» » » Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

Vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq üçün səmərəli mexanizmlər

posted in: Xəbər | 0

Vergi öhdəliklərinin yerinə yetirilməsi və vergi borclarının ödənilməsini təmin etmək vergi sistemləri üçün vacib çağırışlardan biridir. Bunun bir neçə başlıca səbəbi var. İlk növbədə, bu, vergi borclarının düzgün idarə edilməsi, vergilərin ədalətli və şəffaf şəkildə toplanmasına şərait yaradır. Ədalətli və şəffaf vergi toplanması isə dövlətin vergi sisteminə olan etibarı gücləndirir. İnsanlar öz öhdəliklərini yerinə yetirməkdə daha çox könüllü olurlar.

Vergi borclarının düzgün idarə edilməsi vergi ödəyicilərinin hüquqlarını və mülkiyyətlərini qoruyur. Dövlətin maliyyə ehtiyatlarının düzgün idarə olunmasına, iqtisadi inkişaf və sabitliyə müsbət təsir göstərir. Bu, həm daxili, həm də xarici investisiyaların cəlb olunmasına şərait yaradır. Vergi borclarının düzgün toplanması dövlətin vacib maliyyə resurslarını artırır və bu, sosial xidmətlər, infrastruktur layihələri və digər dövlət proqramlarının maliyyələşdirilməsinə kömək edir. Vergi borclarının effektiv şəkildə idarə edilməsi dövlət büdcəsini daha səmərəli planlaşdırmağa və xərcləri düzgün istiqamətləndirməyə imkan verir. Qlobal miqyasda vergi borclarının düzgün idarə edilməsi ölkələr arasında əməkdaşlığı gücləndirir, beynəlxalq vergi mübahisələrini həll etməyə kömək edir. Bu üstünlüklərlə yanaşı, vergi borcları sahəsində səmərəli idarəetmə maliyyə intizamını da təmin edir.

Bəzi vergi orqanları vergi borcunun idarə olunması strategiyasını
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) vergi yığımı üzrə
dörd əsas prinsipini rəhbər tutmaqla hazırlayırlar

Dünya təcrübəsində maliyyə intizamının təmin edilməsinə yanaşmalar

Bəzi vergi orqanları vergi borcunun idarə olunması strategiyasını İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) vergi yığımı üzrə dörd əsas prinsipini rəhbər tutmaqla hazırlayırlar. Bunlara ödəniş tarixindən əvvəl vergi ödəyiciləri ilə əlaqə, ödəniş tarixindən sonra yığımın maksimal dərəcədə artırılması, icra səlahiyyətlərinin effektiv və vaxtında tətbiqi və real borcun bərpası daxildir. Ödəniş tarixindən əvvəl vergi ödəyiciləri ilə əlaqə dedikdə vergi ödəyicilərinə ödəniş öhdəliklərini anlamaqda və yerinə yetirməkdə kömək etmək, öhdəlikləri icra etmək üçün mövcud elektron xidmətlər və şəxsi hesablar/portal barədə məlumat vermək, SMS və digər vasitələrlə son ödəniş tarixlərini xatırlatmaq, borca düşmə riski daha yüksək olan vergi ödəyiciləri ilə əlaqə yaratmaq kimi tədbirlər nəzərdə tutulur. Ödəniş tarixindən sonra yığımın maksimal dərəcədə artırılmasına isə borclu vergi ödəyiciləri ilə əlaqə yaradaraq onların ödəniş etməsini mümkün qədər tez təmin etmək, ödəniş edə bilməyən, amma ödəniş etmək istəyən borcluları müəyyən etmək və ödəmə planlarını təşviq etmək daxildir. İcra səlahiyyətlərinin effektiv və vaxtında tətbiqinə borc yığımı prosesində hüquqi və inzibati vasitələrdən məqsədəuyğun istifadə etmək, məhkəmə qərarları, güzəştlər, faizlər və digər tədbirlərlə borcun aradan qalxmasını təmin etmək, səlahiyyətlərin tətbiqində şəffaflıq və ədalət prinsiplərinə riayət etmək aid edilir. Realistik borc yığımı isə borc yığımı üçün prioritetləri müəyyənləşdirmək, o cümlədən borcun ölçüsü, vergi ödəyicisinin maliyyə vəziyyəti və borcun müddətini nəzərə almaq, borcun tamamilə yığılması mümkün olmayan hallarda alternativ həll yollarını tətbiq etmək, mürəkkəb və çoxmərhələli borc yığımı proseslərini effektiv idarə etmək, borcun idarə olunmasında adaptiv yanaşmalar tətbiq etmək kimi məsələləri əhatə edir.

