Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 fevral 2026-cı il tarixdə əmək müqaviləsinə xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ilə bağlı qərar verib. Plenumun iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) Konstitusiya Məhkəməsinə yönləndirdiyi soğru əsasında Әmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğu yoxlanılıb. Nəticədə Әmək Məcəlləsinin 144-cü maddəsinə dəyişiklik edərək Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzinin verilməsi qərara alınıb.
İqtisadçı ekspert Anar Bayramov Konstitusiya Məhkəməsinin bu qərarından sonra məzuniyyətə görə kompensasiyaların ödənilməsi qaydasını şərh edir.
Qərarda qeyd edilir ki, əmək müqaviləsinə xitam zamanı istinad edilən əsas əmək məzuniyyəti işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə müəyyən olunan və minimum müddətləri Әmək Məcəlləsinin 114-cü maddəsinin 2 və 3-cü hissələrində nəzərdə tutulan (müvafiq olaraq 21 və ya 30 təqvim günündən az olmayan) məzuniyyətdir. Yəni bu, əmək məzuniyyətinin elə bir hissəsidir ki, xüsusi əmək şəraiti, işin xarakteri və bu kimi digər hallar nəzərə alınmadan əmək münasibətlərinin subyekti olan hər bir işçinin istirahət edə bilməsi üçün zəruri olan minimal müddəti ifadə edir.
Qərarda həmçinin qeyd edilir ki, ədalət, bərabərlik kimi konstitusion prinsiplərdən, eləcə də sosial dövlət yanaşmasından irəli gələrək qanunvericilikdə bir qrup şəxslər üçün əmək məzuniyyətinin daha uzun müddətləri, eləcə də əlavə məzuniyyət hüququ tanınıb. Belə ki, hazırda Әmək Məcəlləsi ilə müəyyən edilən əlavə məzuniyyətlərə aşağıdakılar aiddir:
– әmәk şәraitinә vә әmәk funksiyasının xüsusiyyәtlәrinә görә әlavә mәzuniyyәt (115-ci maddә);
– әmәk stajına görә әlavә mәzuniyyәt (116-cı maddә);
– uşaqlı qadınların әlavә mәzuniyyәti (117-ci maddә);
– Azәrbaycan Respublikasının işğaldan azad edilmiş әrazilәrindә işlәyәn mütәxәssislәrin әlavә mәzuniyyәti (118-1-ci maddә).
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əldə etdiyi əlavə məzuniyyət günlərini hər hansı səbəbdən, o cümlədən işəgötürəndən asılı olan hallara görə istifadə edə bilməyən işçinin bu halın nəticələrini aradan qaldırmağa xidmət edən kompensasiya hüququndan da istisnasız şəkildə məhrum olunması, nəticə etibarilə həmin hüququn həqiqi mahiyyətini itirərək formal xarakter daşımasına gətirib çıxarır. Bu səbəbdən şəxsin əmək məzuniyyəti hüququnun realizəsi ilə bağlı müəyyən edilmiş belə məhdudiyyət mütənasiblik prinsipinin tələblərinə uyğun gəlmir.
Qeyd olunanlara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əmək münasibətləri davam edən işçilərlə bu münasibətlərinə xitam verilmiş işçilər arasında qeyri-bərabərlik yaradan və haqq-ədalət prinsipinə uyğun olmayan belə hüquqi vəziyyət Konstitusiyanın 25-ci maddəsinin I və III hissələrinin və 149-cu maddəsinin I hissəsinin tələbləri ilə ziddiyyət təşkil edir.
Dövlət qurumu və işəgötürənlər üçün tələblər
Qərarın birinci hissəsində qeyd edilir ki, Әmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından tətbiqi dayandırılsın.
Eləcə də Әmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 3-cü hissələrinin uyğunlaşdırılması ilə bağlı tələb müəyyən edilib. Belə ki, qərarın ikinci hissəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən işdən çıxan günədək işçinin istifadə etmədiyi Әmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin 144-cü maddəsinin 2 və 3-cü hissələri Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin I və III, 71-ci maddəsinin II və 149-cu maddəsinin I hissələrinin tələblərinə uyğunlaşdırılsın.
