Bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarları maraqlandıran əsas məsələlərdən biri də bina tikintisi bir neçə hesabat dövrünü əhatə etdikdə həmin tikinti üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsidir.
Mövzu ilə bağlı qanunvericiliyin tələblərini iqtisad elmləri üzrə fəlsəfə doktoru, vergi eksperti İsmayıl Bağırov açıqlayır.
Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim olunan yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması üzrə çəkilən məsrəflər əsasında müəyyən edilir.
Misal 1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan müəssisə 2025-ci il ərzində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı 300.000 manat gəlir əldə edib. Təqdim olunan yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üzrə çəkilən xərclər isə 240.000 manat, o cümlədən həmin xərclərin 40.000 manatı torpaq sahələrinin alınması ilə bağlı çəkilən xərclərdən ibarət olub. Müəssisənin mənfəətini müəyyən edək.
Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən torpağın alınmasına çəkilən xərclər tikilən binanın dəyərini təşkil edən xərc kimi qəbul olunduğundan, müəssisənin mənfəəti 60.000 manat olacaq:
300.000 – 240.000 = 60.000 manat.
Vergi Məcəlləsinin 130.6.1-ci və 130.6.3-cü maddələrinə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılır:
– tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;
– həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri Vergi Məcəlləsinin 130.6.1-ci maddəsinə əsasən müəyyən edilmiş həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;
– faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.
Bina tikintisi sahəsində aparılan əməliyyatın xüsusiyyətlərinə görə tikinti işləri bir neçə hesabat ilini əhatə edir, alğı-satqı əməliyyatları üzrə müqavilələr bir qayda olaraq tikinti işləri tam başa çatmamışdan əvvəl bağlanılır və tikinti işləri ilə bağlı xərclər mərhələli şəkildə çəkilir.
Vergi Məcəlləsinin 130.6-cı maddəsinin ikinci abzası uzunmüddətli tikinti müqavilələrində gəlirin mərhələlər üzrə tanınması qaydasını müəyyən edir. Yəni binanın tam təhvil verilməsini gözləmədən tikintinin hansı hissəsinin başa çatdığı müəyyən edilir və həmin nisbətdə gəlir və mənfəət tanınır. Burada əsas məqsəd tikintinin yerinə yetirilmə həcminə uyğun olaraq mənfəət vergisinin hesablanması qaydasını müəyyən etməkdir. Beləliklə, mənfəətin hesablanması qaydası aşağıdakı ardıcıllıqla müəyyən edilir.
1-ci addım tikintinin hansı hissəsinin yerinə yetirildiyini xərclər əsasında müəyyən etmək üçün Vergi Məcəlləsinin 130.6.1-ci maddəsinə uyqun olaraq xüsusi çəki müəyyən edilir. Yəni vergi ödəyicisinin hər bina üzrə faktiki çəkdiyi xərci ümumi qiymətləndirilən xərcə bölərək işin yerinə yetirilmə faizi müəyyən edilitr.
2-ci addım müəyyən edilən xüsusi çəki, yəni işin yerinə yetirilmə faizi Vergi Məcəlləsinin 130.6.2-ci maddəsinə əsasən həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyərinə tətbiq olunaraq tanınacaq gəlir müəyyən edilir.
3-cü addım xüsusi çəki tətbiq edilərək müəyyən edilən vergitutma məqsədləri üçün tanınmış gəlirdən faktiki xərc çıxılaraq mənfəət müəyyənləşdirilir.
Misal 2. İnşaat firması yaşayış binasının tikintisini həyata keçirir. Tikilən binanın bağlanmış müqavilələr üzrə satış dəyəri 12.000.000 manat, binanın tikintisi üzrə ümumi qiymətləndirilən xərc (xərclər smetası) 9.000.000 manat, 2026-cı ilin sonunda faktiki çəkilmiş xərc 3.600.000 manat olub. Firmanın mənfəət vergisinin hesablanması qaydasına baxaq.
1-ci addımda xüsusi çəki müəyyən edilir. Belə ki, Məcəlləsinin 130.6.2-ci maddəsində müəyyən edilmiş qaydada hesablanan işin yerinə yetirilmə həcmi 40%-dir (3.600.000 / 9 000.000 = 0,40) x 100 = 40%). Deməli, bina üzrə tikinti işləri 40% tamamlanmış hesab edilir.
