Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 136-cı maddəsində işçilərin əsas və əlavə məzuniyyətlərinin müddətlərinin cəmlənərək hesablanması qaydasından bəhs edilir. Qanunvericiliyin bu tələbini “AZLIFT PRO” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Ramin Hacıyev şərh edir:
Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Təcrübədə bir çox hallarda işçinin həm əmək stajına görə, həm də əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olduğu təqdirdə, həmin məzuniyyətlərdən yalnız biri (ən çox olanı) əsas məzuniyyətə birləşdirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə edilən daha çox müddətli bir əlavə məzuniyyət işçinin əsas məzuniyyətinə birləşdirilir.
Yuxarıda qeyd olunanları misallarla izah edək:
Misal 1: Qaynaqçı vəzifəsində çalışan şəxsin 21 təqvim günü əsas, 4 təqvim günü əmək stajına, 6 və 12 təqvim günü isə əmək şəraitinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə olan əlavə məzuniyyəti (4 gün) və əmək şəraitinə görə daha çox olan bir əlavə məzuniyyəti (12 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, işçinin bir iş ilinə görə 37 təqvim günü əmək məzuniyyəti hüququ vardır:
21 + 12 + 4 = 37 gün.
Misal 2: Mühəndis vəzifəsində çalışan işçinin 30 təqvim günü əsas məzuniyyət, 4 təqvim günü əmək stajına görə, 6 təqvim günü isə əmək şəraitinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə olan əlavə məzuniyyəti (4 gün) və əmək şəraitinə görə əlavə məzuniyyəti (6 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, işçinin bir iş ilinə görə 40 təqvim günü əmək məzuniyyəti hüququ vardır:
30 + 4 + 6 = 40 gün.
Misal 3: Vergi orqanlarında çalışan vəzifəli şəxsin 30 təqvim günü əsas, 6 təqvim günü əmək stajına, 10 təqvim günü isə vergi orqanlarında xidmət illərinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə əlavə məzuniyyətlərindən ən çox olanı (10 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, onun bir iş ilinə görə 40 təqvim günü əmək məzuniyyəti hüququ vardır:
30 + 10 = 40 gün.
Onu da deyək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüququnun pozulması vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olur.