» » » Rusiyada üç min xarici şirkət fəaliyyətini dayandırıb

Rusiyada üç min xarici şirkət fəaliyyətini dayandırıb

posted in: Xəbər | 0
birbank biznes

rusiyada xarici şirkətlərRusiyanın əmək və məşğulluq üzrə federal xidməti (Rostrud), bu ilin mart ayından iyul ayına qədər Rusiya ərazisində üç min xarici şirkətin öz fəaliyyətini dayandırdığını bildirib. Bu haqda “İzvestiya” nəşri məlumat verib.

Xidmətdən bildiriblər ki, boş dayanma vəziyyətində olan əməkdaşların sayı həmin dövr ərzində üç dəfədən çox artıb. Belə ki, əgər mart ayında belə vəziyyətdə olanların sayı 39 min nəfər olubsa, iyulun 1-ə olan məlumata görə bu göstərici 125,5 min nəfərə yüksəlib. Həmin dövr ərzində həmçinin 527 xarici şirkət ləğv edilib.

Leqal FBK şirkətinin aparıcı hüquq məsləhətçisi Anastasiya Şaşkova bildirib ki, xarici şirkətlərin Rusiyadakı törəmə şirkətlərinin bağlanmasında əsas problem işçilərin işdən çıxarılması prosedurunun pozulmasıdır. “İşçilərin bu istəyi olmadığı hallarda belə adamları öz istəkləri əsasında işdən çıxmağa məcbur edirlər. Ləğvetmə çox vaxt aparır və səy tələb edir, buna görə şirkətlər işçilərə təzyiq göstərirlər. Onlara işçi heyətinin olmadığı müəssisələrdə bu proseduru həyata keçirmək daha asandır. Belə bir vəziyyətdə yalnız ləğv edilmiş şirkətin sahibləri və benefisiarları uduş vəziyyətində qalırlar” – hüquq məsləhətçisi vəziyyəti şərh edərkən belə söyləyib.

Bununla belə, bəzi şirkətlər fəaliyyətlərini müvəqqəti dayandırmaq qərarına gəlir və işçilərini gizli şəkildə ixtisar etməyə başlayır. Ekspert əlavə edib ki, əsas çətinlik işçilərin öz əmək hüquqlarını bilməməsindədir. Problemin həlli kimi Şaşkova Rusiyanı tərk etməyi planlaşdıran xarici müəssisələrin reyestrinin yaradılmasını təklif edib. Bu da onların fəaliyyətini izləməyə və lazım gəldikdə kənar idarəetməni tətbiq etməyə imkan verəcək.