» » » Dövlət büdcəsinin 2026-cı il üzrə gözlənilən icra göstəriciləri açıqlanıb

Dövlət büdcəsinin 2026-cı il üzrə gözlənilən icra göstəriciləri açıqlanıb

posted in: Xəbər | 0

2026-cı ilin sonuna Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756 milyon manat və yaxud 2 % çoxdur. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

Sənədə əsasən, büdcə gəlirlərinin 43,4 %-i və yaxud 17 milyard 85 milyon manatı neft-qaz sektorunun, 56,6 %-i və yaxud 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və yaxud 4 %, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat və yaxud 0,5 % artıq icra gözlənilir.

Büdcənin gözlənilən gəlirlərinin 17 milyard 760 milyon manatı və yaxud 45,1 %-i vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762 milyon manatı və yaxud 17,2 %-i gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 835 milyon manatı və yaxud 32,6 %-i Dövlət Neft Fondundan transfertin, 1 milyard 21,0 milyon manatı və yaxud 2,6 %-i büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987 milyon manatı və yaxud 2,5 %-i sair gəlirlərin payına düşür. Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 17 milyard 760 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850 milyon manat və yaxud 5 % çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 250 milyon manatı və yaxud 23,9 %-i neft-qaz sektorunun, 13 milyard 510 milyon manatı və yaxud 76,1 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək.

Neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 41,2 %-ni və yaxud 1 milyard 750 milyon manatını Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 11,8 %-ni və yaxud 500 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 %-ni və ya 2 milyard manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

Biznes hesabi

2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1 000 kub metrinin orta satış qiyməti 35 ABŞ dolları artırılaraq 296 ABŞ dolları müəyyən edilib. Qiymət artımı ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400 milyon manat və yaxud 25 % artacağı gözlənilir. 2026-cı ilin dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 13 milyard 510 milyon gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 200 milyon manat və yaxud 1,5 % çoxdur.

2026-cı ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21,0 milyon manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcək. Dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaq sahələrinin icarəyə verilməsindən daxilolmaların 46 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6 milyon manat və yaxud 15 % çoxdur. Sair daxilolmaların isə 941 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcəyi gözlənilir. ARDNF-dən transfert (12 milyard 835 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir.

2026-cı il dövlət büdcəsinin xərcləri 40 milyard 862,6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 % azdır. Ümumilikdə 2026-cı il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,5 %-i qədər və yaxud 24 milyard 713,1milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 488,5 milyon manat və yaxud 1,9 % az), əsaslı xərclərə ümumi xərclərin 33,5 %-i qədər və yaxud 13 milyard 691,8 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 352,6 milyon manat və yaxud 2,5 % az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 6 %-i qədər və yaxud 2 milyard 457,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək. 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2 milyard 457,6 milyon manat, o cümlədən xarici dövlət borcu üzrə 1 milyard 400 milyon manat, daxili dövlət borcu üzrə isə 1 milyard 057,6 milyon manat vəsait nəzərdə tutulub.

Mənbə: report.az

İcbari tibbi sığorta haqları üzrə ödəniş rekvizitləri yenilənib