» » » Maliyyədə avtomatlaşdırma və mühasibin dəyişən rolu

Maliyyədə avtomatlaşdırma və mühasibin dəyişən rolu

posted in: Xəbər | 0

Mövzunu “vergiler.az”a İstehlak mallarının ekspertizası Mərkəzinin departament müdiri, UNEC-in doktorantı Emin Kazımov şərh edir.

Mühasibatlıq və maliyyə uzun illər ərzində iqtisadi fəaliyyətin nəticələrini qeydə alan, hesabatlılığı təmin edən və qərarların əsaslandırılması üçün etibarlı informasiya yaradan sahələr kimi formalaşıb. Bu peşənin əsas missiyası dəyişməsə də, onun gündəlik iş üsulları sürətlə dəyişir. Rəqəmsallaşma, avtomatlaşdırma, bulud texnologiyaları və xüsusilə süni intellekt (Sİ) maliyyə məlumatlarının toplanması, emalı, təhlili və təqdim edilməsi imkanlarını genişləndirir. Belə bir şəraitdə mühüm sual yaranır: mühasibatlığın gələcəyi köklü transformasiyadan, mərhələli reformasiyadan, yoxsa nəzarətsiz dəyişikliklərin doğura biləcəyi deformasiyadan keçəcək?

Bu anlayışlar eyni məna daşımır. Transformasiya sistemin mahiyyətinə və fəaliyyət modelinə təsir edən dərin dəyişiklikdir. Reformasiya mövcud quruluşun məqsədyönlü, planlı və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur. Deformasiya isə dəyişiklik nəticəsində sistemin əsas prinsiplərinin pozulması, keyfiyyətinin zəifləməsi və etibarlılığının zədələnməsidir. Mühasibatlıq kimi hüquqi, iqtisadi və ictimai etimadla sıx bağlı olan sahədə bu fərqi düzgün anlamaq xüsusi əhəmiyyət daşıyır.

Mühasibatlıq yalnız rəqəmlərin qeydə alındığı texniki proses deyil. O, hüquqi öhdəliklərin, vergi münasibətlərinin, daxili nəzarətin, dövlət nəzarətinin və idarəetmə qərarlarının ayrılmaz hissəsidir. Maliyyə hesabatında yol verilən səhv yalnız texniki qüsur kimi qalmaya, yanlış idarəetmə qərarına, maliyyə itkisinə və hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də mövcud sistemin bir anda tamamilə dəyişdirilməsi hər zaman ən səmərəli seçim deyil. Bu səbəbdən reformasiyanı ilk addım olaraq qəbul etməyi məqsədəuyğun hesab edirik.

Biznes hesabi

Reformasiya dəyişiklikləri mərhələlərə bölməyə, yeni texnologiyaları əvvəlcə məhdud sahədə sınaqdan keçirməyə, nəticələri mövcud proseslərlə müqayisə etməyə və aşkar olunan nöqsanları vaxtında aradan qaldırmağa imkan verir. Məsələn, fikrimizcə, müəssisə yeni ERP sisteminə (Enterprise Resource Planning – Müəssisə Resurslarının Planlaşdırılması) keçərkən bütün maliyyə proseslərini eyni vaxtda dəyişmək əvəzinə, əvvəlcə anbar uçotunu, daha sonra ödənişləri, əməkhaqqını və hesabatlılığı yeni sistemə inteqrasiya edə bilər. Paralel yoxlama mexanizmi məlumatların itirilməsi və ya təhrif olunması riskini azaldır.

Bu yanaşma insan kapitalının qorunması baxımından da vacibdir. Avtomatlaşdırma ilkin sənədlərin işlənməsi, məlumatların daxil edilməsi və standart hesabatların hazırlanması kimi təkrarlanan tapşırıqları azalda bilər. Lakin bu, mühasibin bilik və təcrübəsinin dəyərini aradan qaldırmır. Əksinə, mərhələli islahat mütəxəssislərə yeni alətləri öyrənmək, data analitikası və informasiya sistemləri üzrə bacarıqlarını artırmaq, peşəkar mühakimə və məsləhətçilik funksiyalarına keçmək imkanı yaradır.

Süni intellekt artıq maliyyə sənədlərindən məlumat çıxarmaq, əməliyyatları təsnifləşdirmək, qeyri-adi dəyişiklikləri müəyyən etmək, ilkin təhlil aparmaq və hesabat layihələri hazırlamaq üçün istifadə oluna bilir. Bu imkanlar vaxt itkisini azaldır və mütəxəssisə daha mürəkkəb məsələlərə diqqət ayırmağa şərait yaradır. Audit sahəsində də analitik alətlər böyük həcmli əməliyyatlar içərisində riskli və qeyri-adi nümunələri seçə, auditorun diqqətini yoxlanılmalı sahələrə yönəldə bilər.

