» » » Hərbi xidmətə çağırılan işçinin iş yeri saxlanılırmı?

Hərbi xidmətə çağırılan işçinin iş yeri saxlanılırmı?

posted in: Xəbər | 0

Həm işəgötürənləri, həm də çağırış yaşında olan işçiləri ən çox düşündürən məsələlərdən biri də hərb xidmətə çağırış zamanı işçinin əmək hüquqlarının qorunmasıdır. Bununla bağlı Əmək Məcəlləsində və digər qanunvericilik aktlarında kifayət qədər aydın müddəalar verilsə də təcrübədə bəzən yanlışlara yol verildiyinin şahidi oluruq. Bəs reallıq nədir? İşçi hərbi xidmətə çağırılan zaman onun əmək müqaviləsi və hüquqları necə tənzimlənir?

Suallara iqtisadçı ekspert Emin Səttarov aydınlıq gətirir.

İşçi müddətli həqiqi hərbi xidmətə çağırılan zaman onun əmək müqaviləsi dayandırılmır. Bu zaman onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə xitam verilir. Bu, tərəflərin iradəsindən asılı olmayan hallardır. Yəni bu, nə ixtisar, nə də işəgötürənin təşəbbüsü ilə azad etmə sayılır. Əsas sənəd çağırış vərəqəsidir, əmrdə də məhz həmin bəndə istinad olunmalıdır.

Son haqq-hesab ödənilməsi

Qanunvericiliyə əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə işlənmiş günlərin əməkhaqqı, istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi və Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Bu müavinət könüllü jest deyil, qanuni öhdəlikdir və son iş günü hesablaşma aparılmalıdır.

Biznes hesabi

Ən vacib məqam: İş yeri və vəzifə saxlanılır.

Müqaviləyə xitam verilməsinə baxmayaraq, işçinin hərbi xidmətdə olduğu müddət ərzində onun əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Yəni, ştat vahidi “bağlanmır”. Burada yalnız iki istisna var: müəssisənin qanunvericiliyə uyğun ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması. Bu iki hal olmayıbsa, işəgötürən “vəzifə artıq yoxdur” deyə bilməz.

60 təqvim günü qaydası

Hərbi xidmətdən buraxılan şəxs ən geci 60 təqvim günü ərzində həmin müəssisəyə müraciət edərsə, əvvəlki və ya ona bərabər vəzifəyə qayıtmaq hüququna malikdir. Burada iki şərt var: şəxs çağırışadək məhz həmin işəgötürəndə çalışmış olmalıdır və müddət buraxılış tarixindən hesablanır. Müddət ötürülərsə, bu təminat itir və məsələ artıq ümumi qaydada, adi işə qəbul kimi həll olunur.

Bəs onun yerinə götürülən işçiyə nə olacaq?

İşəgötürən boş qalan vəzifəyə başqa işçi götürə bilər. Lakin əsl sahib qayıdıb bərpa olunduqda, yeni işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “ə” bəndi ilə xitam verilə bilər. Məhz buna görə belə hallarda müddətli əmək müqaviləsi bağlamaq və səbəbini müqavilədə açıq yazmaq ən düzgün yanaşmadır. Əks halda gələcəkdə mübahisə qaçılmazdır.

İşəgötürənlərə praktik tövsiyələr:

  • Çağırış sənədinin surətini şəxsi işdə saxlayın.
  • Əmri düzgün maddə və bəndlə rəsmiləşdirin, elektron informasiya sistemində də eyni əsası göstərin.
  • Ştat cədvəlində həmin vahidi qoruyun və onun statusunu qeyd edin.
  • Qayıdan işçinin müraciətini yazılı qeydiyyatdan keçirin.

İşçilərə praktik tövsiyə:

Hərbi xidmətdən buraxıldıqdan sonra 60 günü gözləməyin. Ərizənizi yazılı şəkildə təqdim edin, qeydiyyat nömrəsi və ya təsdiq alın. Şifahi razılaşma sonradan heç bir mübahisədə sizə kömək etmir.

Qısası, hərbi xidmət işçinin əmək karyerasına son qoymur. Qanun onun iş yerini qoruyur, işəgötürənə isə bu qorumanı gözləmək öhdəliyi qoyur. Sənədləşmə düzgün aparılanda hər iki tərəf qazanır.

Mənbə: vergiler.az

VÖEN almaq üçün hansı sənədlər tələb olunur?