» » » Fiziki şəxs aldığı qrant vəsaitinə görə gəlir vergisi ödəməlidirmi?

Fiziki şəxs aldığı qrant vəsaitinə görə gəlir vergisi ödəməlidirmi?

posted in: Xəbər | 0

gəlir vergisi ödəyiciləriFiziki şəxsə rəhbəri olduğu və 5 ay davam edəcək layihəyə görə KOBİA tərəfindən qrant ayrılıb. Layihəyə cəlb edilmiş işcilərlə fiziki şəxs arasında əmək müqaviləsi bağlanıb. Bilmək istəyirdim ki, fiziki şəxs aldığı qranta görə gəlir vergisi və digər sosial vergilər verməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin müddəalarına əsasən, qrant – humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələndirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

Sorğuda göstərilən halda, KOBİA tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir), qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmayıb. Eyni zamanda, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Dövlət Vergi Xidmətindən o da bildirilib ki, qrant müqaviləsi üzrə resipiyent olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna, yəni əməkhaqlarından gəlir vergisi güzəştli dərəcələrlə tutulan kateqoriyaya aid edilir. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda sığortaolunanın gəlirlərindən 3 faiz, sığortaedənin vəsaiti hesabına 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaiti hesabına isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi məbləğində hesablanır.

Əsas: Vergi Məcəlləsi, “Qrant haqqında”, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunları.

Mənbə: vergiler.az