» » » Vergi Məcəlləsində dəyişikliklər barədə qanun layihəsi müzakirə olunub

Vergi Məcəlləsində dəyişikliklər barədə qanun layihəsi müzakirə olunub

posted in: Vergi, Xəbər | 0

Oktyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Reklam haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Avtomobil yolları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Bildirilib ki, bu qanun layihələrində texniki dəyişikliklər edilir.

Deputatlar, həmçinin, Vergi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə də baxıblar. Qeyd edilib ki, bu qanun layihələrinə də təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.

Müzakirə edilən məsələlər barədə deputatların fikir və təklifləri səsləndirildikdən sonra qeyd olunan layihələr Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.