Mikro və kiçik biznesdə QR ödənişlərin istifadəsi genişlənəcək

posted in: Xəbər | 0

AZ-QR sistemi sahibkarlar üçün bir sıra mühüm üstünlüklər təqdim edir. Bu mexanizm kart əsaslı ödənişlərlə müqayisədə daha aşağı əməliyyat xərcləri ilə fərqlənir. Bu barədə “vergiler.az”ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Əlavə olunub ki, ödənişlərin Ani Ödənişlər Sistemi üzərindən həyata keçirilməsi vəsaitlərin anında sahibkarın hesabına daxil olmasını təmin edir, eyni zamanda nağd pul dövriyyəsinin azalmasına və əlavə inzibati xərclərin minimuma endirilməsinə şərait yaradır.

QR ödənişlərin nağdsız dövriyyəyə təsirlərinə gəlincə, AMB-dən bildirilib ki, xüsusilə, mikro və kiçik biznes seqmentində QR ödənişlərin payının əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir: “Beynəlxalq təcrübə və ilkin yerli müşahidələr göstərir ki, QR ödənişlərin geniş tətbiqi nağdsız ödənişlərin ümumi dövriyyədə payının artmasına, kiçik məbləğli gündəlik ödənişlərin mərhələli şəkildə rəqəmsallaşmasına və nağd puldan istifadə səviyyəsinin azalmasına səbəb olur. Mövcud proqnozlara əsasən, AZ-QR istifadəsinin genişləndirilməsi ilə orta müddətdə nağdsız ödəniş dövriyyəsində artım tempinin yüksələcəyi, xüsusilə, mikro və kiçik biznes segmentində QR ödənişlərin payının əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir” – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, hazırda AZ-QR standartının tətbiqi üzrə işlər aktiv genişlənmə mərhələsindədir. AMB-nin koordinasiyası ilə AZ-QR ölkə üzrə hesab əsaslı, vahid QR ödəniş mexanizmi kimi formalaşdırılıb və Ani Ödənişlər Sistemi üzərindən istifadəyə verilib. Hazırkı mərhələdə əsas diqqət ödəniş xidmətləri təchizatçıları tərəfindən texniki inteqrasiyaların yekunlaşdırılmasına, dinamik və statik QR ödəniş ssenarilərinin tətbiq sahəsinin genişləndirilməsinə, ticarət və xidmət sektorunda qəbul şəbəkəsinin ardıcıl şəkildə böyüdülməsinə, eləcə də normativ-hüquqi çərçivənin və tarif mexanizmlərinin optimallaşdırılmasına yönəldilib.

AMB-dən bildirilib ki, artıq ölkənin aparıcı banklarının bir qismi AZ-QR ekosisteminə inteqrasiya olunub və müştərilərinə QR ödənişləri üzrə funksionallıq təqdim etməyə başlayıblar. Bir sıra banklar AZ-QR standartı üzrə texniki inteqrasiyanı tamamlayıb. Onlar Ani Ödənişlər Sistemi üzərindən QR ödənişlərinin həyata keçirilməsini təmin edirlər. Digər banklarla da inteqrasiya prosesləri və təqdim olunan funksionallığın genişləndirilməsi mərhələli şəkildə davam etdirilir.

Mənbə: vergiler.az

“Azəristiliktəchizat” auditor seçir

Ödənişli məzuniyyət: kişilər üçün hesablanma qaydası

posted in: Uncategorized | 0

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də kişi cinsindən olan işçilərin övladının dünyaya gəlməsi ilə bağlı ödənişli məzuniyyət hüququnun təmin edilməsidir. Əmək Məcəlləsinin 125-ci maddəsinə (“Hamiləliyə və doğuşa görə məzuniyyətlər”) əlavə edilməsi təklif olunan bəndə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə, ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.

Yeniliyi şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, Beynəlxalq Əmək Təşkilatının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli tövsiyəsinə görə, hər iki valideyn – həm ana, həm də ata doğuşdan dərhal sonra müəyyən müddət ərzində uşağa qulluq etmək üçün məzuniyyətə çıxmaq imkanına malik olmalıdır. Təklif edilən və şərti olaraq “atalıq məzuniyyəti” adlandırılan bu dəyişikliyin də həmin tövsiyəyə uyğun hazırlandığını demək olar: “Təklif edilən “atalıq məzuniyyəti” ilə bağlı bir neçə əsas məqama diqqət yetirək. Birinci məqam ondan ibarətdir ki, işçi bu ödənişli məzuniyyətdən istifadə etmək üçün uşağının doğulması ilə əlaqədar tibb müəssisəsi tərəfindən verilmiş arayışı işəgötürənə təqdim etməlidir. İkinci məqam isə 14 günlük ödənişli məzuniyyətin istifadə dövrü ilə bağlıdır. Təklifə əsasən, bu məzuniyyət doğuşdan əvvəl və ya doğuşdan sonrakı dövrdə tam şəkildə istifadə edilə bilər”.