2-ci addımda tanınacaq gəlir hesablanır. Belə ki, tikilən binanın bağlanmış müqavilələr üzrə satılmış dəyəri 12.000.000 manat, tamamlanma faizinin isə 40% olduğu nəzərə alınaraq, vergitutma məqsədləri üçün tanınacaq gəlir 4.800.000 manat olacaq:
12.000.000 x 40% = 4.800.000 manat.
3-cü addımda mənfəət hesablanır. Burada vergitutma məqsədləri üçün tanınmış gəlirin 4.800.000 manat, faktiki xərcin isə 3.600.000 manat olduğu nəzərə alınaraq firmanın mənfəəti 1.200.000 manat olacaq:
4.800.000 – 3.600.000 = 1.200.000 manat.
Qeyd edək ki, Vergi Məcəlləsinin 138.1-ci müddəsinə əsasən, uzunmüddətli müqavilə dedikdə, müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma, tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə nəzərdə tutulur. Müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr isə uzunmüddətli müqavilələrə aid edilmir.
Vergi Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun qaydada uçota alınır.
Vergi Məcəlləsinin 138.3-cü maddəsinə əsasən, müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.
Misal 3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan müəssisənin smeta, gəlir və xərc məlumatları aşağıdakı cədvəldə qeyd edilən kimi olub. Bunu misalla izah edək.
Bina tikintisi fəaliyyətində gəlir və xərclərin tanınması cədvəli
|
Göstəricilər |
Smetada nəzərdə tutulan |
2023-cü il |
2024-cü il |
2025-ci il |
Yekun |
|
Binanın smetada nəzərdə tutulan sahəsi (kv.m) |
3.000 |
||||
|
Binanın xərclər smetası (manat) |
2.500.000 |
||||
|
Binanın ƏDV-siz şərti satış qiyməti (1 kv.m üçün manatla) |
1.500 |
1.600 |
1.750 |
||
|
Bağlanmış müqavilələr üzrə satılmış binanın sahəsi (kv.m) |
1.500 |
1.000 |
500 |
3.000 |
|
|
Bağlanmış müqavilələr üzrə satılmış binanın dəyəri (manatla) |
2.250.000 |
1.600.000 |
875.000 |
4.725.000 |
|
|
Gələcək dövr gəlirləri nəzərə alınmaqla – cəmi gəlir |
2.250.000 |
2.770.000 |
1.429.000 |
6.449.000 |
|
|
Çəkilmiş faktiki xərclər (manatla) |
1.200.000 |
800.000 |
500.000 |
2.500.000 |
|
|
İllər üzrə artan yekunla xərclər |
1.200.000 |
2.000.000 |
2.500.000 |
2.500.000 |
|
|
İşin yerinə yetirilmə həcmi (faizlə) |
48% |
80% |
100% |
100% |
|
|
Vergitutma məqsədləri üçün gəlir |
1.080.000 |
2.216.000 |
1.429.000 |
4.725.000 |
|
|
Vergitutma məqsədləri üçün xərc |
1.200.000 |
800.000 |
500.000 |
2.500.000 |
|
|
Mənfəət (zərər) |
–120.000 |
1.296.000* |
929.000 |
2.225.000 |
|
|
Mənfəət vergisi |
0 |
259 200 |
185.800 |
445.000 |
|
|
İlin sonuna gələcək dövrün gəliri |
1.170.000 |
554.000 |
0 |
Cədvələ əsasən, tikinti şirkətinin tikilən bina üzrə xərclər smetası 2.500.000 manatdır. Şirkətin inşa etdiyi bina üzrə 2023-ci ildə çəkilmiş faktiki xərcləri 1.200.000 manat, 2024-ci ildə 800.000 manat, 2025-cü ildə isə 500.000 manat olub. Binanın sahəsi 3.000 kvadratmetrdir.
Bağlanmış müqavilələrə əsasən, 2023-ci ildə ƏDV-siz satış qiyməti 1 kv.m üçün 1.500 manat olduğundan, 1.500 kv.m satışa görə 2.250.000 manat gəlir yaranıb:
1.500 x 1.500 = 2.250.000 manat.
2024-ci ildə 1 kv.m üçün satış qiyməti 1.600 manat olduğundan, 1.000 kv.m satışa görə 1.600.000 manat gəlir yaranıb:
1.000 x 1.600 = 1.600.000 manat.
