Bu il sentyabrın 1-nə olan məlumata əsasən, ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2 faiz artıb. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı ən son statistik göstəricilər bunu deməyə əsas verir. Bu ilin avqustunda vaxtı keçmiş kreditlərin məbləği artaraq 530,9 milyon manat təşkil edib. Ötən ilin sonunda həmin rəqəm 449,1 milyon manat olub. Bu il avqustun sonuna isə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib.
Bu göstəriciləri analiz edən AMB izafi borclanmanın qarşısının alınmasını hədəfləyib. AMB-nin baş direktoru Şahin Mahmudzadə mediaya açıqlamasında bildirib ki, AMB borclanmaya qarşı deyil, sadəcə, bu proses sağlam formada aparılmalıdır – 5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir: “Borclanma gəlirə mütənasib olmalıdır. Həyata keçirdiyimiz tədbirlər daha çox izafi borclanmanın qarşısını almaq üçündür. Bununla bağlı daha sərt tədbirlər də görülə bilər”.
Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsinə dair qaydaların müəyyən ediləcəyini deyən Ş.Mahmudzadə bundan öncə AMB-nin kredit kartlarının verilməsi qaydalarının sərtləşdirilməsinə dair qərar verdiyini də diqqətə çatdırıb. Bildirib ki, artıq kredit ayrılarkən vətəndaşların “GROSS” gəlirləri deyil, “NETT” gəlirləri nəzərə alınacaq. Bu da izafi borclanmanın qarşısının alınması, məsuliyyətli borclanma davranışlarının formalaşdırılması məqsədi daşıyır. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatları qarşısında öhdəliklərini də nəzərə almaqla hesablanır. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını müəyyən etdikdə borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanınaraq minimallaşdırmasına imkan verəcək.
Azərbaycan Banklar Assosiasiyasının eksperti Elçin Məmmədov da hesab edir ki, son illərdə əhalinin kredit davranışında müsbət dəyişikliklər müşahidə olunur. Vətəndaşlar getdikcə daha çox maliyyə savadlılığına önəm verir, öhdəliklərini vaxtında yerinə yetirməyə çalışır və borclanarkən gəlir imkanlarını daha real qiymətləndirirlər. Bununla yanaşı, bir sıra şəxslər hələ də bankın ona lazımi miqdarda kredit ayırmamasından narazıdır. Ekspert bunun səbəblərini belə izah edib: “Bank kreditləri geri qaytarılması zəruri olan vəsaitlərdir. Buna görə də hər bir müraciət risk qiymətləndirilməsindən keçir. Kredit yalnız gəlir səviyyəsi, mövcud borc yükü, kredit tarixçəsi və rəsmi gəlir axını ödəmə qabiliyyətini təsdiqlədiyi halda verilir. Burada məqsəd vətəndaşı riskə atmamaq, onu borc yükü altına salmadan real imkanlarına uyğun maliyyə dəstəyi göstərməkdir”.
Bəs kredit əldə etmək üçün vətəndaşdan və ya sahibkardan nə tələb olunur? E.Məmmədov bildirib ki, əsas tələblər sabit gəlir mənbəyi (rəsmi əməkhaqqı və ya biznes gəliri), müsbət kredit tarixçəsi – yəni əvvəlki öhdəliklərinin vaxtında ödənilməsi, şəxsiyyət vəsiqəsi və digər sənədlərdir. Bəzi hallarda isə zaminlik və ya girov təminatı tələb olunur. Təcrübə göstərir ki, müsbət kredit tarixçəsi banklar üçün ən mühüm amildir. Ona görə də hər bir müraciət fərdi qaydada qiymətləndirilir. Əgər vətəndaşın gəlir mənbəyi mövcuddursa, lakin bəzi texniki sənədlər və ya formal tələblər tam uyğun deyilsə, bank tərəfindən əlavə araşdırma və güzəştli qərar verilə bilər. Ekspert vurğulayıb ki, bu güzəşt maliyyə sabitliyini risk altına almamalıdır. Güzəştlər tənzimləyicidən irəli gələn tələblər üzrə deyil, bankın daxili qaydalarına uyğun şərtlər üzrə edilə bilər.