A.Bayramov dəyişiklikdə diqqətçəkən məqamlardan birinin kişi işçilər üçün nəzərdə tutulan 14 günlük ödənişli məzuniyyətin hesablanması qaydası ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 177-ci maddəsinin (“Orta əməkhaqqı və onun hesablanması qaydası”) 5-ci bəndinə təklif edilən dəyişikliklə “atalıq məzuniyyəti” dövründə əməkhaqqının da məhz həmin maddəyə uyğun hesablanması nəzərdə tutulur. Bu zaman illik əmək məzuniyyətində olduğu kimi, son 12 ay üzrə gəlirlər əsas götürülməyəcək: “Belə ki, işçi “atalıq məzuniyyəti”ndən istifadə etdikdə, 14 təqvim gününə təsadüf edən iş günlərinə görə əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun həyata keçiriləcək. Məsələn, əgər məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı 10 gün təşkil edərsə, bu halda işəgötürən işçinin son iki ay üzrə bir iş gününə düşən orta əməkhaqqını müəyyən edərək, həmin məbləği 10 iş gününə vurmaqla “atalıq məzuniyyəti” üçün ödəniləcək məbləği hesablayacaq”.

Mənbə: vergiler.az

İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər

“Azəristiliktəchizat” auditor seçir

posted in: Xəbər | 0

“Azəristiliktəchizat” ASC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 31 manatdır.

İddiaçılar təkliflərini yanvarın 19-na qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 19-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

“Azəristiliktəchizat” ölkə Prezidentinin “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

Mənbə: report.az

Uşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı?

İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər

posted in: Xəbər | 0

Gələn ildən işçilər ərizə yazmadan da məzuniyyətə göndərilə bilər. Bu məqam Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Gözlənilən yeniliyi “vergiler.az”a şərh edən iqtisadçı ekspert Anar Bayramov layihədə Məcəlləyə əmək məzuniyyətləri ilə bağlı mühüm dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, işçinin ərizəsi alınmadan məzuniyyətə göndərilməsi üçün bəzi şərtlər tələb olunacaq: “Əmək Məcəlləsinin 138-ci maddəsinin (“Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması”) I hissəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Maddənin mövcud tələblərinə görə, işçinin əmək məzuniyyətinə göndərilməsi üçün onun məzuniyyət hüququndan istifadə etməklə mütləq qaydada ərizə təqdim etməsi tələb olunur. Təklif edilən dəyişikliklə işçinin ərizəsi olmadan əmək məzuniyyətinə göndərilməsi halının da Əmək Məcəlləsinə daxil edilməsi nəzərdə tutulur. Belə ki, 138-ci maddəyə əlavə edilməsi təklif olunan 2-1-ci hissəyə əsasən, işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edildikdən sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə, habelə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtlərinə və qaydasına riayət etmədən əmək məzuniyyətindən (tam və ya qismən) istifadə üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə, işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilə bilər”.

İqtisadçı əlavə edib ki, işəgötürənin Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-1-ci hissəsindən istifadə edə bilməsi üçün aşağıdakı şərtlərin eyni vaxtda mövcud olması təklif edilir:

  • İşəgötürən tərəfindən əmək məzuniyyətinin növbəlilik cədvəlinin tərtib edilməsi;
  • İşçinin əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı əsasların mövcud olmaması;
  • İşçiyə əmək məzuniyyətinin növbəlilik cədvəli barədə işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığın edilməsi;
  • İşçinin həmin xəbərdarlıqdan sonra əmək məzuniyyətindən istifadə ilə bağlı ərizə ilə müraciət etməməsi.

“Qeyd edilən dörd şərt mövcud olduqda, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik işəgötürənə işçinin ərizəsi olmadan, əmr (sərəncam, qərar) əsasında müvafiq iş ili üzrə əmək məzuniyyətinə göndərmək hüququ verir”, – A.Bayramov bildirib.

Mənbə: banker.az

Uşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı?

1 68 69 70 71 72 73 74 2. 382