TADAT metodologiyasına əsasən, vergi borclarının məbləği və hərəkət göstəricisi
büdcə ilinin sonunda ümumi vergi borclarının həmin tarixə olan
ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür

Azərbaycanda vergi borclarının tənzimlənməsi təkmilləşdirilir

Ölkəmizdə vergi borclarının yığılmasının effektivliyinin artırılması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi, bu sahədə məlumatlılığın artırılması və vergi öhdəliklərinin daha effektiv yerinə yetirilməsi mexanizmlərinin təkmilləşdirilməsi diqqətdə saxlanılır. Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində son zamanlar edilmiş mühüm dəyişikliklərdən biri vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Bu mexanizm müasir iqtisadi şəraitə uyğunlaşdırılıb. Bu sahədə təkmilləşdirmələrin dünya təcrübəsinə uyğunluğunun təmin edilməsi üçün beynəlxalq təcrübə də öyrənilir. Belə ki, Dövlət Vergi Xidməti (DVX) ilə Dünya Bankı (DB) arasında “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” üzrə əməkdaşlıq çərçivəsində “Vergi öhdəliyinin qabaqcıl ölkələrin təcrübəsi əsasında idarə olunması” modulu üzrə müzakirələr aparılır. Modulun məqsədi Azərbaycanın vergi sistemində borc həcminin tərkibini müəyyənləşdirmək, yaranması səbəblərini aradan qaldırmaq üçün tövsiyələr hazırlamaq və vergi borclarının alınması sahəsində müasir alətlər haqqında maarifləndirmə tədbirlərini təqdim etməkdir. Vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsini təmin edən vasitələrdən biri də Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT). TADAT metodologiyasına əsasən, vergi borclarının məbləği və hərəkət göstəricisi büdcə ilinin sonunda ümumi vergi borclarının həmin tarixə olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Bu metodologiyaya əsasən, DVX tərəfindən 2024-cü il üzrə borcun alınması sahəsində həyata keçirilmiş inzibatçılıq “lazımi səviyyədə təşkil olunmuş” kimi qiymətləndirilib. DVX tərəfindən vergi ödəyiciləri arasında vergi borclarının ödənilməsi barədə məlumatlandırmanı artırmaq məqsədilə bir çox tədbirlər həyata keçirilir. Qeyd edək ki, vergi ödəyiciləri üçün vergi borcu haqqında məlumatın asan və sadə üsulla əldə edilməsi məqsədilə elektron xidmətlər yaradılıb və DVX-nin rəsmi elektron səhifəsində yerləşdirilib (https://www.taxes.gov.az/az/page/vergi-borcu-barede-melumatin-elde-olunmasi). Bundan başqa, prosesi əyani izah edən videotəlimat da hazırlanıb (https://www.taxes.gov.az/az/post/3448). DVX tərəfindən borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri həyata keçirilir. Bütün bu təkmilləşmələr, yanaşmalar və metodlar vergi öhdəliklərinin düzgün yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu isə öz növbəsində etibarlılıq, müasirlik və innovasiyaların vəhdətini təmin etməklə vergi ödəyicilərinin öz öhdəliklərini könüllü olaraq tam yerinə yetirdiyi, iqtisadi inkişafa verdikləri töhfəni aydın görə bildiyi bir vergi mədəniyyəti formalaşdırmağa imkan yaradır.

Mənbə: vergiler.az

Vergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi?