» » » Sahibkarlıq subyektlərinin təsnifatı necə müəyyənləşdirilir?

Sahibkarlıq subyektlərinin təsnifatı necə müəyyənləşdirilir?

posted in: Xəbər | 0
birbank biznes

Sahibkarlıq subyektlərinin təsnifatı, idxalla bağlı məlumat forması, səhmlərin ticarətə buraxılması,Fəaliyyəti olmayan vergi ödəyiciləri“A” MMC 1 yanvar 2023 -cü il tarixində fəaliyyətə başlayıb. Yanvar ayında 300.000 manatlıq mal təqdim edib və bu malın 160.000 manatlıq hissəsi geri qaytarılıb. “A” MMC məcburi qaydada ƏDV qeydiyyatına dayanmalıdırmı? 2023-cü il ərzində bundan başqa heç bir əməliyyatı olmasa, “A” MMC mikro, yoxsa kiçik sahibkarlıq subyekti sayılmalıdır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Sorğunuzda qeyd olunan vergi ödəyicisinin bir əqd və ya müqavilə üzrə əməliyyatının ümumi dəyəri 200.000 manatdan artıq olduqda, həmin əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Digər halda vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olmadığı halda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yaranmır.

Sahibkarlıq subyektlərinin bölgüsü isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatların xarakteri tam açıqlanmaqla bu əməliyyatlar üzrə müvafiq təsdiqedici sənədlər, tərəflər arasında bağlanmış müqavilələr və digər zəruri sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 157-ci və 218-ci maddələri və Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

Mənbə: vergiler.az