» » » Ezamiyyə haqqının hesablanması

Ezamiyyə haqqının hesablanması

posted in: Xəbər | 0
birbank biznes

ezamiyyət haqqıİşçinin ezamiyyətdə olduğu müddət üçün ona ezamiyyət haqqının ödənilməsi ilə bağlı müəyyən suallar yaranır? Bu suallara əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır. Əmək Məcəllləsinin 179-cu maddəsinə əsasən, bir sıra hallarda işçinin iş yeri və orta əməkhaqqının saxlandığı hallar müəyyənləşdirilib. Həmin maddədə göstırilir ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Bu hallardan biri də yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezam olunmaqdır. Maddədən də göründüyü kimi, ezamiyyət zamanı işçinin iş yeri və orta əməkhaqqı məbləği saxlanmalı və ona orta əməkhaqqı ödənilməlidir.

Misal 1: Yeni satış məntəqələrinin açılması səbəbilə bazar araşdırması etmək üçün “A” müəssisəsində çalışan işçi 2021-ci ilin fevral ayında müəssisə rəhbərliyi tərəfindən 4 gün müddətinə Bakı şəhərindən Gəncə şəhərinə ezam olunub. Ezamiyyət zamanı orta əməkhaqqının hesablanması və ezamiyyət haqqının müəyyən olunması məsələsinə baxaq:

Əmək Məcəlləsinin 177-ci maddəsinə görə, orta əməkhaqqı hesablanarkən ödənişdən əvvəlki 2 ayın qazancı əsas götürülür. İşçinin işlədiyi iş günləri və aldığı əməkhaqqı məbləği aşağıdakı kimi olub:

dekabr -22 iş günü, aylıq əməkhaqqı 1.200 manat;
yanvar – 18 iş günü, aylıq əməkhaqqı 1.300 manat;
fevral – 20 iş günü, aylıq əməkhaqqı 1.200 manat.

Bir günə düşən orta əməkhaqqını tapmaq üçün ödənişdən əvvəlki iki ayın qazancını, ödənişdən əvvəlki iki aydakı iş günlərinin sayına bölməliyik. Yəni bir günə düşən orta əməkhaqqı:

(1.200 + 1.300 ) : (22 + 18) = 62,5 manat;

Fevralda ezamiyyətdə olduğu günlərə görə əməkhaqqı:

4 x 62,5 = 250 manat;

Fevral ayındakı qalan günlərə görə əməkhaqqı:

1.200 : 20 (iş günü) = 60 manat (bir iş gününə düşən əməkhaqqı)
16 (iş günü) x 60 = 960 manat;
fevral ayı üzrə cəmi əməkhaqqı:
250 + 960 = 1.210 manat;
işçinin 4 günlük ezamiyyət haqqı:
4 x 70 = 280 manat.


Faiz gəlirlərindən vergi tutulurmu?


Misal 2: Tutaq ki, işçi əsas və əvəzçiliklə iş yeri olmaqla “A” və “B” müəssisəsində çalışır. İşçi “A” müəssisəsindən ezam olunursa, bu halda ezamiyyə necə tənzimlənməlidir?

Əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əməkhaqqı onu ezam edən təşkilatda saxlanılır. Yəni əgər işçi “A” müəssisəsindən ezam olunmuşdursa, bu halda həmin müəssisədə orta əməkhaqqı saxlanacaqdır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta əməkhaqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə müvafiq razılığa əsasən ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.

Misal 3: Müəssisə 5 günlük iş qrafiki ilə fəaliyyət göstərir. Şənbə və bazar günləri müəssisədə istirahət günləridir. İşçinin ezam olunduğu müəssisədə isə iş saatları fərqlidir. Bu halda işçi ezam olunduğu müəssisənin yoxsa, çalışdığı müəssisənin iş saatlarına uyğun işləməlidir?

Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.

Misal 4: İşçinin çalışdığı “A” müəssisəsi beşgünlük iş qrafiki ilə fəaliyyət göstərir. Müəssisənin istirahət günləri şənbə və bazar günləridir. Ezam olunan müəssisədə isə istirahət günləri həftənin cümə axşamı və cümə günləridir. İşçi çərşənbə axşamı günü ezam olunub. Bu halda işçiyə ezam olunduğu müəssisənin iş və istirahət günləri rejimi tətbiq olunacağı üçün cümə axşamı və cümə günləri onun istirahət günləri olacaqdır.

