Təcrübədə mallar alındıqdan və müvafiq olaraq əvəzləşdirmələr aparıldıqdan sonra həmin malların qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsinə rast gəlinir. Həmçinin, malların itməsi, əskik gəlməsi, xarab olması, oğurlanması kimi hallar da baş verir. Belə olduqda vergi ödəyicisi ƏDV məqsədləri üçün hansı addımlar atmalıdır?
Mövzu ilə bağlı suala sərbəst auditor Altay Cəfərov misallarla aydınlıq gətirir.
Misal 1: “AA” MMC 11.800 manatlıq (18% ƏDV 1.800 manat) malları satmaq məqsədilə əldə edib. Şirkət mallara görə satıcı şirkətə 10.000 manat bank hesabı və 1.800 manat ƏDV depozit hesabı ilə ödəniş edib və müvafiq əvəzləşdirmə aparıb. Bu malların 590 manatlıq (ƏDV-si 90 manat) hissəsi qeyri-kommersiya məqsədləri üçün istifadə edilib. Bu halda MMC əvəzləşdirməni azaltmalıdırmı? Ümumiyyətlə, prosesin nəticəsi necə olmalıdır?
Göründüyü kimi, şirkət aldığı mallara görə qaydalara uyğun ödənişlər apardığından 1.800 manat əvəzləşdirmə əldə edib. Vergi Məcəlləsinin 159.5.-ci maddəsində göstərilib ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
Maddədən də aydın olur ki, qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hissə üzrə əvəzləşdirmə geri bərpa edilməlidir, yəni ƏDV hesablanmalıdır. Odur ki, MMC qeyri-kommersiya məqsədləri üçün malları istifadə etdiyi ayda 90 manat ƏDV-sini hesablama kimi bərpa etməlidir. Bu geri hesablama ƏDV bəyannaməsinin 324-cü sətrində yazılmaqla reallaşdırılmalıdır.
Misal 2: “BB” MMC 11.800 manatlıq (18% ƏDV-si 1.800 manat) malları satmaq məqsədilə əldə edib. Şirkət mallara görə satıcı şirkətə heç bir ödəniş etməyib. Bu malların 590 manatlıq (ƏDV-si 90 manat) hissəsi qeyri-kommersiya məqsədləri üçün istifadə edilib. MMC əvəzləşdirməni azaltmalıdırmı? Ümumiyyətlə, prosesin nəticəsi necə olmalıdır?
Burada şirkət aldığı mallara görə ödənişi həyata keçirmədiyindən 1.800 manat ƏDV-nin əvəlzəşdirməsini həyata keçirməyəcək. Eyni zamanda, qeyri-kommersiya məqsədləri üçün istifadə edilən malların 90 manat ƏDV-sini geri bərpa etməyəcək. Belə ki, Vergi Məcəlləsinin 159.5.-ci maddəsində olan əsas tələb odur ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, onda 159.5-ci maddə tətbiq oluna bilər, əks halda, qüvvəsi yoxdur. Məntiqi baxımından da yanaşsaq, MMC əvəzləşdirmədiyi ƏDV-ni nəyə görə geri bərpa etməlidir ki?
Bəs Vergi Məcəlləsinin 159.5-ci maddəsində yer alan “almaq hüququna malikdirsə” dedikdə, nə başa düşülür? Məsələn, bizim misallarda MMC qaydalara uyğun ödəmələr aparıb və müvafiq əvəzləşdirmə əldə edib. Amma ola bilər ki, digər bir vergi ödəyicisi də qaydalara uyğun ödəmələr edib, ancaq hansısa bir səbəbdən ƏDV bəyannamələrində əvəzləşdirmələri əks etdirməyıb. Bu, artıq əvəzləşdirmə hüququnun olması deməkdir.
Misal 3: “CC” MMC 11.800 manatlıq (18% ƏDV 1.800 manat) malları satmaq məqsədilə əldə edib. Şirkət mallara görə satıcı şirkətə 10.000 manat bank hesabı və 1.800 manat ƏDV depozit hesabı ilə ödəniş edib və müvafiq əvəzləşdirmə aparıb. Bir neçə aydan sonra malların 590 manatlıq (ƏDV-si 90 manat) hissəsi “malların qismən geri qaytarılması qaiməsi” ilə geri qaytarılıb. Eyni zamanda, satıcı tərəf 590 manatlıq (ƏDV 90 manat) hissəni qaydalara uyğun qaytarıb. Bu halda şirkət əvəzləşdirməni azaltmalıdırmı? Ümumiyyətlə, prosesin nəticəsi necə olmalıdır?
