» » » Müştərilərə qaytarılan vəsaitin vergiyə cəlb edilməsi

Müştərilərə qaytarılan vəsaitin vergiyə cəlb edilməsi

posted in: Xəbər | 0

Mövzunu “Deloitte Azərbaycan” şirkətinin baş vergi məsləhətçisi Gülnar Balamedova şərh edir.

Banklar tərəfindən müştərilərin cəlb edilməsi və kart məhsullarından istifadənin təşviqi məqsədilə müxtəlif kampaniyalar həyata keçirilir. Belə kampaniyalar çərçivəsində müştərilərə müəyyən məbləğlərin qaytarılması həmin ödənişlərin fiziki şəxsin gəliri kimi qiymətləndirilməsi və vergitutma baxımından tətbiq olunan qaydaların müəyyənləşdirilməsi məsələsini gündəmə gətirir.

Vergi Məcəlləsinin 99.3.7-ci maddəsinə əsasən, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hallar istisna olmaqla, fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir.

Banklar tərəfindən kampaniyalar çərçivəsində müştərilərə ödənilən məbləğlər vergi məqsədləri baxımından hədiyyə və ya mükafat xarakterli gəlir kimi qiymətləndirilir və həmin gəlirlərə Vergi Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Sözügedən gəlirlərə tətbiq olunan vergitutma qaydalarına gəldikdə, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, həmin gəlirlər 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. Bununla yanaşı, Məcəllənin 150.1.7-ci maddəsinə uyğun olaraq, muzdlu işçi kimi cəlb edilməyən fiziki şəxslərə ödənilən maddi yardım, mükafat və təqaüdlərdən vergi ödəmə mənbəyində tutulur.
Qeyd olunanlarla yanaşı, 5 dekabr 2023-cü il tarixli 1033-VIQD nömrəli Qanunla Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində dəyişiklik edilib. Bununla da təqvim ili ərzində alınan hədiyyələrin gəlir vergisindən azad olunan hissəsi 2.500 manatadək müəyyən edilib. Sözügedən dəyişiklik 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Biznes hesabi

Beləliklə, təqvim ili ərzində alınan hədiyyələrin 2.500 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Misal: Fiziki şəxsə il ərzində müxtəlif kampaniyalar çərçivəsində ümumilikdə 3.200 manat həcmində vəsait ödənilib. Bu halda həmin məbləğin 2.500 manatlıq hissəsi vergidən azad edilir, qalan 700 manat isə 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur:

3.200 – 2.500 = 700 manat;
700 x14% = 98 manat.

Mənbə: vergiler.az

Təmir xərclərinin vergi uçotunda əks etdirilməsi

error: Content is protected !!