İşçi ezamiyyətdə olduğu müddətdə əmək qabiliyyətini müvəqqəti itirərsə, bu halda ona müavinət və ezamiyyə haqqı hesablanmalıdırmı? Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və i.a.) baş verdikdə də müavinət işçinin iş yerində təyin olunur və 189 nömrəli Əsasnamə ilə müəyyən olunmuş qaydada verilir.
Ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir. Ezam olunmuş işçinin əmək qabiliyyətinin müvəqqəti itirməsi, həmçinin səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması, səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir.

Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.

Göründüyü kimi, ezamiyyə zamanı işçinin əmək qabiliyyətini itirməsi adi qaydada işçinin iş yerində əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında təyin edilir və bu günlər ezamiyyə günlərinə daxil edilmir. Amma işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı səhiyyə xidmətli tərəfindən təsdiq edilərsə, altı aydan artıq olmamaq şərtilə daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.

Bəs ezamiyyə xərcləri hansı büdcə hesabına qarşılanmalıdır?

Qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. Digər təşkilatlarda təsdiq olunmuş normalar daxilində ezamiyyət xərcləri məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilir və həmin təşkilatlar ezamiyyə xərclərinin normalarını öz sərəncamlarında qalan mənfəət hesabına artıra bilərlər. Yəni ezamiyyə normalarından artıq verilmiş ezamiyyə haqqları xərcə daxil edilmir və müəssisələrin bölüşdürülməmiş mənfəəti hesabına qarşılayırlar.
Ezamiyyə zamanı işçi özündən asılı olmayan səbəblərdən yolda nəzərdə tutulandan əlavə bir neçə gün vaxt itirmişdirsə, bu günlər ezamiyyə haqqı hesablanmalıdırmı?

Müvafiq sənədlərdə təsdiq edilmiş yolda məvburi dayanma vaxtı üçün xərclər müəyyən edilmiş normalara əsasən ödənilir. Qərara əsasən, işçinin yolda itirdiyi məcburi dayanma vaxtı üçün ezamiyyə haqqı ödənilməsi nəzərdə tutulsa da bu məsələnin işçinin özündən asılı olan və ya məcburi dayanma olması halının sənədlərlə təsdiq edilməsi əksər hallarda çətinlik törədir.

Fərz edək ki, işçi İtaliyaya ezam edilmişdir. Uçuş zamanı təyyarədə baş vermiş nasazlıq ucbatından təyyarə məcburi eniş etmiş və bu səbəbdən işçi bir gün məcburi dayanma etmişdir. Baş vermiş problemin təsdiqi üçün işçi tərəfindən sənəd təqdim edilmişdir. Bu halda ezamiyyə xərclərinin normalarına uyğun olaraq İtaliyaya ezamiyyə xərclərinin 1 günlük normasına uyğun olaraq əlavə 185 avro ödəniləcəkdir.


Hüquqi şəxs fiziki şəxsə hansı şərtlərlə ödəniş edə bilər?


Misal 5: Fərz edək ki, işçi İtaliyaya ezam edilib, ezamiyyət müddəti bitdikdən sonra bir gün Romanın gəzməli-görməli yerlərini görməkdən ötrü İtaliyada qalıb. Bu halda gecikmə işçinin ucbatından baş verdiyinə görə həmin gün üçün ona ezamiyyət haqqı ödənilməyəcək.

Ezamiyyə xərcləri hansı xərclərdən ibarətdir və xərclər necə bölüşdürülür?

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Gündəlik xərc – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir.

Misal 6: İşçi 30 noyabr 2021-ci il səhər saatlarından 1 dekabr axşam saatlarına qədər ezamiyyətdə olubsa, ona verilən ezamiyyə haqqında bir günlük mehmanxana xərci nəzərə alınacaq. İşçinin yolda olduğu müddətə görə gündəlik ezamiyyə xərcləri nəzərə alınsa da, mehmanxana xərci nəzərə alınmayacaq.

İşçinin ezam olunduğu yer daimi yaşayış yerinə yaxın olarsa, bu halda ona ezamiyyə haqqı hesablanmalıdırmı?

İşçi ezamiyyətdə olduğu üçün ona ezamiyyə haqqı hesablanmalıdır, amma özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir, mehmanxana xərci isə ödənilmir.

İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.

Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün ezam olunan işçilər yaşayış yeri ilə təmin edilibsə, onlara ezamiyyə haqqı hansı qaydada hesablanmalıdır?

