» » » İctimai iaşə fəaliyyəti üzrə vergi dərəcələri dəyişib – hesablanma qaydası

İctimai iaşə fəaliyyəti üzrə vergi dərəcələri dəyişib – hesablanma qaydası

posted in: Xəbər | 0

2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri ictimai iaşə sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri üçün həm vergi dərəcələrinin tətbiqi, həm də nağdsız ödənişlərin stimullaşdırılması baxımından mühüm yeniliklərdir. Xüsusilə ictimai iaşə fəaliyyəti üzrə nağdsız dövriyyəyə tətbiq olunan 6 faizlik sadələşdirilmiş vergi dərəcəsi sektorda xüsusi əhəmiyyət kəsb edir.

Mövzunu baş mühasib, təlimçi Elvin Məmmədov şərh edir 

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.

Vergi Məcəlləsinin 220.1-1-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi həmin Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına (NKA) vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Biznes hesabi

Qeyd edilən maddələrdən də aydın olduğu kimi, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 200.000 manatlıq limitdən asılı olmayaraq, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyətlərini davam etdirə bilərlər. Sözügedən fəaliyyətlə məşğul olan şəxslərin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda, dövriyyənin tərkibindən asılı olaraq, dövriyyələrinə diferensial vergi dərəcələri tətbiq edilir: nağd və nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilməyən POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər 8 faiz, nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər isə 6 faiz dərəcəsi ilə sadələşdirilmiş vergiyə cəlb edilir.

Misal 1

İctimai iaşə fəaliyyəti ilə məşğul olan “AA” MMC-nin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200.000 manatı keçib və müəssisə Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edib. Müəssisənin 2026-cı ilin 1-ci rübü üzrə cəmi hasilatı 240.000 manat təşkil edib. Dövriyyənin (cəmi hasilatın) tərkibi aşağıdakı kimi olub:

– Nağd ödənişlər: 100.000 manat.

– NKA-ya vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə ödənişlər: 140.000 manat.

Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi nağd ödənişlərdə vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə, NKA-ya vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə ödənişlərdə isə 6 faiz dərəcə ilə hesablanacaq. Buna əsasən, hesablama aşağıdakı şəkildə olacaq:

– Nağd ödənişlərə görə hesablanmış sadələşdirilmiş vergi məbləği:

100.000 x 8% = 8.000 manat.

– Nağdsız (POS-terminal) ödənişlərə görə hesablanmış sadələşdirilmiş vergi məbləği:

140.000 x 6% = 8.400 manat.

Müəssisənin 2026-cı ilin 1-ci rübü üçün cəmi ödəyəcəyi sadələşdirilmiş vergi məbləği 16.400 manat təşkil edəcək:

8.000 + 8.400 = 16.400 manat.

Nümunədən də göründüyü kimi, müəssisə 6 faizlik sadələşdirilmiş vergi dərəcəsini tətbiq edə bilir. Ona görə ki, nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılıb.

Misal 2

İctimai iaşə fəaliyyəti ilə məşğul olan “BB” MMC-nin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200.000 manatı keçib və müəssisə Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edib. Müəssisənin 2026-cı ilin 1-ci rübü üzrə cəmi hasilatı 150.000 manat təşkil edib. Dövriyyənin (cəmi hasilatın) tərkibi aşağıdakı kimi olub:

– Nağd ödənişlər: 70.000 manat.

– NKA-ya vahid əməliyyat sistemində inteqrasiya edilməyən POS-terminal vasitəsilə ödənişlər: 80.000 manat.

Nağdsız ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilməyən POS-terminal vasitəsilə aparıldığı üçün müəssisə nağdsız ödənişlərə Vergi Məcəlləsinin 220.1-1-ci maddəsində nəzərdə tutulan 6 faizlik sadələşdirilmiş vergi dərəcəsini tətbiq edə bilməyəcək. Cəmi hasilata isə 8 faiz sadələşdirilmiş vergi dərəcəsi tətbiq olunacaq. Beləliklə, müəssisənin 2026-cı ilin 1-ci rübü üçün cəmi ödəyəcəyi sadələşdirilmiş vergi məbləği 12.000 manat (150.000 x 8%) təşkil edəcək.

Mənbə: vergiler.az

“Vergi və hesabatlılıq” İşçi qrupunun növbədənkənar iclası keçiriləcək

error: Content is protected !!