» » » Proqramçıların vergi öhdəliklərinin müəyyən edilməsi qaydası

Proqramçıların vergi öhdəliklərinin müəyyən edilməsi qaydası

posted in: Xəbər | 0

Proqram təminatı sahəsində fəaliyyət göstərirəm. Sponsorluq müqaviləsinə əsasən (loqo və s.) layihə üzrə xidmət təqdim edirik. Bu zaman sponsorluq müqaviləsinə əsasən əldə etdiyim gəlirdən hər hansı azadolma mövcuddurmu? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Biznes hesabi

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququ saxlanılır.

Sorğuya əsasən, gəlirləri yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergi ödəyicisinə xidmət etdiyi üçün vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və o gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, həmin maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Fiziki şəxsin illik gəliri 45.000 manatı keçmədiyi halda və fəaliyyəti Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş proqram təminatının işlənməsi sahəsində xidmətlərə aid edildiyi halda 75 faiz güzəşt hüququndan yararlana bilər.

Əlavə olaraq bildirilib ki, hər hansı əməliyyat üzrə yarana biləcək vergi öhdəliklərinin müəyyən edilməsi bilavasitə həmin əməliyyatlar üzrə ilkin sənədlərə, işin xarakterinə və vergi ödəyicisinin fəaliyyətinə bağlı olduğundan, vergitutma baxımından ətraflı məlumat üçün əməliyyatların xarakteri tam açıqlanmaqla, ilkin sənədlərlə və vergi ödəyicisinin fəaliyyəti haqqında ətraflı məlumat verilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 102.1.30-1-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

Mənbə: vergiler.az

Azərbaycanda onlayn kreditlərin verilməsində yeni tələblər

error: Content is protected !!