Həmin işçilər yaşayış yeri ilə təmin olunmadığı halda ezamiyyə xərcləri ümumi qaydada hesablanır. Yaşayış yeri ilə təmin olunduqda isə nəqliyyat xərcləri təsdiqedici sənədlər əsasında, gündəlik yemək xərci isə ezamiyyə müddətində hər təqvim günü üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün ödənilən vəsaitin həcminə uyğun olaraq müəyyən edilir. Yəni hər gün üçün 15 manat vəsait verilir.

Quraşdırma, sazlama və tikinti işlərində ezamiyyət xərcləri aşağıdakı hallarda verilmir:

– quraşdırma, sazlama və tikinti işlərinin aparıldığı yerlərdə işə qəbil olunan işçilərə;
– məzuniyyətdə olduğu vaxt, həmçinin üzürsüz səbəbdən işə çıxmadığı günlər üçün;
– quraşdırma, sazlama və tikinti işləri aparılan yerdən kənarda, dövlət, yaxud ictimai vəzifələri icra etdiyi vaxt üçün.

Ezam olunan işçi müəssisə tərəfindən xidməti avtomobil ilə təmin edildiyi halda ezamiyyə haqqı necə hesablanmalıdır?

Büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

Ölkə xaricinə ezamiyyə zamanı hesablama və sənədləşdmə necə aparılmalıdır?

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarına əsasən müəyyən edilir. Ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir. Təşkilatlar xarici ezamiyyə xərclərini, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər.

İşçi xarici ezamiyyə zamanı həmin gün ölkəyə qayıtdığı halda ezamiyyə haqqı necə hesablanır?

İşçi ezamiyyətə getdiyi və həmin gün Azərbaycan Respublikasına qayıtdığı halda ona nəzərdə tutulmuş ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir. İşçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir. Üzürsüz səbəbdən yolda yubandığı vaxt üçün işçiyə heç bir xərc ödənilmir.

Ezamiyyə zamanı bəzi hallarda ezamiyyə ilə bağlı xərcləri qarşı tərəf, yəni dəvət edən tərəf öz üzərinə götürür. Bu halda ezam olunan işçiyə ezamiyyə haqqı ödənilirmi?

Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində, işçini yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödədiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilir.
Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin günlük normasının 60 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.


Kənd təsərrüfatı ilə bağlı vergi güzəştləri


Misal 7: Fərz edək ki, işçi 10 günlük ezam olunmuşdur. Bu 10 günlük müddətin 2 günü (şənbə və bazar) istirahət günlərinə düşür. Bu halda ezamiyyət haqqı hesablanarkən 8 günə, yoxsa 10 günə əsasən əsasən hesablanmalıdır?

İstirahət günləri işçinin daimi yaşayış yerindən kənarda keçəcəyi üçün ezamiyyət günlərinin hamısına qaydalarda nəzərdə tutulmuş normada gündəlik ezamiyyət haqqı hesablanıb ödənilməlidir. 2 günün istirahət günü olmasına baxmayaraq, həmin günlər işçi daimi yaşayış yerindən kənarda olduğu üçün həmin günlər də onun xərci çıxır və bu xərclər təşkilat hesabına qarşlanmalıdır.

Bundan əlavə, təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilir. Bu qayda yalnız ezamiyyətə getdiyi və qayıtdığı günün istirahət günlərinə düşməsi zamanı keçərlidir. Digər haldan fərqli olaraq bu halda, ona ezamiyyət haqqilə bərabər əmək haqqı ikiqat həcmdə verilməli və yaxud ona əlavə isirahət günü verilməlidir.

Ezamiyyətlər, onların gündəlik hansı xərclərdən ibarət olması və sair mövzulara aydınlıq gətirdik. İndi isə ezamiyyətlərin rəsmiləşdirilməsi məsələsinə nəzər yetirək. Qeyd etmişdik ki, ezamiyyətlər xidməti tapşırıqların yerinə yetirilməsi üçün müəssisənin işçilərinin öz əmək funksiyalarını başqa yerdə həyata keçirməsi prosesidir. Qaydalara əsasən, ezamiyyət müəssisə rəhbərinin əmri ilə rəsmiləşdirilməlidir. Yəni ezamiyyə zamanı işçi ərizə ilə müraciət etmir, müəssisə qərar verir ki, ezamiyyətə kimin göndərilməsi daha uyğundur. Əgər işçi müəyyən üzrlü səbəblərdən ezamiyyətə gedə bilmirsə, bu barədə direktora müraciət edə bilər və direktor da bu müraciəti nəzərə ala bilər.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı.

Mənbə: vergiler.az