» » » Qeyri-rezident şəxslərə göstərilən xidmətlərin ƏDV-yə cəlb edilməsi

Qeyri-rezident şəxslərə göstərilən xidmətlərin ƏDV-yə cəlb edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, idxalla bağlı məlumat forması, səhmlərin ticarətə buraxılması,Fəaliyyəti olmayan vergi ödəyiciləriVergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Həmin müddəa qeyri-rezidentlərə necə tətbiq edilir? Suala vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir.

Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi;
  • məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
  • işçi qüvvəsinin verilməsi təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi (işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda);
  • daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
  • müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;
  • telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);
  • radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
  • kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi;
  • elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi.

Azərbaycan Respublikasının rezidenti olan şəxs Vergi Məcəlləsinin 168.1.5 maddəsində göstərilən xidmətləri qeyri-rezidentə üç fərqli halda göstərə bilər.

Birinci, xidmət Azərbaycan Respublikasının hüdudları daxilində göstərilir.

Misal 1: “AA” MMC hüquq xidməti ilə məşğuldur. Qeyri-rezident şəxsin Azərbaycan Respublikasında olan məhkəmə işində ona 23.600 manat dəyərində hüquq xidmətləri göstərib. Bu zaman, Vergi Məcəlləsinin 159.2-ci maddəsinin müddəalarına əsasən, xidmət respublika daxilində olduğu üçün ƏDV-yə 18% dərəcə ilə cəlb ediləcək: 23.600 :1.18 x 18% = 3.600 manat.

İkinci, xidmət Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni faktiki olaraq qeyri-rezidentin öz ölkəsində göstərilir.

Misal 2: “AA” MMC hüquq xidməti ilə məşğuldur. Qeyri-rezident şəxs bu şirkətin hüquqşünaslarını öz ölkəsinə dəvət edib və 50.000 manat dəyərində hüquq xidməti alıb. Bu zaman Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən xidmət respublika xaricində olduğu üçün ƏDV-yə cəlb edilməyəcək.

Üçüncü, xidmət hüquqşünas Azərbaycan Respublikasından xaricə getmədən göstərilir.

Misal 3: Hüquq xidməti göstərən “AA” MMC-nin hüquqşünasları qeyri-rezidentin 42.000 manat dəyərində sifarişini Azərbaycan Respublikasından onlayn qaydada yerinə yetiriblər. Bu, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən, xidmətin ixracı sayılacaq və ƏDV-yə 0% dərəcə ilə cəlb ediləcək.