Mövzu ilə bağlı maliyyə-mühasibat üzrə ekspert Xalid Cəfərov aydınlıq gətirir:
Vergi öhdəliklərinin yerinə yetirilməməsi halında müəssisələrə maliyyə sanksiyaları və cərimələr tətbiq oluna bilər. Lakin bu sanksiya və cərimələr müəssisələrin gəlirdən çıxılan xərclərinə aid edilmir. Vergi Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:
- Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi;
- bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoyi cərimələr istisna olmaqla).
Misal: “XX” MMC-yə Vergi Məcəlləsinin 58.4 maddəsinin (vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsi) tələbinin pozulmasına görə 35.000 manat cərimə tətbiq edilib. MMC bu cərimə məbləğini gəlirindən çıxa bilməz.
Mənbə: vergiler.az