» » » Hansı dövlət rüsumlarını ödəməkdən azad oluna bilərsiniz?

Hansı dövlət rüsumlarını ödəməkdən azad oluna bilərsiniz?

posted in: Xəbər | 0
birbank biznes

dövlət rüsumu

Məlum olduğu kimi, dövlət tərəfindən bir sıra xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyətin icrası ilə əlaqədar dəstək tədbirləri sırasında dövlət rüsumlarından azadedilmə var. Bəs vətəndaşlar hansı rüsumların ödənilməsindən azad oluna bilər? Hüquqşünas Şəhriyar Həbilov müvafiq rüsum ödənilməsindən xüsusi azadolunma hallarını açıqlayıb.

Mütəxəssisin bildirdiyinə görə, aşağıdakı hallarda vətəndaşların dövlət rüsumlarından azadolması nəzərdə tutulur:

  • İnvestisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorlar müvafiq qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.
  • Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə də azadolmalar mövcuddur. Belə ki, iddiaçılar əməyin ödənişi, aliment alınması, müəlliflik, əlillik, istehlakçı hüquqlarının müdafiəsi hallarında ödənişdən azaddır.
  • Notarial hərəkətlərin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar nəzərdə tutulur. Bu azadolmalarla bağlı konkret dairə müvafiq qanunda da ətraflı göstərilib.
  • Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması ilə bağlı rüsumlar qismində doğuma, ölümə, atalığın müəyyən edilməsi halları üzrə ilkin şəhadətnamə almaq üçün rüsumdan azadolmaları göstərmək olar.
  • Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi verilərkən, habelə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar qaçqın, məcburi köçkün, 16 yaşına çatmamış vətəndaşlığı olmayanlara şamil edilir.
  • Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün də xüsusi azadolmalar tətbiq edilir.
  • Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar qismində reyestrdə dəyişikliyə görə rüsumların tutulmamasını qeyd etmək olar.
  • Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə azadolmalar mövcuddur. Misal üçün, bölgələrdəki fəaliyyətin təşkilinə görə rüsumun məbləği Bakı şəhərində tutulan məbləğdən aşağı həcmdə müəyyən edilə bilir.
  • Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə bəzi hallarda azadolmalar nəzərdə tutulur. Bunlardan kolxoz, sovxoz torpağını mülkiyyətə keçirməyə görə azadolmaları göstərmək mümkündür.
  • Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə azadolmalar mövcuddur. Belə ki, açıq məkanda sosial reklamın yerləşdirilməsi 1 il üçün rüsumdan azaddır. Həmçinin bölgələrdə reklamın tarifləri Bakı şəhərinə nisbətdə aşağı həcmdə müəyyən edilir.
  • Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin qanunda göstərilən müddətdən gec verilməsi zamanı rüsum tutulmur.

Mənbə: vergiler.az

error: Content is protected !!