Dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə edilən gəlir mənfəət vergisindən azad olunurmu?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinə əsasən, müvafiq qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə edilən gəlir mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları vergilər, hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə vergi borclarını əhatə edir. Yerinə yetirilmə müddəti başa çatmış hər bir vergi borcuna münasibətdə sözügedən maddənin müddəası ayrılıqda tətbiq olunur.
Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq olunan maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir.
Eyni zamanda, müvafiq azadolma sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə qəbul edilmiş qanunvericilik sənədində silinməsi nəzərdə tutulan vergi borclarına münasibətdə tətbiq olunur. Belə sənədə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunu nümunə göstərmək olar.
Əsas: Vergi Məcəlləsinin 78-ci və 106-cı maddələri, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun
Mənbə: vergiler.az