» » » Vaqner qanunu barədə məlumat

Vaqner qanunu barədə məlumat

posted in: Xəbər | 0
birbank biznes

Vaqner qanunuABŞ prezidenti Franklin Ruzveltin Yeni kursu çərçivəsində senator Robert Vaqnerin (Robert Wagner) təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən 1935-ci il iyulun 5-də qəbul edilmiş Vaqner qanunu (rəsmi adı Wagner Act – Əmək münasibətləri haqqında milli qanun, National Labor Relations Act) əmək münasibətlərinin tənzimlənməsi barədə qanundur.

Qanunun qəbul edilməsi Böyük depressiya ilə bağlı kəskinləşən sinif ziddiyyətlərini yumşaltmaq zərurətindən irəli gəlirdi.

Vagner qanunu işçilərin kollektiv müqavilələr təşkil etmək və bağlamaq hüququnu elan etdi, bəzi tətillər üçün hüquqları leqallaşdırdı. Qanun işəgötürənlərin kollektiv müqavilələrdən imtina etmələrini, öz şirkətlərinin nəzdində həmkarlar ittifaqlarının yaradılmasını qadağan edirdi.  Bundan əlavə, muzdla işə götürmə zamanı diskriminasiyaya yol verilməsini və ya həmkarlar fəaliyyətində iştirak motivi ilə və ya işçinin qanuni hüquqlarından istifadə etməsinə görə işdən çıxarılmasını qadağan edirdi.

Vaqner qanunu, işdən çıxarılan əməkdaşları bərpa etmək hüququ da daxil olmaqla geniş səlahiyyətlərə sahib üç üzvdən ibarət olan Milli əmək münasibətləri şurasını (National Labor Relations Board) yaratdı. Əmək münasibətləri üzrə Milli şura həmkarlar ittifaqlarının yaradılması prosesini və onların fəaliyyətini müşahidə edirdi. Zərurət yarandıqda o, müəssisədə həmkarlar ittifaqının yaradılması məsələsini qaldıra bilərdi.

Vaqner qanununun konstitusionluğu 1937-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən qəbul edilmişdir. Federal akt olduğu zamanlarda, qanun yalnız federal əhəmiyyətli müəssisələrdə çalışan işçilərə şamil olunub; ancaq o, ştatların qanunvericiliyinə də təsir göstərmişdi, onların əksəriyyəti Vaqnerin kiçik qanunlarını qəbul etmişdi. Bu qanun 20-ci əsrdə əmək qanunvericiliyinin təşəkkülündə daha əhəmiyyətli addım olmuş, 1936-cı ildə keçirilmiş prezident seçkiləri zamanı həmkarlar ittifaqlarının Franklin Ruzveltə dəstəyini təmin etmişdir.

Təcrübədə Vaqner qanununun tətbiqi sahibkarların müqavimətinə səbəb olmuşdu, onlar yerlərdə öz nüfuzlarından istifadə edərək fəhlələrə güzəştləri minimuma endirməyə çalışırdılar. Həmkarların hüquqlarının genişlənməsinin mənfi tərəfləri də var idi. Həmkarlar ittifaqının üzvü olmadan işə düzəlmək mümkün olmayan “qapalı sexlər” –  müəssisələr yaranmışdı. Bir sıra həmkarlar ittifaqları həm fəhlələrə, həm də sahibkarlara təzyiq göstərən mafiya strukturları tərəfindən idarə olunurdu.

Artıq, 1943 – cü ildə Smit Konneli qanunu qəbul edilmiş və həmkarlar ittifaqlarının bəzi səlahiyyətlərini məhdudlaşdırmışdı. 1947-ci ildə isə əmək münasibətləri haqqında yeni qanun – Taft-Hartley qanunu əslində Vaqner qanununu əvəz etmişdi.

Vaqner qanununun qüvvədə olduğu illər ərzində Amerika həmkarlar ittifaqları üzvlərinin sayı üç dəfə artaraq 15 milyon nəfərə çatmışdı və müəssisələrin böyük əksəriyyətində kollektiv müqavilələr bağlanmışdı.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun