. Olimpiadanın keçirilmə mərhələləri, başlanma və başa çatma tarixləri bu Qaydaların 2.2.2-ci yarımbəndində göstərilən proqrama uyğun həyata keçirilir.

3.3. Olimpiada seçmə mərhələ və yekun mərhələ olmaqla iki mərhələdə keçirilir.

3.4. Seçmə mərhələsi olimpiadada iştirakı nəzərdə tutulan hər bir ali təhsil müəssisəsinin özündə keçirilir. Ali təhsil müəssisələri öz tələbələri arasında nəzərdə tutulan mövzular əsasında Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış 50 test sualı üzrə 90 dəqiqəlik daxili imtahan keçirirlər.  İmtahanların nəticələri barədə məlumat Vergilər Nazirliyinə təqdim edilir.

3.5. Yekun mərhələ seçmə mərhələdən keçmiş namizədlər arasında bu Qaydalara uyğun olaraq Departament tərəfindən təşkil edilir. Departament münsiflər heyəti ilə razılaşdırmaqla yekun mərhələdə iştirak edəcək namizədlərin sayını və nəticələri daha yüksək olan tələbələrdən ibarət olmaqla tərkibini müəyyən edir. Departament tərəfindən yekun mərhələnin keçirilməsi vaxtı barədə məlumat imtahana ən azı 15 gün qalmış ali təhsil müəssisələrinə bildirilir.

3.6. Olimpiadanın yekun mərhələsi test imtahanı formasında Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilir. İştirakçılar tərəfindən qeyd olunan binaya daxil olmaq üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti təqdim edilməlidir.

3.7. Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən bakalavrlar üçün vergi qanunvericiliyi  fənni üzrə 50, magistrlər üçün isə vergi qanunveriliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası hazırlanır.

3.8. İmtahan onlayn rejimdə bakalavrlar üçün 120, magistrlər üçün isə 150 dəqiqə ərzində keçirilir. Hər düzgüb cavab bir balla qiymətləndirilir. Səhv cavablara görə düzgün cavablar silinmir. Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilir.

3.9. Olimpiadanın gedişi zamanı iştirakçılar tərəfindən normativ-hüquqi sənədlərdən, təlimatlardan, metodiki göstərişlərdən, elektron məlumat daşıyıcılarından və digər köməkçi vasitələrdən istifadə edilməsinə yol verilmir. Bu cür hallar aşkar edildikdə iştirakçı imtahandan xaric edilir, onun nəticəsi nəzərə alınmır və bu barədə həmin ali təhsilin müəssisəsinin nümayəndəsinə məlumat verilir.

3.10. Olimpiada başa çatdıqdan sonra nəticələr gün ərzində elan olunur. Olimpiadanın qalibləri ali təhsil müəssisəsinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr üzrə ayrı-ayrılıqda müəyyən edilir.

3.11. Eyni nəticə əldə etmiş iştirakçılardan üstünlük çətinlik dərəcəsi yüksək olan sualları cavablandırmış iştirakçıya verilir.

3.12. Təqdim olunmuş suallar üzrə ən çox bal toplayan iştirakçılar 1-ci, 2-ci və 3-cü yerlər olmaqla Olimpiadanın qalibləri elan edilir və onlara sertifikatlar təqdim edilir.