Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.
Qanunvericiliyin bu tələbini təlimçi ekspert Aqil Ağayev şərh edir.
Təcrübədə gecə vaxtı və çoxnövbəli iş rejiminə bəzən düzgün yanaşılmır. Öncə bilməliyik ki, gecə vaxtı yerinə yetirilən işin müddəti Məcəllədə göstərildiyi kimi, saat 22:00-06:00 aralığındadır. Bəs çoxnövbəli iş rejimi və gecə vaxtının fərqi nədir?
Çoxnövbəli iş rejimi dedikdə, mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.
1. Çoxnövbəli iş rejimində (gecə və axşam növbəsi):
- Gecə növbəsində əməkhaqqının 40 faizi həddində əlavə haqq müəyyən edilir;
- Axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq müəyyən edilir.
İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22:00-dan səhər saat 06:00 -dək ) düşən iş növbəsi isə gecə növbəsi hesab edilir.
Gecə növbəsinin hesablanmasının praktiki izahı:
Misal 1
Müəssisənin əməkdaşı 5 günlük iş rejimində aylıq 160 saat çalışıb. İşə başlama və işi bitirmə saatları 20:00-dan 04:00-a kimi (1 saat nahar fasiləsi) müəyyən olunub. İşçinin aylıq əməkhaqqı məbləği 1000 manatdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun işə cəlb edilən əməkdaş tam ayı işləyib. Bu halda onun alacağı aylıq əməkhaqqının məbləğini hesablayaq:
(1000 : 160) x 160 =1000 manat (aylıq əməkhaqqına görə hesablama);
1000 x 40% = 400 manat (gecə növbəsinə görə hesablama);
1000 + 400 = 1400 manat (cəmi hesablanmış əməkhaqqı).
Göründüyü kimi, iş saatları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun olaraq 22:00-06:00 aralığında deyil, 20:00-04:00 aralığındadır. Diqqət edilməli məqam isə odur ki, əməkdaşın ilk iki saatı gecə vaxtına düşmür, lakin hesablamaya daxil edilib. Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə” 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarına əsasən, “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi barədə İZAHAT” təsdiq edilib. Həmin sənədə görə, iş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22:00-dan səhər saat 06:00-a qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir.
İş növbəsinin başlanma və bitmə saatlarından asılı olmayaraq, gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir. Çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanır.
Axşam növbəsinin hesablanmasının misal üzərindən izahı:
Misal 2
Müəssisənin əməkdaşı 5 günlük iş rejimində aylıq 160 saat çalışıb. İşə başlama və işi bitirmə saatları 12:00-dan 20:00-dək (1 saat nahar fasiləsi) müəyyən olunub. İşçinin aylıq əməkhaqqı 1000 manatdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun işə cəlb edilən əməkdaş tam ayı işləyib. Bu halda onun alacağı aylıq əməkhaqqının məbləğini hesablayaq:
(1000 : 160) x 160 = 1000 manat (aylıq əməkhaqqıya görə hesablama);
1000 x 20% = 200 manat (axşam növbəsinə görə hesablama);
1000 + 200 = 1200 manat (cəmi hesablanmış əməkhaqqı).
Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həcmində əlavə haqq müəyyən edilir.
Gecə vaxtının praktiki izahı:
Misal 3
Müəssisənin əməkdaşının işə başlama və işi bitirmə saatları 15:00-dan 23:00-a kimi (1 saat nahar fasiləsi) müəyyən edilib. 5 günlük iş rejimində aylıq iş norması 160 saat olub. Aylıq əməkhaqqı isə 1000 manatdır. Onun 1 iş günü üçün ödəniləcək əməkhaqqının məbləğini hesablayaq:
Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır.
1000 : 160 = 6.25 manat (1 saat üçün əməkhaqqı);
6.25 x 8 = 50 manat (bir iş günü üçün əməkhaqqı)
6.25 x 1 x 20% = 1.25 manat (gecə vaxtına düşən əməkhaqqı)
50 + 1.25 = 51.25 manat (hesablanmış bir iş günü üçün əməkhaqqı).
Diqqət edilməli məqam odur ki, “Gecə vaxtı”, “Gecə növbəsi” və “Axşam növbəsi”nin hesablama qaydası fərqlidir.
Mənbə: vergiler.az