» » » Vergi uçotu metodunun dəyişdirilməsi və əsas qaydalar

Vergi uçotu metodunun dəyişdirilməsi və əsas qaydalar

posted in: Xəbər | 0

Vergi ödəyiclərini maraqlandıran məsələlərdən biri də mikro sahibkarlıq subyektlərinin mənfəət vergisi məqsədləri üçün uçot metodunun dəyişdirilməsi zamanı vergi öhdəlikləri və vergi güzəştlərindən yararlanması hallarıdır. Uçot metodu dəyişdikdə vergi güzəşti saxlanılırmı? Dəqiqləşdirilmiş bəyannamə ilə güzəştdən yararlanmaq mümkündürmü?

Suallara sərbəst auditor Altay Cəfərov nümunələr əsasında aydınlıq gətirir. 

Misal 1: “AA” MMC mikro sahibkarlıq subyektidir. Şirkətin 2024-cü ildə illik orta hesabla 4 nəfər işçisi olub. MMC 2024-cü ildə kassa metodu ilə fəaliyyət göstərib və 2024-cü ildə mallara, işlərə və xidmətlərə görə alıcılara 180.000 manatlıq elektron qaimə-faktura göndərib. Son 12 aylıq dövriyyəni nəzərə aldıqda MMC mikro sahibkarlıq subyektinə aid olur. 2024-cü ildə şirkətin təqdim etdiyi 180.000 manatlıq dövriyyədən daxil olan məbləğ 130.000 manatdır. Odur ki, MMC-də 31.12.2024-cü ildə debitor borclarının qalığı 50.000 manat təşkil edib. Şirkətin rəhbərliyi 2025-ci ildə kassa metodunu yox, hesablama metodu ilə fəaliyyətini davam etdirmək qərarına gəlib və 2025-ci ildə uçotunu hesablama metodu ilə qurub. “AA” MMC 2025-ci ildə mallara, işlərə və xidmətlərə görə alıcılara 110.000 manatlıq elektron qaimə-faktura göndərib. Nəzərə alsaq ki, son 12 ayın dövriyyəsinə görə təqdim edilən dövriyyə 200.000 manatı keçməyib, yəni MMC-nin ƏDV ödəyicisi olmaq öhdəliyi yaranmayıb. Bu halda “AA” MMC 2024-cü və 2025-ci illərdə mənfəət vergisi bəyannaməsində hansı rəqəmləri qeyd etməlidir?

Qeyd olunduğu kimi, şirkət 2024-cü ildə mikro sahibkar olduğuna, həmçinin kassa metodu ilə uçot apardığına görə mənfəət vergisinə cəlb edilən dövriyyəsi 130.000 manat olacaq. Eyni zamanda MMC-nin illik hesabla işçilərin orta sayı 3 nəfərdən çox olduğuna görə 75% güzəşt də əldə edəcək. Odur ki, 2024-cü ildə MMC 130.000 manatdan kassa metodu ilə xərcləri çıxdıqdan sonra yerdə qalan mənfəətə 75%-lik vergi güzəşti tətbiq edəcək.

Biznes hesabi

Daha sonra isə MMC 2025-ci ildə hesablama metodu ilə fəaliyyətini davam etdirdiyinə görə vergitutma məqsədləri üçün düzəlişlərin edilməsi tələb olunur.

Belə ki, Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən, vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.

Göründüyü kimi, yuxarıdakı maddənin tələblərinə görə uçot metodu dəyişdiriləndə mühasibat əməliyyatlarına da düzəliş uçotun dəyişdirildiyi ildə aparılmalıdır. Odur ki, “AA” MMC 2024-cü ildə kassa metodu ilə uçot aparan dövrdə debitor və eyni zamanda gələcək dövrün gəlirləri kimi mühasibat yazılışları olaraq yazdığı 50.000 manata düzəlişi 2025-ci ildə etməlidir.

Bəs bu məbləğə necə düzəliş edilməlidir? Əgər MMC 2024-cü ildə kassa metodu yox, hesablama metodu ilə uçot aparsaydı, 50.000 manat gələcək dövrün gəlirləri kimi yox, cari dövrün gəlirləri kimi nəzərə alınacaqdı və yuxarıda açıqladığım kimi güzəşt tətbiq olunmaqla mənfəət vergisinə cəlb ediləcəkdi. Ancaq 2024-cü ildə uçot kassa metodu ilə apardığına və 2025-ci ildə hesablama metoduna keçdiyinə görə, mühasibat yazılışlarında düzəliş 2025-ci ildə həyata keçirilməlidir. Yəni 50.000 manat gələcək dövrün gəlirlərindən cari dövrün gəlirləri kimi 2025-ci ildə uçota alınacaq. Odur ki, 2025-ci ildə şirkətin vergiyə cəlb edilən gəlirləri 160.000 manat təşkil edəcək:

110.000 + 50.000 = 160.000 manat.

Misal 2: “AA” MMC-də 2024-cü ildə olan əməliyyatlar eynilə 1-ci misaldakı kimidir. Ancaq nəzərə alaq ki, 2025-ci ildə malların, işlərin və xidmətlərin təqdim edilməsindən gəliri 220.000 manat təşkil edib. Buna görə də 2025-ci ildə artıq şirkət mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçib. Qeyd etdiyimiz kimi, 2024-cü ildə olan əməliyyatlar olduğu kimi qalıb. Bu zaman “AA” MMC 2025-ci ildə 2024-cü ildən qalan 50.000 manatı necə uçota almalıdır və 50.000 manatdan mikro sahibkar kimi güzəşt əldə edə bilirmi?

Məsələyə bir az dərindən yanaşaq. Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddədən də aydın olur ki, 2024-cü ildə daxil olmayan 50.000 manat gəlir kimi sayılmır.

Məcəllənin 135.1-ci maddəsində göstərilib ki, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu zaman gəliri almaq hüququ əldə edilmiş sayılır.

Vergi Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Buradan da aydın olur ki, 50.000 manatlıq mallar, işlər və xidmətlər birbaşa 2025-ci ildə təqdim edilmədiyinə görə, 2025-ci ilə aid olan gəlir kimi sayılmaya bilər.

Əgər kassa metodu ilə uçot zamanı 50.000 manat gəlir kimi nəzərə alınmamışdırsa və MMC 2025-ci ildə faktiki olaraq 50.000 manatlıq mallar, işlər və xidmətlər təqdim etmədiyi üçün bu məbləğ 2025-ci ildə gəlir kimi nəzərə alınmayacaqsa, hansı ildə gəlir kimi tanınacaq? Sadə formada desək, 50.000 manat ortalıqda qalmış kimi görünür. Odur ki, çıxış yolu kimi Məcəllənin 130.5-ci maddəsinə istinad edilməlidir.

Maddədən də aydın olur ki, 50.000 manatlıq gəlir 2025-ci ildə tanınacaq. MMC 2025-ci ildə mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçdiyindən 50.000 manat məbləğə 75% güzəşt tətbiq edə bilməyəcək. Bəs şirkətin 75% -lik güzəştdən yararlana bilməsi üçün başqa yol varmı?

Bunun üçün “AA” MMC 2024-cü il üçün uçot metodunu (siyasətini) dəyişdirərək kassa metodundan hesablama metoduna keçməlidir. Buna müvafiq olaraq, 2024-cü il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini təqdim etməklə 75% güzəştdən tam yararlana bilər.

Mənbə: vergiler.az

Azərbaycanda bu il üzrə sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

error: Content is protected !!