» » » İşğaldan azad edilmiş ərazilərdə çalışan hansı işçilərə 600 manat müavinət ödəniləcək?

İşğaldan azad edilmiş ərazilərdə çalışan hansı işçilərə 600 manat müavinət ödəniləcək?

posted in: Xəbər | 0

Sosial müavinət“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 28 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Sosial müavinətlər haqqında” Qanuna yeni müavinət növü – Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət əlavə edilib. Həmin müavinətin məbləği, kimlərə veriləcəyi ilə bağlı suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli, 973 saylı Prezident Fərmanına edilmiş dəyişiklik nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat məbləğində birdəfəlik müavinət müəyyən edilib. Bununla yanaşı, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəsis” anlayışi əlavə edilib. Məcəllənin 3-cü, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” bölməsinə əlavə edilən yeni anlayışa əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis dedikdə peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla) başa düşülür.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərində çalışan işçilərə fərqli yanaşma tətbiq edilir. Qanunun tələbinə əsasən, həmin mütəxəssis üç şərtə cavab verməlidir:

  • peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədinə malik olmalıdır. Yəni işçi yalnız orta məktəbi bitiribsə, o zaman işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis sayılmayacaq;
  • işçinin əmək stajı nəzərə alınır. Onun son 60 ay ərzində (son 5 ildə) fasiləli və ya fasiləsiz ən azı 24 ay əmək stajı olmalıdır;
  • işçi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs olmalıdır.

Müharibə iştirakçılarının əmək məzuniyyətləri necə tənzimlənir?


Əmək Məcəlləsinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislə bağlı tələblərlə yanaşı, onun işinin xüsusiyyətlərindən bəhs edən maddə də əlavə edilib.

Məcəllənin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri” maddəsinin 21-1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

  • mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Maddə 21-1.1.1.);
  • mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (Maddə 21-1.1.2.);
  • mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (Maddə 21-1.1.3.).

Əmək Məcələsinin 21-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 21-1.1.1 və 21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.

Göründüyü kimi, işəgötürən həm özü Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olmalıdır, həm də işçinin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşməlidir.

Misal: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olan işəgötürən həmin ərazidə istehsal fəaliyyəti ilə məşğul olur. İstehsal üzrə mütəxəssis Laçın şəhərində məskunlaşıb, mühasib vəzifəsində çalışan işçi isə əmək funksiyasını Gəncə şəhərində yaşamaqla həyata keçirir. Bu zaman istehsal üzrə mütəxəssisə birdəfəlik 600 manat müavinət ödəniləcək. Digər işçiyə – mühasibə isə müavinət ödənilməyəcək. Cünki müavinətin məqsədi ilkin maddi-məişət şəraitinin dəstəklənməsidir. Təbii ki, birdəfəlik müavinət alması üçün istehsal üzrə mütəxəssis Əmək Məcəlləsinin 3-cü maddəsindəki tələblərə də cavab verməlidir.

Mənbə: vergiler.az


Gəlir anlayışı və onun növləri