2025-cü ildə isə 1 kv.m üçün satış qiyməti 1.750 manat olduğundan, 500 kv.m satışa görə 875.000 manat gəlir yaranıb:
500 x 1750 = 875.000 manat.
Bu halda faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisini, yəni işin yerinə yetirilmə həcmini müəyyən edək: 2023-ci ildə 48% ((1.200.000 : 2.500.000 = 0,48) x 100 = 48%), 2024-ci ildə 80% ((1.200.000 + 800.000) : 2.500.000 = 0,8 ) x 100 = 80%), 2025-cü ildə isə 100% ((1.200.000 + 800.000 + 500.000) : 2.500.000 =1) x 100 = 100%) təşkil edir.
Bu halda illər üzrə tikinti şirkətinin gəlirini, xərcini, mənfəətini və mənfəət vergisini müəyyən edək.
Qeyd edək ki, yuxarıdakı cədvəldə 2024-ci ilin mənfəəti hesablanarkən 2023-cü ildə yaranmış 120.000 manat zərər 2024-cü ilin mənfəəti olan 1.416.000 manat məbləğindən çıxıldığı üçün 2024-cü ilin mənfəəti 1.296.000 manat (1.416.000 – 120.000 = 1.296.000) olub.
2023-cü il üzrə
Vergitutma məqsədləri üçün gəlir: 1.080.000 manat (2.250.000 × 48% = 1.080.000);
Vergitutma məqsədləri üçün xərc: 1.200.000 manat;
Mənfəət / zərər: –120.000 manat (1.080.000 −1.200.000= –120.000);
Mənfəət vergisi: 0 manat, çünki 2023-cü ildə mənfəət deyil, 120.000
manat zərər yaranıb.
İlin sonuna gələcək dövrün gəliri: 1.170.000 manat (2.250.000 – 1.080.000 = 1170000);
2024-cü il üzrə
2024-cü ildə vergitutma məqsədləri üçün gəlirin tərkibində əvvəlki ildən qalan 1.170.000 manat gələcək dövr gəliri və 2024-ci ildə bağlanmış müqavilələr üzrə 1.600.000 manat gəlir birlikdə nəzərə alınıb:
Vergitutma məqsədləri üçün gəlir: 2.216.000 manat (1.170.000 + 1.600.000
= 2.770.000) x 80% = 2.216.000);
Vergitutma məqsədləri üçün xərc: 800 000 manat;
Mənfəət: 1.296.000 manat ( 2.216.000 – 800.000 =1.416.000)
– 120.000 (əvvəlki ilin zərəri) =1.296.000);
Mənfəət vergisi: 259.200 manat ( 1.296.000 x 20% = 259.200);
İlin sonuna gələcək dövrün gəliri: 554.000 manat ( 2.770.000 – 216.000 = 554000).
2025-ci il üzrə
2025-ci ildə vergitutma məqsədləri üçün gəlirin tərkibində əvvəlki ildən qalan 554.000 manat gələcək dövr gəliri və 2025-cü ildə bağlanmış müqavilələr üzrə 875.000 manat gəlir birlikdə nəzərə alınıb:
Vergitutma məqsədləri üçün gəlir: 1.429.000 manat ( 554.000 + 875.000 =
1.429.000) x 100% = 1.429.000);
Vergitutma məqsədləri üçün xərc: 500.000 manat;
Mənfəət: 929.000 manat (1.429.000 – 500.000 =
929.000);
Mənfəət vergisi: 185.800 manat (929.000 x 20%=185.800);
İlin sonuna gələcək dövrün gəliri: 0 manat, çünki bina üzrə bütün
müqavilələr və gəlirlər tam tanınıb.
Yekun nəticə
Vergitutma məqsədləri üçün yekun gəlir: 4.725.000 manat (1.080.000 + 2.216.000
+ 1.429.000 = 4.725.000);
Vergitutma məqsədləri üçün yekun xərc: 2.500.000 manat (1.200.000 + 800.000 +
+ 500.000 = 2.500.000);
Mənfəət: 2.225.000 manat (4.725.000 – 2.500.000 =
= 2.225.000);
Mənfəət vergisi: 445.000 manat ( 2.225.000 x 20% =
= 445.000)
Qeyd edək ki, çəkilən xərclər yekunda smetadan yüksək olduğu halda faktiki xərclər əsas götürülür. Xərclər smeta üzrə təsdiq edilən xərclərdən az olduqda sonuncu hesabat ilində dürüstləşmə aparılır.
Mənbə: vergiler.az