E.Məmmədov az gəliri olan vətəndaşlara tövsiyələrini də açıqlayıb: “Yaxşı olar ki, onlar kiçik məbləğli, qısamüddətli və məqsədli kreditlərdən başlasınlar. Bu, həm onların kredit tarixçəsini formalaşdırır, həm də gələcəkdə daha böyük məbləğlərə çıxış imkanı yaradır. Eyni zamanda, davamlı gəlir mənbəyi yaratmaq, rəsmi gəlirləri artırmaq və maliyyə savadlılığını inkişaf etdirmək vacibdir. Banklar da bu istiqamətdə maarifləndirici layihələr həyata keçirir”.
Qeyd edək ki, daha çox istifadə olunan istehlak kreditlərinə münasibətdə qaydalar daha sərtdir. Kredit sorğusu verilərkən öncə vətəndaşın onu qaytarmaq imkanları araşdırılır – gəlirləri və öhdəlikləri hesablanır və ayrılan kreditin aylıq ödəniş məbləği buna adekvat olmalıdır. Tutaq ki, vətəndaş aylıq 1.000 manat əməkhaqqı alır və ailədə 2 nəfərdir. Bu halda onun aylıq gəlirindən öncə minimum yaşayış məbləği, sonra isə başqa öhdəlikləri varsa, onlar da çıxılır. Yalnız yerdə qalan məbləğ kreditə yönləndirilə bilər. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Ailədə 2 nəfər əmək qabiliyyətli şəxs varsa, 1.000 manatdan 610 manat onların aylıq yaşayışı üçün çıxılacaq. Bu halda vətəndaşın 390 manat vəsaiti kreditə yönləndirilə bilər. Həmin şəxsə aylıq ödənişi 450 manat olan kredit məbləği ayrıla bilməz. Əgər uşaq olarsa, əlavə olaraq 246 manat da ona görə çıxılır. Nəticədə götürəcəyi kreditin aylıq ödənişi 204 manatdan çox ola bilməz. Bütün bu nəticələr alınacaq kreditin məbləğinə, faiz dərəcəsinə və müddətinə təsir edir. Ona görə də rəsmilər və ekspertlər vətəndaşlara məhz məsuliyyətli borclanmanı tövsiyə edirlər. Ekspert E.Məmmədov da bütün hallarda məsuliyyətli borclanmanın həm vətəndaşlar, həm də banklar üçün daha əlverişli olduğunu vurğulayır: “Məsuliyyətli borclanma vətəndaş üçün sabit maliyyə vəziyyəti və stresssiz ödəniş planı, bank üçün isə aşağı risk və uzunmüddətli etibarlı müştəri bazası deməkdir. Bu prinsip bütövlükdə bank sektorunun sağlam inkişafını, iqtisadi sabitliyi və maliyyə dayanıqlığını təmin edir. Yəni məsuliyyətli borclanma cəmiyyət üçün həm fərdi, həm də sistem səviyyəsində faydalıdır”.
AMB-nin son məhdudlaşma qərarına toxunan E.Məmmədov bunun bəzi kredit növlərində azalmaya səbəb olduğunu bildirir və prosedurun alternativ xidmətlərlə əvəzlənməsini vacib sayır: “Azərbaycan Mərkəzi Bankının məhdudlaşdırıcı qərarları əsasən risklərin idarə olunması və həddən artıq borclanmanın qarşısının alınması məqsədini daşıyır. Qısamüddətli dövrdə bəzi kredit növlərində azalma müşahidə olunsa da, bu, uzunmüddətli sabitlik və dayanıqlı maliyyə sistemi üçün vacib addımdır. Banklar bu vəziyyəti alternativ məhsullar, rəqəmsal xidmətlər və maliyyə savadlılığı proqramları vasitəsilə kompensasiya edə bilər”.
Mənbə: vergiler.az

