» » » Təhsil müəssisələrinin mənfəət vergisindən azadolma halları hansılardır?

Təhsil müəssisələrinin mənfəət vergisindən azadolma halları hansılardır?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir. 

Qanunvericilikdə hüquqi və fiziki şəxsləri vergidən azad edən bir sıra müddəalar yer alıb. Vergi Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, 30-dan çox halda vergi ödəyiciləri bu hüquqlardan istifadə edə bilərlər. Onlardan biri də xüsusi təhsil müəssisələrinin gəlirlərinə tətbiq edilən azadolmadır.

Vergi Məcəlləsinin 106.1.7-ci maddəsində göstərilib ki, təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, vergidən azaddır.

Misal 1

Əlilliyi olan şəxslər üçün yaradılmış xüsusi təhsil müəssisəsinin 2024-cü il ərzində 5.000 manat mənfəəti olub. Həmin mənfəətin 1.000 manatı dividendin ödənilməsinə yönəldilib. Bu halda 5.000 manat mənfəətin 4.000 manatı vergidən azaddır:

5000 – 4000 = 1000 manat.

Dividendə yönəldilən 1.000 manatdan isə 200 manat mənfəət vergisi hesablanacaq:

1000 x 20% = 200 manat.

Misal 2

Tutaq ki, məktəbəqədər təhsil müəssisəsinin 2024-cu ildə il ərzində 7.000 manat mənfəəti olub. Müəssisə həmin mənfəətin təhsilin inkişafı üçün istifadə edilməsinə qərar verib. Bu halda 7.000 manat mənfəət vergidən azad olacaq, mənfəət vergisinə cəlb edilməyəcək.

Onu da qeyd edək ki, vergidən azad olan nüanslar müəssisəni gəlir və ya mənfəət vergisi bəyannaməsini təqdim etməkdən azad etmir. Belə ki, müəssisələr bəyannamələrində gəlir və xərclərinin hərəkətini göstərməklə sonda bəyannamənin “Əlavə” hissəsində azadolmalar sətrinin müvafiq xanasında vergidən azad olunan halı qeyd etməklə bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Mənbə: vergiler.az

Xarici ölkəyə ezamiyyətə gedən işçiyə taksidən istifadəyə görə ödəniş edilirmi?