Qərarın 3-cü hissəsində qeyd edilir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə alınmaqla mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Azərbaycan Respublikası Әmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilsin.
Deməli, işəgötürən əmək müqaviləsinə xitam zamanı əlavə məzuniyyətlər üzrə kompensasiyanı hesablamaq üçün Әmək Məcəlləsində ayrıca dəyişiklikləri gözləməməlidir. 18 fevral 2026-cı il tarixindən sonrakı xitamlar zamanı əlavə məzuniyyətlər üzrə də kompensasiya hesablanmalıdır.
Qərar hansı hallarda tətbiq ediləcək?
Qərarın 4-cü hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsindən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil olunsun.
Maddənin tələbindən göründüyü kimi, işəgötürən qərar qüvvəyə mindikdən sonra əmək müqavilələrinə xitam verilməsi zamanı kompensasiya hesablamalarında bu hüquqi mövqeni nəzərə almalıdır. Eləcə də məhkəmələrin icraatında olan müvafiq işlər zamanı da Konstitutsiya Məhkəməsinin qərarı əsas götürülməlidir.
İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam zamanı prosesləri misallarla izah edək.
Misal 1
İşəgötürən mütəxəssis vəzifəsində çalışan və 14 il əmək stajı olan işçinin əmək müqaviləsinə 10 fevral 2026-cı il tarixində xitam verib. Bu zaman işəgötürən yalnız əsas məzuniyyət üzrə kompensasiya ödəməlidir. İşçinin 14 illik əmək stajına görə müəyyənləşən 4 günlük əlavə məzuniyyət kompensasiya zamanı nəzərə alınmayacaq. Çünki işçinin əmək müqaviləsinə Konstitutsiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli qərarından öncə xitam verilib.
Misal 2
İşçi 1 may 2025-ci il tarixində rəhbər vəzifəyə işə qəbul olunub. İşçinin əmək stajına görə 6 gün əlavə məzuniyyəti mövcuddur. İşçi iş ili ərzində əsas məzuniyyətinin 10 günündən istifadə edib. İşçinin əmək müqaviləsinə 28 fevral 2026-cı il tarixdə xitam verildiyi zaman kompensasiya hesablanması üçün ilk olaraq aşağıdakı kimi tənasüb qururuq:
12 ay – 36 gün
10 ay – X gün
X gün = (36 gün x 10 ay) : 12 ay = 30 gün
İşçi iş ilində 10 gün məzuniyyətdən istifadə etdiyi üçün işəgötürən kompensasiya hesablanarkən 20 gün nəzərə almalıdır:
Misal 3
İşçi 1 iyun 2024-cü il tarixdə işə qəbul olunub. Fəhlə vəzifəsində çalışan işçinin əmək stajı 7 il olduğu üçün 2 gün əlavə məzuniyyət hüququ var, eləcə də vəzifəsinə uyğun olaraq Əmək Məcəlləsinin 115-ci maddəsinin tələblərinə uyğun 6 gün əlavə məzuniyyəti mövcuddur. İşçi heç vaxt əmək məzuniyyətindən istifadə etməyib. 1 mart 2026-cı il tarixində əmək müqaviləsinə xitam verilən işçinin kompensasiya günləri belə müəyyən edilir:
Birinci iş ili (1 iyun 2024 – 1 iyun 2025) üzrə:
20 gün (əsas məzuniyyət) + 2 gün (staja görə əlavə məzuniyyət) + 6 gün (əmək şəraitinə görə əlavə məzuniyyət) = 29 gün.
İkinci iş ili (1 iyun 2025 – 1 iyun 2026) üzrə işçinin əmək müqaviləsinə 1 mart 2026-cı il tarixdə xitam verildiyi üçün 12 ay yox, 9 ay (1 iyun 2025 – 1 mart 2026) işləyib. Bu halda tənasüb qurmalıyıq:
12 ay – 29 gün
9 ay – X gün
X = (29 gün x 9 ay) : 12 ay = 21,75 gün
Beləliklə, kompensasiya üçün ümumi gün sayı 51 gün olacaq:
29 + 21,75 = 51 gün.
Mənbə: vergiler.az
