» » » İşçinin muzdlu işdən gəliri 2.500 manatdan yüksək olduqda gəlir vergisi necə hesablanır?

İşçinin muzdlu işdən gəliri 2.500 manatdan yüksək olduqda gəlir vergisi necə hesablanır?

posted in: Xəbər | 0

2026-cı ilin yanvarından özəl sektorda çalışan işçilərin muzdlu işdən əldə etdikləri gəlirləri vergiyə cəlb olunur. Qanunvericiliyə edilən dəyişikliklərdə 2.500 manatdan artıq olan gəlirlərə görə verginin hesablanmasında fərqli yanaşma nəzərdə tutulur. Bu hesablama qaydasını iqtisadçı ekspert Anar Bayramov izah edir. 

Vergi Məcəlləsinin 101.1-1.1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan işçinin muzdlu işlə əlaqədar fəaliyyətdən aylıq gəliri 2.500 manatdan çox və 8.000 manatadək olduqda, gəlir vergisi aşağıdakı qaydada hesablanır:

75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi.

Qeyd edək ki, 2.500 manatdan yuxarı gəlirlər üçün tətbiq edilən 75 manat məbləği 2.500 manatın 3 faizi (gəlir vergisinin dərəcəsi) əsasında formalaşdırılıb.

Biznes hesabi

Misal 1: Tutaq ki, əsas iş yerində çalışan işçinin aylıq əməkhaqqı 3.000 manatdır. Qeyd edək ki, 2025-ci ildə həmin işçinin aylıq gəliri 8.000 manatdan az olduğu üçün gəlir vergisi hesablanmırdı. Eyni zamanda, işçinin gəliri 2.500 manatdan çox olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat güzəşt bu halda tətbiq edilmir.

Birinci hal. İşçi müharibə veteranı statusuna malikdir. Bu zaman Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, işçinin gəlirləri üzrə 400 manat güzəşt tətbiq edilir. Bu halda işçinin gəlir vergisi 85 manat təşkil edir:

3000 – 2500 – 400 = 100 manat;
100 x 10% = 10 manat;
10 + 75 = 85 manat.

İkinci hal. İşçi şəhid statusu almış şəxsin valideynidir. Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən, şəhid statusu almış şəxsin valideynlərindən birinə 800 manat güzəşt tətbiq edilir. Bu halda işçiyə hesablanacaq gəlir vergisi 66 manat təşkil edir:

(3000 – 800) x 3% = 66 manat.

Bu misalda bir məqamı xüsusi qeyd etmək lazımdır ki, işçiyə 800 manat güzəşt tətbiq edildikdə, nəticədə vergitutulan gəlir 2.500 manatdan aşağı düşsə belə, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan güzəşt tətbiq edilmir. Çünki işçinin aylıq muzdlu işlə əlaqədar gəliri ilkin olaraq 2.500 manatdan yüksək olub.

Vergi Məcəlləsinin 101.1-1.2-ci maddəsinə əsasən, 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan işçinin aylıq muzdlu işlə fəaliyyətdən gəliri 8.000 manatdan çox olduqda, gəlir vergisi aşağıdakı qaydada hesablanır:

625 manat + 8 000 manatdan çox olan məbləğin 14 faizi.

Maddənin tələblərini misallarla izah etməzdən əvvəl qeyd edək ki, hesablamada istifadə olunan 625 manat məbləği aşağıdakı formada müəyyən edilmişdir:

75 manat = (2500 x 3%);
550 manat = (8000 – 2500) x 10%.
Beləliklə, 75 + 550 = 625 manat.

Misal 2: Müharibə ilə əlaqədar əlilliyi olan və əsas iş yerində çalışan işçinin aylıq əməkhaqqı 9.000 manatdır. Bu halda Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən işçiyə 400 manat güzəşt tətbiq edilir. Nəticədə işçinin gəlir vergisi 709 manat təşkil edir:

9000 – 8000 – 400 = 600 manat;
600 x 14% = 84 manat:
84 + 625 = 709 manat.

Misal 3: İşçinin aylıq əməkhaqqı 2.000 manatdır. Lakin işəgötürən tərəfindən valideynin xəstəliyi ilə əlaqədar işçiyə 6.500 manat məbləğində maddi yardım göstərilib. Bu halda işçinin muzdlu işlə əlaqədar aylıq gəliri 8.500 manat (2000 + 6500 manat) təşkil edir. İşçinin muzdlu işlə əlaqədar gəliri 2.500 manatdan çox olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan güzəşt bu halda tətbiq edilmir.

Qeyd edək ki, həmin güzəşt yalnız muzdlu işlə əlaqədar aylıq gəliri 2.500 manatadək olan şəxslərə şamil edilir. Bu misalda isə işçinin əməkhaqqısı 2.000 manat olsa da maddi yardım nəzərə alındıqda, muzdlu işlə əlaqədar ümumi aylıq gəliri 8.500 manat olub.

Mənbə: vergiler.az

Telekommunikasiya sahəsində sadələşdirilmiş vergi rejimi