» » » Üfüqi monitorinq vergi ödəyicilərinə hansı imkanları açır?

Üfüqi monitorinq vergi ödəyicilərinə hansı imkanları açır?

posted in: Xəbər | 0

Vergi Məcəlləsində 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərdən biri də yeni nəzarət mexanizmi ilə bağlıdır. Bu ildən orta və iri sahibkarlıq subyektləri üçün üfüqi monitorinq sistemi işə düşüb. Yeni vergi nəzarət mexanizminin mahiyyəti orta və iri sahibkar subyektlərinin vergi orqanları ilə daha şəffaf əməkdaşlığının təmin edilməsindən ibarətdir. 

Yeniliyi “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Ziya Həmidli şərh edir. 

Üfüqi monitorinq vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətin yeni formasıdır. Bu mexanizm klassik səyyar və kameral yoxlamalardan fərqli olaraq davamlı informasiya mübadiləsinə, daxili nəzarət sisteminə və vergi risklərinin əvvəlcədən açıqlanmasına əsaslanır. Modelin əsas ideyası dövlət və vergi ödəyicisi arasında açıq əməkdaşlıq qurmaq, riskləri erkən mərhələdə müəyyən etmək və nəzarəti daha proqnozlaşdırıla bilən formada həyata keçirməkdir. Üfüqi monitorinq transfer qiymətləri və xarici dövlət orqanlarından daxil olan məlumatların araşdırılmasını əhatə etmir. Bu istiqamətlər ayrıca nəzarət tədbirləri ilə həyata keçirilir.

Üfüqi monitorinq heç bir iqtisadi fəaliyyət sahəsi ilə məhdudlaşmır. Üfüqi monitorinq yalnız müəyyən meyarlara cavab verən vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur.

Biznes hesabi

1. Orta sahibkarlıq subyekti – işçilərinin orta siyahı sayı 51–250 nəfər, illik gəliri isə 3 milyon – 30 milyon manat arasında olan müəssisələrdir. İri sahibkarlıq subyekti – işçilərinin orta siyahı sayı 251 nəfər və daha çox, illik gəliri isə 30 milyon manatdan yuxarı olan müəssisələr.

2. Mühasibat və vergi uçotu avtomatlaşdırılmış proqram təminatı vasitəsilə aparılmalıdır. Məsələn: 1C, SAP kimi sistemlərdən istifadə edən şirkətlər.

3. Daxili nəzarət sistemi qurulmalı və mümkün vergi riskləri sistemli şəkildə müəyyən edilməlidir.

4. Risklərin idarə olunması prosedurları formalaşdırılmalıdır.

Aşağıdakı hallarda olduğu zaman üfüqi monitorinqə qoşulmaq mümkün deyil:

1. Vergi ödəyicisi riskli vergi ödəyicisi kimi tanınmışdırsa.

2. Vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi mövcuddursa.

Üfüqi monitorinqə qoşulma prosesi vergi ödəyicisinin müəyyən edilmiş müddət daxilində vergi orqanına ərizə təqdim etməsi ilə başlayır. Ərizəyə vergilərin hesablanması və ödənilməsi qaydaları, daxili nəzarət sisteminin strukturu, eləcə də vergi risklərinin siyahısı və onların idarə olunma mexanizmi barədə məlumatlar əlavə edilir. Vergi orqanı təqdim olunmuş sənədləri qanunvericilikdə müəyyən edilmiş müddətdə araşdırır və əsaslandırılmış inzibati qərar qəbul edir. Qəbul qərarı bir dəfə verilir və vergi ödəyicisi sistemdən çıxarılmadığı müddətdə növbəti hesabat dövrləri üçün də hüquqi qüvvəsini saxlayır.

Üfüqi monitorinqin üstünlükləri

Monitorinqə qəbul edilmiş vergi ödəyiciləri üzrə nəzarət fərqli rejimdə həyata keçirilir. Belə ki, monitorinq olunmuş dövr ərzində həmin vergi ödəyiciləri üzrə kameral və səyyar vergi yoxlamaları aparılmır. Bununla yanaşı, qanunvericilik müəyyən hallarda məhdudlaşdırılmış növbədənkənar yoxlama imkanını nəzərdə tutur. Bu hallar yalnız transfer qiymətlərinin tətbiqi ilə bağlı əməliyyatlar, xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olan sorğular və xaricdə əldə olunan gəlirlərlə bağlı məlumatlar üzrə həyata keçirilir. Bu zaman yoxlama yalnız həmin konkret əməliyyatlarla məhdudlaşdırılır.

Üfüqi monitorinqin əsas yeniliyi ondan ibarətdir ki, vergi nəzarəti “sonradan yoxlama” modelindən çıxaraq davamlı, şəffaf və əməkdaşlığa əsaslanan sistemə çevrilir. Bu isə sahibkarlar üçün bir sıra real üstünlüklər yaradır. Klassik sistemdə sahibkarlar istənilən vaxt səyyar və ya kameral yoxlamaya məruz qala bilirdilərsə, üfüqi monitorinqdə bu yoxlamalar demək olar ki, dayandırılır. Nəticədə şirkətlər öz maliyyə planlamasını daha sabit şəkildə qura bilir.

Digər mühüm üstünlük vergi risklərinin əvvəlcədən aşkarlanmasıdır. Vergi orqanı məlumatlara real vaxtda çıxış əldə etdiyi üçün problem böyümədən müəyyən edilir və sahibkara əvvəlcədən düzəliş imkanı verilir. Bu, sonradan tətbiq edilə biləcək böyük maliyyə sanksiyalarının qarşısını alır.

Eyni zamanda, bu sistem inzibati yükü azaldır. Sahibkar tez-tez yoxlamalarla qarşılaşmır və sənədlərin təkrar-təkrar təqdim edilməsi ehtiyacı azalır. Bütün məlumatlar elektron platforma üzərindən paylaşılır.

Mənbə: vergiler.az

Azərbaycanda POS-terminalların sayının kəskin azalmasının səbəbi açıqlanıb