» » » Fəaliyyəti olmayan vergi ödəyiciləri maliyyə sanksiyasından azad edilib

Fəaliyyəti olmayan vergi ödəyiciləri maliyyə sanksiyasından azad edilib

posted in: Xəbər | 0
birbank biznes

Fəaliyyəti olmayan vergi ödəyiciləriVergi Məcəlləsində sahibkarların işini yüngülləşdirən dəyişikliklərdən biri də fəaliyyəti olmayan vergi ödəyicilərinə boş hesabatı təqdim etmədiyinə görə tətbiq olunan maliyyə sanksiyasının ləğvidir. Bu yeniliyin mahiyyətini İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev şərh edib.

Azərbaycanda fəaliyyət göstərən müəssisələr, fiziki və hüquqi şəxslər iki yerə bölünür. Birinci qrup real dövriyyəsi, fəaliyyəti olan şirkətlərdir. Bunların həm əmlakı, həm də işçiləri, gəlirləri, ümumi təsərrüfat əməliyyatları vardır. Digər qrupa isə fəaliyyəti olmayan və ya qısamüddətli fəaliyyət göstərib sonradan işini dayandıran sahibkarlıq subyektləri daxildir.

Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Bu müddəa fəaliyyəti olmayan müəssisələrə, VÖEN-i olub fəaliyyətini donduran sahibkarlıq subyektlərinə, eyni zamanda MMC-lərə aid ola bilər. Fəaliyyəti olmayan həmin müəssisələr öz fəaliyyətlərinin olmaması ilə bağlı vergi orqanına arayış təqdim etməlidirlər.

Vergi Məcəlləsinin 2022-ci ilin sonanadək qüvvədə olmuş 57.1-ci maddəsinə əsasən, Məcəllənin 16.2-ci maddəsində göstərilən şəxslər hesabatı, yəni cari arayışı və boş hesabatı vaxtında təqdim etmədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilirdi.

Vergi Məcəlləsində həmin maddənin yeni redaksiyası 2023-cü il yanvarın 1-dən qüvvəyə minib. Məcəllənin hazırda qüvvədə olan 57.1-ci maddəsinə əsasən, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Başqa sözlə, fəaliyyəti olmayan müəssisələrin, eyni zamanda fiziki və hüquqi şəxslərin boş hesabat vermə öhdəliyi yerində qalır. Ancaq bu öhdəliyi yerinə yetirməsələr, onlara 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmir.

Bu, əslində, çox aktual bir məsələ idi. Xüsusilə fəaliyyətini müfəqqəti donduran fiziki və hüquqi şəxslər bu sanksiyalardan əziyyət çəkirdilər. Tutaq ki, fiziki şəxs 5 il müddətinə fəaliyyətini dondurub. Həmin müddət bitdikdən sonra onun fəaliyyəti yenidən bərpa olunur. Lakin əksər hallarda sahibkar buna diqqət etmirdi. Hesabatı təqdim etmədiyinə görə sistem avtomatik olaraq ona 40 manat maliyyə sanksiyasının tətbiq edilməsinə qərar verirdi. Artıq bu müddəanın ləğv edilməsi ilə heç bir fəaliyyəti olmayan vergi ödəyicisi hesabat verməyi unutduqda, yeni bərpa edilmiş fəaliyyətinə görə heç bir dövriyyəsi, heç bir əmlakı yoxdursa, 40 manat maliyyə sanksiyasından azad ediliblər.

Ancaq bu o demək deyil ki, vergi ödəyicisi hesabat verməkdən tamamilə azad edilir. Qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 16.2-ci maddəsinə görə, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda arayış təqdim etməlidir. Bu, vergi ödəyicisinin vəzifəsidir.

Mənbə: vergiler.az