» » » Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 5 %-ə endirilib, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

“Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.

Biznes hesabi

Faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin AMB-nin pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddi və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.

Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşlarından daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə AMB-nin inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini artıracağı gözlənilmir.

Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri və onların daxili iqtisadiyyata ötürülmə intensivliyini nəzərə alaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında nəzərdən keçiriləcək”, – deyə AMB bəyan edib.

Mənbə: report.az

Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar artıb