Burada da MMC qaydalara uyğun olaraq əvəzləşdirməni həyata keçirir, ancaq əvəzləşdirmənin azaldaraq geri bərpasını iki formada həyata keçirə bilər. Belə ki, Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən, ƏDV-nin bəyannaməsində verginin məbləği düzgün göstərilməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə həyata keçirilir. Maddədən də aydın olur ki, normal halda geri bərpa malların geri qaytarıldığı ayda ƏDV bəyannaməsinin 324-cü sətrində yazılmaqla reallaşdırılmalıdır.
Ancaq burada bir texniki məsələ ortaya çıxa bilər. Vergi orqanlarının baza məlumatlarında çoxlu analitik məlumatlar var və onların analizi aparılır. Analiz nəticəsində aydın olacaqdır ki, faktiki olaraq əvvəlki ƏDV 1.800 manat olan elektron qaimə-faktura üzrə əvəzləşdirmə 90 manat çox aparılıb. Yəni, 90 manatlıq ƏDV qaimə ilə geri qaytarılıb. Bir müddətdən sonra vergi orqanlarından şirkətə hökmən bu yönümlü bir uyğunsuzluq gələcək. Odur ki, bunun əvvəlcədən qarşısının alınması məqsədilə yaxşı olardı ki, 1.800 manatlıq əvəzləşdirmə aparılmış ayın ƏDV bəyannaməsi dəqiqləşdirilmiş təqdim edilsin və 90 manat ƏDV azaldılsın. Bu halda vergi orqanlarının əlavə sualları qalmayacaq və uyğunsuzluq əvvəlcədən aradan qalxacaq. Əks halda, belə bir dəqiqləşdirilmiş ƏDV bəyannaməsini təqdim etmək mümkün olmadıqda Vergi Məcəlləsinin 163-cü maddəsini əsas gətirərək vergi ödəyicisi vergi orqanlarından daxil olan uyğunsuzluq məktubunu cavablandırmalıdır və orada əvvəl əvəzləşdirmə aparmış və sonradan geri bərpa etmiş elektron qaimə-fakturalar üzrə məlumatları açıqlamalıdır. Nəticə olaraq vergi orqanları bunu qəbul edir, çünki bu, qanunvericliyin tələblərinə uyğundur.
Misal 4: “AA” MMC 11.800 manatlıq (18% ƏDV 1.800 manat) malları satmaq məqsədilə əldə edib. Şirkət mallara görə satıcı şirkətə 10.000 manat bank hesabı və 1.800 manat ƏDV depozit hesabı ilə ödəniş edib və müvafiq əvəzləşdirmə aparıb. Bir neçə aydan sonra malların 590 manatlıq (ƏDV 90 manat) hissəsi “malların qismən geri qaytarılması qaiməsi” ilə geri qaytarılıb. Amma satıcı tərəf 590 manatı (ƏDV 90 manat) qaytarmayıb. Bu halda MMC əvəzləşdirməni azaltmalıdırmı? Ümumiyyətlə, prosesin nəticəsi necə olmalıdır?
Burada şirkət 3-cü misalda göstərdiyimiz bütün addımlardan istifadə edə bilər. Eyni zamanda, satıcı tərəfindən 590 manat geri qaytarılmadığına görə bu məbləği digər elektron qaimə-fakturalarla əvəzləşdirə bilər. Və ya belə bir əlavə elektron qaimə-fakturalar yoxdursa, öz uçotunda avans ödənişlər kimi saxlanılmalıdır və gələcəkdə satıcıdan aldığı yeni elektron qaimə-fakturalar üzrə əvəzləşdirmə apara bilər.
Misal 5: “AA” MMC 2022-ci ilin yanvar ayında yuxarıdakı kimi əməliyyatlar aparıb və malların geri qaytarmasını 2023-cü ilin avqust ayında həyata keçirib. Bu zaman şirkət əvəzləşdirməni azaltmalıdırmı?
Burada artıq praktik olaraq 2023-cü ilin avqust ayında geri qaytarılmış mallara görə yenidən 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsinin dəqiqləşdirilmiş formada təqdim edilməsi mümkün deyil. Bu hallarda əvəzləşdirmənin geri hesablanması 2023-cü ilin avqust ayında həyata keçirilsə, daha yaxşı olardı. Vergi orqanlarından daxil olan məktublara, yuxarıda bildirdiyim kimi, açıqlamalar təqdim edilməlidir.
Mənbə: vergiler.az