Bununla belə, süni intellekt qüsursuz qərarverici deyil. Nəticənin keyfiyyəti daxil edilən məlumatların düzgünlüyündən və modelin necə qurulmasından asılıdır. Yanlış və ya natamam məlumat yanlış nəticə yarada bilər; alqoritmlərdəki qərəz isə ədalətsiz və ya əsassız qiymətləndirmələrə gətirib çıxara bilər. Bəzi sistemlərin qərarvermə məntiqinin istifadəçi üçün aydın olmaması “qara qutu” problemi yaradır. Maliyyə hesabatının əsaslandırılması, uçot siyasətinin seçilməsi və audit nəticəsinin formalaşdırılması isə izah edilə bilən peşəkar mühakimə tələb edir.

Başqa sözlə, süni intellekt mühasibi tam əvəz edən müstəqil qərarverici kimi deyil, onun işini gücləndirən vasitə kimi tətbiq edilməlidir. Son yoxlama, mühüm mühakimə və qərarlara görə məsuliyyət müvafiq səlahiyyətə malik mütəxəssisdə qalmalıdır. Texnologiyanın faydası insan nəzarəti, məlumat təhlükəsizliyi, giriş səlahiyyətlərinin düzgün qurulması və nəticələrin müstəqil yoxlanılması ilə tamamlandıqda daha dayanıqlı olur.

Əslində doğru şəkildə tətbiq edilən avtomatlaşdırma mühasibin rolunu azaltmaqdan daha çox, onun məzmununu dəyişir. Ənənəvi modeldə iş vaxtının böyük hissəsi sənədlərin işlənməsinə, əməliyyatların uçota alınmasına və dövri hesabatların hazırlanmasına sərf olunurdu. Bu gün həmin işlərin bir qismi proqram təminatı və süni intellekt vasitəsilə daha sürətli yerinə yetirilə bilər. Nəticədə mühasibin diqqəti rəqəmlərin sadəcə toplanmasına deyil, həmin rəqəmlərin nəyi ifadə etdiyini, baş verən dəyişikliklərin səbəblərini və gələcəkdə hansı addımların atılmalı olduğunu müəyyənləşdirməyə yönələcək.

Bu dəyişikliklərin uğurlu olması üçün yalnız müəssisələrin texnologiya alması kifayət deyil. İlk növbədə, mühasibatlıq təhsili və peşə hazırlığı yenilənməlidir. Klassik uçot bilikləri vacibliyini saxlayır, lakin onlara data analitikası, ERP sistemləri, rəqəmsal hesabatlılıq, informasiya təhlükəsizliyi və süni intellekt alətlərindən düzgün istifadə bacarıqları əlavə olunmalıdır.

Mühasibatlığın fundamental və dəyişməz mahiyyəti maliyyə məlumatlarının düzgün, etibarlı və şəffaf təqdim edilməsidir. Dəyişən isə bu məqsədə çatmaq üçün istifadə olunan alətlər, proseslər və mütəxəssisin gündəlik işləridir. Bu baxımdan, yaxın perspektiv üçün ən rasional yol mövcud təcrübəni qoruyaraq onu mərhələli şəkildə yeniləyən reformasiyadır. Reformasiya riskləri ölçməyə, nəticələri yoxlamağa, insan kapitalını inkişaf etdirməyə və texnologiyanı hüquqi çərçivəyə uyğun tətbiq etməyə imkan verir.

Uzunmüddətli perspektivdə isə bu islahatlar mühasibatlıq və maliyyə fəaliyyətinin daha dərin transformasiyasına gətirib çıxara bilər. Yəni reformasiya son məqsəd deyil, məsuliyyətli transformasiyaya aparan idarəolunan keçid mərhələsidir. Əksinə, texnologiyanın məqsədsiz və nəzarətsiz tətbiqi məlumatların təhrifinə, səhv qərarlara və peşəyə olan etimadın zəifləməsinə – deformasiyaya səbəb ola bilər.

Maliyyə kimi həssas sahədə uğurun ölçüsü təkcə sürət və avtomatlaşdırma səviyyəsi deyil. Əsas meyar dəqiqlik, şəffaflıq, izaholunma və etibardır. Süni intellekt məhz bu dəyərlərin qorunmasına və gücləndirilməsinə xidmət etdiyi halda, həqiqi tərəqqi vasitəsinə çevrilə bilər.

error: Content is protected !!