» » » Mənfəət vergisindən azadolmanın tətbiq olunduğu sahibkarlar

Mənfəət vergisindən azadolmanın tətbiq olunduğu sahibkarlar

posted in: Xəbər | 0

Mənfəət vergisi müəssisələrin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətə tətbiq olunan əsas vergilərdən biridir. Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Məcəlləyə əsasən, ümumi qaydada rezident müəssisələrin mənfəəti 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb edilir. Bəs kimlərə, hansı şərtlərlə bu verginin ödənilməsində güzəştlər tətbiq olunur?

Suala “Business Service Center” MMC şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Jalə Abbasova aydınlıq gətirir.

İqtisadiyyatın müəyyən sahələrinin inkişaf etdirilməsi, investisiyaların təşviq olunması, kiçik sahibkarlığın dəstəklənməsi və innovativ fəaliyyətlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində müxtəlif azadolma və güzəştlər nəzərdə tutulub.

2026-cı ildə mənfəət vergisinin hesablanması zamanı güzəştlərin düzgün tətbiqi xüsusilə mühüm əhəmiyyət daşıyır. Çünki güzəştdən istifadə etmək üçün yalnız müəssisənin müəyyən kateqoriyaya aid olması kifayət etmir. Bir çox hallarda işçi sayı, fəaliyyətin xarakteri, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi, investisiya sənədinin mövcudluğu və digər şərtlər də nəzərə alınmalıdır.

Biznes hesabi

Ümumi qaydaya əsasən, müəssisənin mənfəəti gəlirlərdən qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirin əldə olunmasına çəkilən xərclərin çıxılması yolu ilə müəyyən edilir. Tutaq ki, müəssisənin 2026-cı il ərzində gəlirləri 500.000 manat, gəlirdən çıxılan xərcləri isə 400.000 manat olub.

Bu halda mənfəət belə hesablanacaq:

500000 – 400000 = 100000 manat;

Mənfəət vergisi:

100000 x 20% = 20000 manat.

Lakin müəssisə qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququna malikdirsə, vergiyə cəlb olunan mənfəət və nəticə etibarilə ödəniləcək vergi məbləği azalır.

1. Mikro sahibkarlıq subyektlərinə tətbiq edilən 75 faizlik güzəşt

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyən edilmiş şərtlərə cavab verən mikro sahibkarlıq subyekti olan hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75 faizi güzəşt olunur.

Bu güzəştdən istifadə zamanı müəssisənin mikro sahibkarlıq subyekti statusuna malik olması ilə yanaşı, qanunvericilikdə müəyyən edilmiş digər şərtlərə də əməl edilməlidir. Yəni müvafiq il üzrə işçilərin orta aylıq sayı 3 nəfərdən az və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması kimi tələblər nəzərə alınmalıdır.

Misal 1: Tutaq ki, “AA” MMC 2026-cı ildə 80.000 manat mənfəət əldə edib. Müəssisə mikro sahibkarlıq subyekti olmaqla güzəştdən istifadə üçün müəyyən edilmiş şərtlərə cavab verir.

Mənfəətin 75 faizi:

80000 x 75% = 60000 manat.

Güzəşt tətbiq edildikdən sonra vergiyə cəlb olunan mənfəət:

80000 – 60000 = 20000 manat;

Mənfəət vergisi:

20000 x 20% = 4000 manat.

Əgər güzəşt tətbiq edilməsəydi, müəssisə 16.000 manat mənfəət vergisi ödəyəcəkdi. Beləliklə, güzəşt müəssisəyə 12.000 manat vergi qənaəti yaradır.

2. Kənd təsərrüfatı fəaliyyəti üzrə güzəştlər (Vergi Məcəlləsinin 106.1.14-cü maddəsi)

Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün Vergi Məcəlləsində xüsusi vergi güzəştləri nəzərdə tutulub. Burada əsas məsələ kənd təsərrüfatı məhsulunun istehsal edilməsi ilə həmin məhsulun alınıb yenidən satılması arasındakı fərqin düzgün müəyyən edilməsidir.

Məsələn, fermer təsərrüfatı tərəfindən yetişdirilən pomidorun satışı istehsal fəaliyyəti hesab edilə bilər. Lakin başqa fermerdən pomidor alaraq onu satan müəssisənin fəaliyyəti ticarət fəaliyyəti olduğundan kənd təsərrüfatı istehsalçısına verilən güzəştlər avtomatik olaraq həmin müəssisəyə tətbiq edilmir.

Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə, bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri – 2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət vergisindən azaddır.

Qeyd edək ki, son dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir. Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları bu Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur.

3. Sənaye və texnologiyalar parklarının rezidentlərinə güzəştlər (Vergi Məcəlləsinin 106.1.13-cü maddəsi)

İnvestisiya və innovasiya fəaliyyətinin stimullaşdırılması məqsədilə sənaye və texnologiyalar parklarının rezidentlərinə də mühüm vergi güzəştləri tətbiq olunur. Müəyyən edilmiş şərtlərə cavab verən rezidentlərin parkdakı fəaliyyətdən əldə etdikləri gəlirlər sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq – 10 il müddətinə mənfəət vergisindən azaddır. Bu güzəştlərin tətbiq müddəti və əhatə dairəsi rezidentin statusundan və həyata keçirdiyi fəaliyyətin xarakterindən asılıdır.

O cümlədən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət – 2025-ci il yanvarın 1-dən 6 il müddətinə mənfəət vergisindən azaddır.

Misal 2: Texnologiyalar parkının rezidenti olan şirkət proqram təminatının hazırlanması ilə məşğuldursa və həmin fəaliyyət üzrə 500.000 manat mənfəət əldə edirsə, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində həmin mənfəət üzrə mənfəət vergisi güzəştindən istifadə edə bilər. Burada mühüm prinsip ondan ibarətdir ki, müəssisənin bütün gəlirlərini avtomatik olaraq güzəştli hesab etmək olmaz. Güzəştin aid olduğu fəaliyyət və digər fəaliyyətlər üzrə gəlirlər ayrı-ayrılıqda müəyyən edilməlidir.

4. İnvestisiya təşviqi sənədi üzrə güzəştlər (Vergi Məcəlləsinin 106.1.17-ci maddəsi)

Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi və yeni istehsal sahələrinin yaradılması məqsədilə investisiya təşviqi mexanizmi tətbiq edilir. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi – 7 il müddətinə azaddır.

5. Media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) güzəştlər (Vergi Məcəlləsinin 106.1.32-ci maddəsi)

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlarla əlaqədar mənfəət vergisindən azad olma müddəti əlavə 3 il uzadılmaqla 2023-cü il yanvarın 1-dən 6 il müddətinə müəyyən edilib.

6. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (Vergi Məcəlləsinin 106.1.34-cü maddəsi)

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və tibb müəssisələri tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər azad edilib. Məcəllənin bu maddəsinə əsasən, daha öncədən ancaq tibb müəssisələri nəzərdə tutularkən 2026-cı ildə edilən dəyişiklikdə artıq ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər də bu güzəştdən istifadə edə bilir.

Diqqət edilməli bir məqam da müəssisənin həm investisiya layihəsi çərçivəsində istehsal fəaliyyəti, həm də ayrıca ticarət fəaliyyətinin olmasıdıe. Bu halda bütün mənfəətin güzəştli hesab edilməsi düzgün yanaşma deyil. Müvafiq fəaliyyətlər üzrə gəlir və xərclərin ayrılması tələb olunur.

Mənfəət vergisi üzrə güzəştlərin tətbiqi zamanı mühasiblər aşağıdakı məsələləri ardıcıllıqla yoxlamalıdır:

1. Müəssisənin hansı sahibkarlıq subyekti kateqoriyasına aid olduğunu müəyyən etmək;
2. Güzəşt üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtləri yoxlamaq;
3. Güzəştə düşən fəaliyyətləri digər fəaliyyətlərdən ayırmaq;
4. Güzəştli gəlirlər və onlarla bağlı xərclər üzrə düzgün uçot aparmaq;
5. İşçilərin orta aylıq sayını düzgün hesablamaq;
6. Vergilər və məcburi dövlət sosial sığorta üzrə borcların vəziyyətini yoxlamaq;
7. İnvestisiya təşviqi və ya rezidentlik sənədlərinin qüvvədə olma müddətini müəyyən etmək;
8. Güzəştin hansı hesabat dövrünə aid olduğunu dəqiq müəyyənləşdirmək.

Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində güzəştlərin və azadolmaların təsnifləşdirilməsi, onların büdcəyə təsirinin qiymətləndirilməsi və müxtəlif iqtisadi fəaliyyətlər üzrə vergi təşviqlərinin daha sistemli şəkildə tətbiqi istiqamətində yanaşmalar formalaşdırılıb.

Mənbə: vergiler.az

Sosial məzuniyyət qaydalarında əsas dəyişikliklər

error: Content is protected !!