» » » Rusiyada qadınlar işə kvota əsasında qəbul ediləcək

Rusiyada qadınlar işə kvota əsasında qəbul ediləcək

posted in: Xəbər | 0
birbank biznes

Buhgalteria.ru saytında Rusiyada qadınların işə qəbulu ilə əlaqədar dəyişikliklərdən bəhs edən məqalə verilib. Həmin yazını oxucuların diqqətinə çatdırırıq.

Karyera pilləkənində irəliləmək üçün qadınlar üstünlüklər əldə edəcəklər. İxtisarlar və ya işdən çıxarılma zamanı eyni şərtlərə cavab verənlər arasından daha çox kişilər “ziyan” çəkəcək. Dövlət orqanları, yerli idarəetmə orqanlarında və dövlət  korporasiyalarının direktorlar şuralarında qadınlar üçün kvotalar nəzərdə tutulacaq.

Gender bərabərliyi məsələlərinə diqqət yetirən şirkətləri vergilər sahəsində güzəştlər gözləyir və onlar dövlət sifarişləri ilə ilk növbədə təmin ediləcəklər.

Bundan əlavə işə qəbul zamanı diskriminasiyanı aradan qaldırmaq məqsədilə tərcümeyi-halda yaş və cinsin göstərilməsi qadağan ediləcək və foto şəklin yerləşdirilməsi də lazım gəlməyəcək. Bütün bu yeniliklər “Kişi və qadınların hüquq və azadlıqlarının dövlət zəmanətinə alınması və onlardan ötrü bərabər imkanların yaradılması haqqında” yenidən işlənilmiş, əlavə və dəyişikliklər edilmiş qanun layihəsində nəzərdə tutulub. Qeyd edək ki, sözügedən qanun layihəsi hələ 2003-cü ildə hazırlanmış və birinci oxunuşdan keçdikdən sonra uzun illər Dövlət Dumasının zənbilində ilişib qalmışdı.

Dəyişikliklərdə həmçinin bu bərabərliyə əməl etməyənlərə qarşı ciddi sanksiyalar tətbiq olunması da nəzərdə tutulub. Bundan sonra insanların hüquq və azadlıqlarını pozan vətəndaşları 3 000 rubl, şirkətləri isə 100 000 rubla kimi cərimə, RF CM-ə görə isə 5 ilə kimi həbs cəzası gözləyir. İş yerində diskriminasiyaya görə əmək müqaviləsinin pozulması təklif edilir və bu zaman zərərçəkmişə kompensasiya ödənilməsi nəzərdə tutulub. Qanun müəllifləri layihəyə eləcə də xidməti vəzifəsindən istifadə edərək qadınları təhqir edən rəhbər işçilərə qarşı administrativ cəzalar, iş yerində seksual təhriklərə görə isə cinayət məsuliyyəti nəzərdə tutan əlavələr etməyi də nəzərdən keçirirlər.

Yeri gəlmişkən, bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Ölkəmizdə qadın və kişi bərabərliyi haqqında qanun 2006-cı ildə qəbul olunub. Qanun qəbul olunsa da, vəziyyət hələ də yaxşılığa doğru kəskin dəyişməyib. Ölkəmizin gender bərabərliyi indeksinə görə 145 ölkə arasında 96-cı yerdə qərarlaşması bunu bir daha təsdiq edir.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.