» » » Transfer qiymətlərinin hesablanmasında beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi

Transfer qiymətlərinin hesablanmasında beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi

posted in: Xəbər | 0
birbank biznes

Mərkəzləşdirilmiş mühasibatlıq nədirMüasir dövrdə transfer qiyməti beynəlxalq vergitutma sahəsinin aktual mövzularından birinə çevrilib. Mövzunu EKVİTA şirkətinin baş vergi məsləhətçisi Meyxanım Ələkbərova şərh edib.

Transfer qiymətlərinin aktuallaşmasının əsas səbəblərindən biri son illərdə beynəlxalq ticarət dövriyyəsinin böyük hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olmasıdır. Respublikamızda da bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi nəzarətinin gücləndirilməsi məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib.

I. Təcrübədə rezidentin özünün daimi nümayəndəlikləri ilə apardığı əməliyyatlara tez-tez rast gəlinir. Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsi dəyişiklikdən əvvəl bu əməliyyatlar üzrə transfer qiymətlərinin tətbiqini istisna edirdi. Dəyişikliklərdən sonra isə rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında apardığı əməliyyatlara da transfer qiymətinin tətbiqi nəzərdə tutulur.

II. Bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan şəxslər arasında sövdələşmə yolu ilə vergidən yayınma məqsədi daşıyan qiymətlərdə və əməliyyatlarda bir çox manipulyasiyalara rast gəlmək olur. Bu vəziyyət vergidən yayınma hallarını artırır. Ölkəmizdə bu kimi hallarda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə yeni əlavə edilmiş 14-1.2.4-ci maddəsinə əsasən, transfer qiyməti bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan şəxslər arasında aparılan əməliyyatlara da tətbiq ediləcək, bu şərtlə ki:

– şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);

– Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.

Həmin əməliyyatlarda beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi həm bazarda rəqabətin artmasına, həm də vergitutma bazasının genişlənməsinə səbəb olacaq. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, bir çox xarici ölkələrdə transfer qiyməti bir çox (istisna və xüsusi hallar nəzərə alınmaqla) beynəlxalq əməliyyatlara tətbiq edilir.

III. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, dəyişikliklərdən əvvəl Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad olunduğu halda, 14-1-ci maddəyə istinad verilməmişdi. Bu da Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmtəəsiz apardıqları əməliyyatları üzrə məbləğlərin xərcə silinməsinə şərait yaradırdı. Məcəlləyə edilən son dəyişikliklərdən sonra isə faktiki olaraq 14-1-ci maddədə aparılacaq hesablaşmalar əmtəəsiz aparılan əməliyyatlara tətbiq edilmir.

IV. Vergi Məcəlləsində edilən digər bir yenilik transfer qiymətləndirmə ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi məqsədilə yeni sənədləşmələrin tətbiqidir. Belə ki, Məcəllənin 16.1.4-1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vəzifələrinə Master File, Local File-ın vergi orqanının tələbi ilə təqdim edilməsi vəzifəsi əlavə edilmişdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) BEPS (Base Erosion and Profit Shifting) layihəsinin 13-cü fəaliyyət planı (Action) transfer qiymətləri ilə bağlı aparılan sənədləşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və bu sahədə məlumatların vahid platformada mübadiləsi, transmilli şirkətlərdə transfer qiymətləri yoxlamaları zamanı bu məlumatlardan istifadə edilməsi, transmilli şirkətlərin beynəlxalq vergitutma prinsipləri əsasında vergiyə cəlb olunmasına əminlik yaradılması və s. məsələləri əhatə edir. Master Fayl və Lokal Fayl BEPS fəaliyyət planı çərçivəsində tələb edilən sənədləşmə formalarıdır. Master file şirkətin bağlı olduğu qrupun təşkilati sturukturu, qrupun fəaliyyətinin təhlili və qrup daxilində şirkətlərin bir-biriləri ilə həyata keçirdiyi kommersiya əməliyyatları, qrupun sahib olduğu qeyri-maddi aktivlər haqqında məlumatı, qrup daxilində həyata keçirilən maliyyə əməliyyatları, qrupun maliyyə və vergi vəziyyəti haqqında məlumatları əhatə edir. Lokal fayl yerli şirkətin idarəetmə sturukturunu, vergi ili ərzində həyata keçirilən şirkətdaxili əməliyyatları, şirkətlərarası müqavilələri, transfer qiymətinin müəyyən edilməsi metodologiyasını və tətbiqini, yerli şirkətin maliyyəsi haqqında məlumatları əhatə edir.

Vergi ödəyicilərinə əvvəlcədən transfer qiymətləri üçün hazırlanmalı olan ilkin sənədləşmələr barədə məlumatın müvafiq qanunvericilikdə öz əksini yaxın vaxtlar tapmasını düşünürük. Bu həm müvafiq sahədə vergi yoxlamalarının effektivliyini artıracaq, həm də vergi ödəyicilərində transfer qiymətləri ilə bağlı sənədləşmədə müəyyənlik yaradacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun