» » » Repetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir?

Repetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir?

posted in: Xəbər | 0

Repetitorların vergi uçotuna alınması

Repetitorlar və ya frilanserlər vergi uçotuna durmaq üçün hansı addımları atmalıdırlar? Bu zaman “ASAN İmza” məcburidirmi? Həmin səxslərin ödəməli olduqları vergi və məcburi dövlət sosial sığorta haqqının məbləği nə qədərdir? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalıdır.

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcıda “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin surətinə əsasən həyata keçirilir. Uçota alınma ASAN Xidmət mərkəzlərində, belə mərkəzlərin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN İmza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Biznes hesabi

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir. Gəlir (mənfəət) vergisi metodu tətbiq edildiyi halda isə əldə olunan gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər), gəlirlərin və xərclərin uçotunu aparmaqla 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Dövlət Vergi Xidməti xatırladır ki, 1 yanvar 2024-cü il tarixdən etibarən vergi ödəyicilərinin şəxsi elektron kabinetlərindən istifadə etmək imkanı yalnız gücləndirilmiş elektron imza, o cümlədən “ASAN İmza” vasitəsilə mümkün olacaq. Bu səbəbdən, vergi ödəyiciləri elektron kabinetlərindən istifadə etmək, elektron qaimə-faktura göndərmək, bəyannamə və hesabatlarını təqdim etmək və digər əməliyyatlar üçün gücləndirilmiş elektron imza vasitələrindən birini – “ASAN İmza” və ya “SİMA Token” əldə etməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri

Mənbə: vergiler.az