» » » Əlilliyi olan işçilərin ixtisarı zamanı üstünlük necə tətbiq olunur?

Əlilliyi olan işçilərin ixtisarı zamanı üstünlük necə tətbiq olunur?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Әmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinin 6-cı abzasının ləğv edilməsi ilə bağlı sahibkarlarda və insan resursları üzrə mütəxəssislərdə müəyyən suallar yaradıb. Həmin abzasda qeyd edilirdi ki, işəgötürən ixtisar zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verməlidir.

Eyni zamanda Әmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsində qeyd edilir ki, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, habelə “Әlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçilərlə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə yol verilmir.

“Әlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində isə qeyd edilir ki, işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş fərdi reabilitasiya proqramını nəzərə almaqla, işlə təmin edilməsi üçün iş yerləri ayırmağa və ya yeni iş yerləri yaratmağa borcludurlar.

Biznes hesabi

Әmək Məcəlləsinin 79-cu maddəsinin tələblərindən belə nəticə çıxır ki, işəgötürən heç bir halda həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlilliyi olan işçiləri ixtisar edə bilməz. Məhz bu səbəbdən Әmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə işdə saxlanma üstünlüyünün verilməsini nəzərdə tutan bənd hüquqi boşluq kimi qiymətləndirilib.

Nəticə etibarilə, artıq Әmək Məcəlləsinin 79-cu maddəsi ilə birbaşa qorunan işçilər üçün ixtisar zamanı əlavə üstünlük mexanizminə ehtiyac olmadığı nəzərə alınaraq, Әmək Məcəlləsinin 78-ci maddəsində qeyd edilən həmin bəndin ləğv edilməsinə qərar verilib.

Әmək Məcəlləsinin 79-cu maddəsi işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam zamanı qorunan işçilərin əhatə dairəsini müəyyən edir. Dəyişikliyə qədər Әmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsində qeyd edilirdi ki, bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş müddəalar Әmək Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulan xitam hallarına şamil edilmir. Maddədə 73-cü maddəyə istinad edilməsi müəyyən sualların yaranmasına səbəb olurdu. Belə ki, Әmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi hallarına, 73-cü maddə isə müddətli əmək müqaviləsinə xitam verilməsi hallarına şamil edilir. Maddədə məhz 73-cü maddəyə istinad olunması bəzi həmkarlarımızda belə bir fikir formalaşdırıb ki, işçi məzuniyyətdə və ya ezamiyyətdə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsinə qanunvericilik icazə vermir.

Halbuki, Әmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində açıq şəkildə qeyd edilir ki, işçinin üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallar daxil olmaqla) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda və bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada işçi əvvəlcədən xəbərdar edildikdə, işəgötürən işçi işə çıxdığı gün əmək müqaviləsinə xitam verə bilər. Məhz bu səbəbdən, Әmək Məcəlləsinə edilən son dəyişikliklərdə 79-cu maddənin 2-ci hissəsindən “73-cü maddə”yə istinad çıxarılıb.

Bundan əlavə, Әmək Məcəlləsinin 79-cu maddəsində edilən dəyişikliklərə əsasən, maddənin birinci hissəsində nəzərdə tutulmuş qoruyucu müddəaların Әmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam hallarına şamil edilməsi açıq şəkildə müəyyən edilib.

Misal 1: Dövlət büdcəsindən maliyyələşdirilən müəssisədə çalışan işçinin yaşı 65-dir. Həmin işçinin öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81– 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü mövcuddur. Belə işçi Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən qorunan işçi hesab edilir. Bu halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi (dövlət büdcəsindən maliyyələşdirilən müəssisədə çalışmanın yaş həddinə çatması) həmin işçiyə şamil edilmir.

Nəticə etibarilə, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçinin əmək müqaviləsinə Әmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam verilməsi qanunvericiliyin pozulması hesab edilməyəcək.

Mənbə: vergiler.az

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi auditor seçib